Narkotiksiz dünya istəyirik!

Müstəqilliyimizin ilk illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyev cəmiyyətimizin inkişafı və sağlamlığının qorunmasının vacibliyini vurğulayaraq  demişdir: Narkomaniya və narkobiznes ilə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və şüuri sağlamlığı uğrunda aparılan mübarizədir.

Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı tədbirlər və çoxsaylı dövlət proqramlarının uğurlu icrası nəticəsində Azərbaycan dünyanın aparıcı ölkələrinin sırasına çıxmış, demokratik dəyərlərin geniş surətdə tətbiq olunduğu ünvan, insan hüquq və azadlıqlarının qorunduğu məkan kimi bütün dünyanın diqqətini cəlb etməyə başlamışdır. 

Azərbaycan Prezidentinin  2013-cü il 24 iyun tarixli 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Zaqatala rayon komissiyası narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqəti artırmış, rayonun hüquq-mühafizə orqanları və aidiyyəti təşkilatlarla birlikdə 2018-ci ilin 11 ayı ərzində müəyyən tədbirlər həyata keçirmişdir.

Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.16-cı bəndinin icrası ilə əlaqədar, Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin aprel ayının 26-sı  məktəblilər və tələbələr arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə maarifləndirmə tədbiri keçirilmişdir.

2017-2018-ci tədris ilində rayonun təhsil müəssisələrində təhsil işçiləri, məktəblilər arasında narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar, erkən müalicənin labüdlüyü, həmçinin narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı barədə təbliğat aparılmış, o cümlədən bu barədə videofilmlər nümayiş etdirilmişdir.

Yetkinlik yaşına çatmayanların və gənclərimizin narkotikin faciəli girdabına yuvarlanmaması üçün yeniyetmə və gənclər arasında  bir çox tədbirlərin həyata keçirilməsi ümdə vəzifə olaraq qarşımızda durur.

Rayonun bir sıra ümumtəhsil tam orta məktəblərinin  9-11-ci sinif şagirdləri ilə Mərkəzi Rayon Xəstəxanası, rayon Polis Şöbəsinin əməkdaşlarının görüşləri keçirilmiş, “Alkoqol, tütün və narkotik maddələrin insan orqanizminə mənfi təsiri barədə məruzələr dinlənilmişdir. Görüşlər zamanı şagirdləri maraqlandıran suallara ətraflı cavablar verilmişdir. Həmçinin rayonun ümumtəhsil tam orta məktəblərində yuxarı siniflərdə “Narkotiksiz Dünya istəyirik” mövzusunda müxtəlif açıq dərslər keçirilmişdir.   

Hər il mütəmadi olaraq rayon Təhsil Şöbəsi Uşaq Gənclər İnkişaf Mərkəzində “Narkomaniya əsrin bəlasıdır”, “QİÇS-in fəsadları” adlı rayon məktəblərinin şagirdləri arasında rəsm-plakat müsabiqəsi keçirir və qalib işlər Uşaq Yaradıcılıq Mərkəzində sərgilənir.

1-10 dekabr - QİÇS-ə qarşı mübarizə günü ilə bağlı hər ilin dekabr ayında rayonun ayrı- ayrı ümumtəhsil məktəblərində pedoqoji kollektivlərin və şagirdlərin iştirakı ilə “Gənclər Narkotiksiz dünya istəyir” mövzusunda elmi-praktik konfranslar keçirilir.

Rayonun ümumtəhsil məktəblərinin dəhlizlərində antinarkotik mövzusunda plakatlar yerləşdirilmiş, narkotik maddələrin cəmiyyətə, sağlamlığa mənfi təsiri ilə bağlı sərgilər, stendlər təşkil edilmişdir.

Zaqatala rayon Heydər Əliyev Mərkəzində rayonun yeniyetmə gəncləri arasında “Narkomaniyaya yox deyək” mövzusu altında rəsm müsabiqəsi təşkil  edilmişdir.

Şagird və tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə hər il kənd bələdiyyə komandaları və təşkilatlar arasında mini futbol üzrə rayon birinciliyi,  sərbəst- güləş, cüdo, voleybol, şahmat  idman növləri üzrə rayon, zona  birincilikləri təşkil edilmiş və həmin yarışlarda yüzlərlə yeniyetmə və gənc cəlb edilmişdir.

Rayonda Daxili İşlər Nazirliyi tərəfindən hər il “Xaş-xaş” şərti adı altında kompleks əməliyyat-axtarış profilaktik tədbirlər mütəşəkkil keçirilir. Zaqatala rayon Polis Şöbəsi tərəfindən 2018-ci ilin 10 ayı ərzində ayrı-ayrı torpaq sahələrindən cəmi 34990 ədəd, çəkisi 14 ton, 296 kq yabanı halda bitmiş narkotik tərkibli çətənə kolları aşkar edilmiş və yandırma yolu ilə məhv edilmişdir.

Zaqatala rayonu coğrafi mövqeyinə görə Rusiya Federasiyası və Gürcüstan Respublikası ilə həmsərhəd ərazidə yerləşir. Buna görə də sərhəd boyu yaşayış məntəqələrində narkomaniya ilə mübarizə tədbirləri daha da gücləndirilmiş, rayonun Car, Danaçı, Aşağı Çardaxlar, Mosul, Muğanlı, Bəhmətli kənd sakinləri ilə görüşləri təşkil edilmişdir.

Zaqatala rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyası gələcəkdə də təbliğat və maarifləndirmə tədbirlərinin keçirilməsini gücləndirəcəkdir. 

Tofiq Əhmədov,

Zaqatala RİH başçısının birinci müavini, 
Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə
qarşı mübarizə üzrə Zaqatala rayon komissiyasının sədri




Baxılıb: 1245