2018-ci ilin 9 ayı ərzində ölkədə narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

    2018-ci ilin 9 ayı ərzində ölkədə  narkotik  vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunda ümumiləşdirilmişdir.

    Belə ki, cari ilin 9 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2641 fakt aşkar edilmişdir ki, onlardan 834-ü satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, 1527-i satış məqsədi olmadan narkotik vasitələri, psixotrop maddələri və onların prekursorları qanunsuz olaraq əldə etmə və saxlama, 229-u qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 51-i isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 179 kq 111,716 qr müxtəlif növ narkotik vasitələr, o cümlədən 10140 ədəd çətənə kolu müsadirə olunmuşdur.

  Müsadirə olunan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının 628 kq 066,092 qr marixuana (28,9%), 316 kq 395,602 qr tiryək (14,5%), 1 ton 072 kq 475,986 qr heroin (49,2%), 56 kq 526,795 qr həşiş (2,6%), 96 kq 456,2 qr digərləri (4,4%), 4 kq 345,299 qr psixotrop maddələr (0,2%), 4 kq 845,732 prekursorlar (0,2%), o cümlədən 2 kq 184,1 qr güclü təsir edən maddə, 1 kq 533,2 qr zəhərli maddələr, 0,01 qr Lizerqit (LSD) (0,7x0,7 ölçülü 140 ədəd karton lövhə), 397 flakon mydrax 100%  və 18788 ədəd həb təşkil etmişdir.

  Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı və Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların iştirakı ilə 421 ha 46 sot ərazidən 132 ton 165 kq 418 qr (248 min 802 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında yığılaraq məhv edilmişdir.

    Cinayət məsuliyyətinə 1841 nəfər cəlb edilmişdir ki, onlardan 7-i 16-18 yaşadək, 118-i       18-25 yaşadək, 235-i 26-29 yaşadək, 1481-i 30 yaşdan yuxarı, o cümlədən 24-ü fəhlə, 1566-ı işləməyənlər, 5-i qulluqçu, 1-i vəzifəli və ya maddi məsul şəxs, 1-i kənd təsərrüfatı işçisi, 690-ı əvvələr cinayət törətmişlər, 12-i əvvəllər xüsusi qeydiyyatda olmuşlar, 1814-ü kişilər, 27-si qadınlar olmuşdur. Məsuliyyətə cəlb olunanlardan 48 nəfəri isə xarici ölkə vətəndaşları olmuşdur ki, onlardan da ümumilikdə 100 kq-dan artıq müxtəlif növ narkotik vasitələr götürülmüşdür. Əcnəbilərdən 34-ü İran İslam Respublikası, 4-ü Rusiya Federasiyası, 5-i Gürcüstan, 2-i  Türkiyə, 2-i Ukrayna 1-i isə Türkmənistan Respublikasının vətəndaşı olmuşdur.

   Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 31.12.2017-ci il tarixinə olan məlumatına əsasən, Mərkəzdə 30.131 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 25.139 nəfəri dispanser, 4992 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 595 nəfəri qadın, 212 nəfəri toksikoman,21038 nəfəri (470 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2017-ci ildə 2115 nəfər yeni qeydiyyata götürülmüş, 1432 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

 2018-ci ilin III rübü ərzində Daxili İşlər Nazirliyi tərəfindən Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinədən 22986 nəfər keçmişdir. Onlardan 2751 nəfəri narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş və 1396 nəfər istifadəçi aşkar olunaraq qeydiyyata götürülmüşdür.  

   Həmçinin, hesabat dövründə 2971 nəfər stasionar müalicəyə qəbul olunmuşdur ki, onlardan 748 nəfəri “Alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F10), 2216 nəfəri “Opioidlərin qəbulu nəticəsində psixi və davranış pozuntuları” (F11) diaqnozu ilə müalicəyə qəbul edilənlərdir. Eyni zamanda digər müalicə proqramı üzrə fəaliyyət göstərən dörd məntəqədə proqram çərçivəsində 289 xəstə müalicə alır. Onlardan 130 nəfəri Respublika Narkoloji Mərkəzində, 70 nəfər QİÇS-lə Mübarizə Mərkəzində, 12 nəfəri Sumqayıt Şəhər Rayonlararası Narkoloji dispanserdə, 77 nəfəri isə Bakı Şəhər Narkoloji dispanserindədir.     

    Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən 2018-ci ilin 9 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 497 nəfər təşkil etmişdir ki, onlardan 482-i (96,9%) Azərbaycan vətəndaşı, 15-i (3,1%) isə əcnəbilərdir.

    Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar olunmuş 1987-ci ildən 01 oktyabr 2018-ci il tarixinədək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 7249 nəfər qeydiyyata götürülmüşdür ki, onlardan 7014-ü (96,8%) Azərbaycan vətəndaşı, 235-i (3,2%) isə əcnəbidir, İİV-ə yoluxmuş insanların 5271-i (72,7%) kişi, 1978-ü (27,3%) qadındır.

    İİV-ə yoluxması təsdiq olunmuş 7249 nəfərdən 3144-də (43,4%) İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir, onlardan 2262 (72%) nəfər dispanser qeydiyyatındadır. 01.10.2018-ci il tarixinə ART-yə cəlb olunmuş İİV-li xəstələrin ümumi sayı 4757 nəfər təşkil etmişdir ki, onların da 1901 nəfəri İNİ olmuşdur. Cari ilin 9 ay ərzində isə ART-yə cəlb olunan 550 pasiyentdən 96 nəfərində İNİ aşkar edilmişdir.




Baxılıb: 1458