Narkotiksiz gələcək naminə

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniya dünyanı narahat edən ən təhlükəli problemlərdən biri olaraq qalır. Bu problemlərlə mübarizədə yeganə yol sağlam həyat tərzinin təbliğ olunması və maarifləndirmənin gücləndirilməsidir.

Bununla əlaqədar Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyanın (AHİK) və ona üzv təşkilatlar  məqsədyönlü proqramlar həyata keçirirlər. AHİK “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı”ndan   (2013-2018-ci illər) irəli  gələn vəzifələrin gerçəkləşməsi ilə bağlı həmkarlar ittifaqlarının tədbirlər planı” (24.10.2013 - cü il tarixli, № 2 b. 4) qərarına əsasən  üzv və tabeliyində olan təşkilatlar tərəfindən görülən işləri təhlil edir.  

Bu işlər ilk növbədə həmkarlar ittifaqı üzvü olan, o cümlədən işləyən və təhsil alan gənclər arasında “Narkotiksiz gələcək naminə” devizi ilə həyata keçirilib. Yerlərdə, ilk növbədə əmək fəaliyyətinə yeni başlayan gənclərin mənafelərinin üstün tutulması, onların hüquqlarının və sağlamlığının qorunması, cəmiyyətdə fəal iştiraka hazır olan  şəxslər kimi formalaşmaları, işləyərək təhsil alan tələbə gənclər üçün lazımi şəraitin yaradılması, eləcə də hərbi xidmətdəki gənclərə qayğı göstərilməsi nəzarətdə saxlanılır. Bir sıra sahə orqanları əməkçilərin, o cümlədən gənclərin, yeniyetmə  və uşaqların asudə vaxtlarının təşkilində mühüm rol oynayan, öz xidmət əhatələrindəki istirahət və mədəni-maarif müəssisələrinin işinin canlandırılmasına, bədən tərbiyəsi və idmana marağın artmasına, sosial infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülməsinə xüsusi diqqət yetirilib.

AHİK və ona üzv olan həmkarlar ittifaqı orqanlarının təşkilatçılığı ilə  2017-ci il ərzində 70 - ə yaxın maarifləndirmə tədbiri (seminar, “dəyirmi masa”, treyninq və s.) keçirilmişdir. 

Eyni zamanda gənclərin məşğulluğu və işədüzəlməsi sahəsində tendensiyalar öyrənilmiş, gənc əməkçilərin iş şəraitinin tədqiqi və təhlili aparılmış, gənclər təşkilatlarının yaradılmasına köməklik göstərilmiş, normativ-hüquqi, o cümlədən gənclərin həmkarlar İttifaqlarına daxilolma motivasiyasının izahatı olan materiallar işlənib hazırlanmışdır.

Gənclərin hərbi - vətənpərvərlik tərbiyəsində səmərəli ənənələr yaranmışdır.  Belə ki, C. Naxçıvanski adına hərbi liseyin kursantlarına xüsusi diqqət yetirilir. Dərs proqramı və hərbi-hazırlıqda fərqlənmiş əlaçılara təqaüdlər, pul mükafatları verilmişdir.  Kursantların asudə vaxtlarının səmərəli təşkili məqsədi ilə müntəzəm olaraq mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr, idman yarışları keçirilmişdir. Bədii qiraət və rəsm üzrə keçirilən “Azərbaycan əsgəri” və “Vətənə xidmət edirik” müsabiqələrində, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş idman yarışlarında 54 nəfər qalib kursant  AHİK-in diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

Ayrı-ayrı sahələrdə fəaliyyət göstərən əməkdə, təhsildə, ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş 44  nəfər gənc “İlin peşəkar gənci” fəxri adına layiq görülmüşdür. “Gənc həmkarlar ittifaqı lideri məktəbi layihəsində fəal iştirak etmiş 13 nəfər gənc AHİK-in diplomları ilə təltif olunmuşlar.

Azərbaycan Həmkarlar İttifaqları tərəfindən narkomanlığa qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat hər il müvafiq Dövlət Komissiyasına təqdim edilir, antinarkotik təbliğatın gücləndirilməsində həmkarlar ittifaqlarının rolunu əks etdirən məqalələr “Ülfət”,  “İki sahil” və s. qəzetlərdə cap olunur.

Zəhmətkeşlərin mədəni-məişət problemləri üzrə analitik tədqiqat  şöbəsi




Baxılıb: 1213