Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın keçirilməsi ilə bağlı Təşkilat Komitəsinin ilk iclası keçirilib

   2018-ci il 18 dekabr tarixdə Nazirlər Kabinetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirildi.

   Tədbirdə Təşkilat Komitəsinin üzvləri, ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər üzrə vəkili cənab Vilyam Gill, ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə üzrə Administrasiyasının Orta Asiya üzrə Regional direktoru Vilyam Varen, Narkotiklərlə Mübarizə Administrasiyasının Ankara ofisinin nümayəndələri və digər rəsmi şəxslər iştirak edirdi.

   İclasda Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ildə Bakıda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlər və qarşıya qoyulan vəzifələr müzakirə edilib.

   İclası giriş nitqi ilə açan Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov Təşkilat Komitəsinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrası ilə əlaqədar Nazirlər Kabinetinin müvafiq Sərəncam ilə  işçi qrup yaradılmış və tədbirlər planı təsdiq edildiyini və bununla əlaqədar artıq cavabdeh strukturlar tərəfindən zəruri addımların atıldığını vurğuladı. O cümlədən Azərbaycanda keçirilən bütün tədbirlərin həm təhlükəsizlik tələblərinə, həm də təşkilati tələblərə cavab verdiyini, Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın da yüksək səviyyədə keçiriləcəyini qeyd edib.

    Cənab Əli Həsənov öz cıxışında bildirmişdir ki, ölkəmiz BMT-nin beynəlxalq konvensiyalarına qoşulmuş, narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində dövlətin strateji kursunun əsasları müəyyən edilmiş və bu tədbirlərin nəticəsi olaraq ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində təşkilati-hüquqi, institusional və digər tədbirlər həyata keçirilmiş, , bundan əlavə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən hüquqi baza yaradılmış, təkmilləşdirilmiş, onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində xeyli iş görülmüş, bununla əlaqədar təsdiq olunmuş Dövlət Proqramları uğurla icra olunmuşdur.

    Eyni zamanda cənab Əli Həsənov narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair BMT-nin hesabatlarına əks olunan dünya üzrə göstəriciləri müqayisəli şəkildə təhlil edərək bu barədə məlumatı diqqətə çatdırdı.

   Tədbirdə görülmüş işlərə dair geniş məzurə ilə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini cənab İsmayıl Hüseynov Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransının Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldıqdan dərhal sonra Dövlət Gömrük Komitəsi  tərəfindən ciddi hazırlıq işlərinə başlanıldığını diqqətə çatdırdı. Qeyd etdi ki, Dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələrin tam və vaxtında yerinə yetirilməsi üçün tədbirlər planına uyğun olaraq bütün təşkilati və digər işlər icraya yönəldilib.

  ABŞ-ın Narkotiklərlə Mübarizə İdarəsi Orta Şərq Regionu üzrə direktoru cənab Vilyam Varen çıxış edərək2019-cu ilin 16-18 aprel tarixlərində baş tutacaq bu konfransı narkomanlığa, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində nüfuzlu beynəlxalq tədbir olaraq səciyyələndirdi. Bu konfransın beynəlxalq təcrübənin bölüşülməsi, mühüm məsələlərin müzakirə olunması və ölkələrdə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı meyllərin və digər məlumatların mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edəcəyini vurğuladı.

  Daha sonra çıxış edən ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər üzrə vəkili cənab Vilyam Gill konfransın beynəlxalq əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verəcəyindən əmin olduğu bildirdi.

   İclas  qeyd olunan tədbirin yüksək səviyyədə təşkili üçün Azərbaycan Hökümətinin və ABŞ-ın Ədliyyə Nazirliyi nəzdində Narkotiklərlə Mübarizə üzrə Administrasiyasının üzərinə düşən vəzifə və öhdəliklər istiqamətində bütün təklif və suallarla bağlı fikir mübadiləsi aparıldı.

   Sonda Təşkilat Komitəsinin sədri cənab Əli Həsənov görüləcək işlərlə bağlı aidiyyəti üzrə müvafiq tövsiyyə və tapşırıqlarını verdi.




Baxılıb: 1497