Nizami rayonunda 26 iyun Narkotiklərlə Mübarizə Günü münasibətilə tədbir keçirilib.

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının təşkilatçılığı ilə 07 iyun 2018-ci il tarixində 109 saylı tam orta məktəbdə 26 iyun Narkotiklərlə Mübarizə Günüilə əlaqədar “Narkomaniyaya qarşı hamılıqla mübarizə aparmalıyıq!” adlı tədbir keçirilib. Tədbirdə qonaqlar, məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov açaraq bildirib ki, bu günkü tədbirimiz Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubuna əsasən 26 iyun BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar təşkil edilib. Bununla bağlı məlumat vermək üçün söz Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundova verilib.

Ə.Axundov çıxışında bildirib ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il konvensiyasına qoşulubdur.

 Tədbirdə həmçinin Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edib, narkomanlığın cəmiyyətə vurduğu yaralardan söhbət açıb, yeniyetmə-gənclərə sağlam həyat tərzinin alternativsiz həyat tərzi olduğunu çatdırıb və xüsusilə də onlara asudə vaxtlarının səmərəli keçirmələri üçün dəyərli tövsiyyələrini verib. M.Əliyev həmçinin qeyd edib ki, bütün bəlaların başında zərərli vərdişlər və onlara aludəçilik durur, odur ki, sağlam həyat tərzi hər bir gəncin, məktəblinin devizinə çevrilməlidir.

109 saylı tam orta məktəbin direktoru Füzuli Xudiyev sonda tədbirin təşkilatçılarına minnətdarlığını bildirib və xüsui olaraq vurğulayıb ki, yeniyetmə-gənclərimizi zərərli vərdişlərdən uzaqlaşdırmaq istiqamətində maarifləndirici tədbirlərin böyük əhəmiyyəti vardır.

Tədbirin sonunda şagirdlərin sualları cavablandırılıb.




Baxılıb: 2751