Narkomanlıqla mübarizə hər birimizin vətəndaşlıq borcudur.

Ümummilli lider Heydər Əliyevin imzaladığı “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 1996-cı il 26 avqust tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Proqramın təsdiq edilməsi barədə” 15 iyul 2000-ci il tarixli 371 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanları, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”, qanunlar, fərmanlar, sərəncamlar və digər normativ-hüquqi aktlar Azərbaycan Respublikasında narkomanlığa qarşı mübarizənin əsas strateji xəttini müəyyənləşdirmişdir.

Yasamal Rayon Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı rəhbər tutaraq aidiyyəti dövlət və hüquq-mühafizə orqanları, ictimaiyyət, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri ilə əməkdaşlıq şəraitində Dövlət Proqramından irəli gələn tədbirlərin həyata keçirilməsi istiqamətində bir sıra işlər görülmüşdür. Dövlət Proqramından irəli gələn zəruri vəzifələrin yerinə yetirilməsini daim nəzarətdə saxlayan rayon komissiyası rayonun ali, orta ixtisas, tam orta ümumtəhsil müəssisələrində, mədəniyyət mərkəzlərində yeniyetmə və gənclər arasında hüquq pozuntusu və narkomaniyaya qarşı mübarizə işinin gücləndirilməsi, sağlam həyat tərzi ruhunda tərbiyə olunmaları məqsədilə aidiyyəti təşkilatlarla birgə antinarkotik təbliğat, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının insan orqanizminə zərərli təsirləri, narkomanlığın profilaktikası mövzusunda bir sıra silsilə tədbirlər həyata keçirmişdir.

Gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlığın fəsadları haqqında gənclərdə düzgün təsəvvürün formalaşması, eyni zamanda ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemlərin həllinə cəlb olunması məqsədilə rayonun idarə, müəssisə və təşkilatlarında konfranslar, rəsm, inşa yazı müsabiqələri, “dəyirmi masa”lar, seminarlar, idman yarışları və turnirləri keçirilmişdir. 2018-ci il iyunun 13-də Yasamal Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu və Yasamal Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Birləşmiş Millətlər Təşkilatının Narkotiklərlə Mübarizə Gününə həsr olunan tədbir keçirilmişdir.

Tədbir Yasamal Rayon İcra Hakimiyyətinin inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül-çiçək dəstələrinin qoyularaq əziz xatirəsinin yad olunması ilə başlamış, sonra Yasamal rayon İcra Hakimiyyətinin akt zalının foyesində təşkil olunmuş sərgidə tədbirə dəvət olunan qonaqlar narkotiklərlə mübarizəyə dair qanunvericilik, elmi, metodiki, nəzəri-praktiki vəsaitlər, təbliğat-təşviqat materialları, bədii ədəbiyyat nümunələri və orta məktəb şagirdlərinin narkotiklər, onların törətdikləri fəsadlar mövzularında rəsm işləri ilə tanış olmuşlar. “Ölümünü sifariş edənlər” adlı qısametrajlı filmin nümayişindən sonra Narkotiklərlə Mübarizə Gününə həsr olunan tədbiri açıq elan edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qonaqların və iştirakçıların nəzərinə çatdırmışdır ki, Birləşmiş Millətlər Təşkilatının 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlətlər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdirmək və bu sahədə yeni mübarizə üsullarını tətbiq etmək istiqamətində səylərini artırırlar və Yasamal Rayon İcra Hakimiyyətində keçirilən tədbir də məhz narkotiklərlə mübarizə ilə əlaqədar tədbirlərin tərkib hissəsidir. Tədbirdə məruzə ilə çıxış edilərkən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri tərəfindən tədbir iştirakçılarına dünyada və ölkəmizdə narkomaniya və narkobizneslə mübarizə tədbirləri, narkotiklərlə mübarizə nəticəsində əldə olunmuş nailiyyətlər və statistik göstəricilər, ulu öndər Heydər Əliyevin ölkəmizin tarixində ilk dəfə olaraq əsasını qoyduğu narkomaniya və narkobizneslə mübarizə tədbirlərinin əsasları və prinsipləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrası və Dövlət Proqramının müddəalarından irəli gələn vəzifələrin Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən icrası, Dövlət Proqramının qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri, o cümlədən Dövlət Proqramı ilə idarə, müəssisə və təşkilatların, xüsusilə ali, orta ixtisas və orta təhsil müəssisələrinin üzərinə qoyulmuş vəzifələr barədə geniş məlumat verilmişdir. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi qrupu rəhbərinin müavini Vasif Quliyev, Yasamal Rayon Məhkəməsinin sədri Araz Hüseynov, Yasamal Rayon Polis İdarəsinin rəisi İsfəndiyar Mehbalıyev və Bakı Şəhər Narkoloji Dispanserinin baş həkimi Elçin Əliyev narkotiklərlə mübarizənin spesifik xüsusiyyətləri haqqında maarifləndirici çıxışlar etmişlər.

Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin, Yasamal rayonundakı idarə, müəssisə və təşkilatların rəhbərləri, rayon ictimaiyyətinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər. Tədbirin fotomateriallarının Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupuna elektron formada təqdim olunması təmin edilmişdir. Yasamal rayonunun idarə, müəssisə və təşkilatlarında 26 iyun - Narkotiklərlə Mübarizə Gününə həsr olunan tədbirlər haqqında məlumatların və foto materialların Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupuna elektron formada təqdim olunması təmin edilmişdir.

Rayonda yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli və düzgün təşkil edilməsi, sağlam həyat tərzinin təbliği məqsədilə rayonun abadlaşdırılmış 16 nümunəvi məhəllələrində mini futbol meydançaları, sadə idman və əyləncə qurğuları quraşdırılmış, mövcud olanlar isə bərpa edilərək sakinlərin istifadəsinə verilmişdir.

Rayonun müalicə-profilaktika müəssisələri, şəhər Narkoloji Dispanserin Yasamal rayon üzrə bölməsinin əməkdaşları fəaliyyətlərini əsasən narkomaniyanın profilaktikasına və müalicə işinə yönəltmişlər. Narkoloji dispanserin, müalicə-profilaktika müəssisələrinin həkimləri, rayon Polis idarəsi, rayon Gənclər və İdman İdarəsi, rayon Ağsaqqallar, Agbirçəklər, Əmək və Müharibə, Silahlı Qüvvələr, Hüquq Mühafizə Orqanları Veteranları şuraları ilə birgə rayonun təhsil müəssisələrində, mədəniyyət mərkəzlərində, idarə, müəssisə və təşkilatlarda narkomaniyaya qarşı mübarizə ilə əlaqədar maarifləndirmə işi aparmışlar.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın daxili işlər orqanlarında icrası üzrə Daxili İşlər nazirinin 7 avqust 2013-cü il tarixli Ə614-001-13 nömrəli əmri və Daxili İşlər Nazirliyinin 27 avqust 2013-cü il tarixli Tədbirlər Planı Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən icrası ciddi nəzarətdə saxlanılmaqla qarşıda duran vəzifələrin məqsədyönlü və davamlı surətdə yerinə yetirilmişdir. Daxili İşlər Nazirliyinin və Azərbaycan Respublikası Baş Prokurorluğunun “Yetkinlik yaşına çatmayanlar və gənclər arasında narkomanlığın qarşısının alınması üzrə profilaktik tədbirlərin gücləndirilməsinə dair 5 noyabr 2008-ci il tarixli G76/10/53 nömrəli birgə Göstərişinin Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən icrası təmin edilmişdir. Narkotik vasitələrin, psixotrop maddələrin müvafiq profilaktiki və kompleks əməliyyat tədbirləri həyata keçirilmiş, bu növ cinayətlərdə şübhəli olan şəxslər barəsində müvafiq qeydiyyat işləri aparılmışdır. Onların cinayət əməllərinin ifşa olunaraq, istintaq orqanlarına təhvil verilməsi təmin olunmuşdur.

Yasamal Rayon Müsadirə Edilmiş Narkotik Vasitələri, Psixotrop Maddələri və Onların Prekursorlarını Məhvetmə Komissiyası tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxslərə dair daxil olmuş icra vərəqələrinin icrası ilə bağlı müəyyən işlər görülmüşdür.

Yasamal Rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində əməli və praktiki tədbirlərin ardıcıl və məqsədyönlü icrası bundan sonra da təmin olunacaqdır.

Elçin Rzayev,

Yasamal Rayon Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri




Baxılıb: 1614