26 iyun - “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ilə əlaqədar Nizami rayonunda tədbir keçirilib

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə Nizami rayon komissiyasının təşkilatçılığı ilə 21 iyun 2019-cu il tarixdə ictimaiyyət nümayəndələrinin iştirakı ilə 26 iyun – BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” münasibətilə tədbir keçirilib.

Tədbiri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə rayon komissiyasının sədri Gülnaz İsrafilova açaraq bildirib ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26 iyun “Narkomaniya və Narkotiklərin Qeyri-qanuni Dövriyyəsinə Qarşı Ümumdünya Mübarizə Günü” kimi qeyd olunur. 1992-ci ildə Azərbaycan Respublikası BMT-yə tam hüquqlu üzv olduqdan sonra “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” BMT-nin 1988-ci il Konvensiyasına qoşulmuşdur.

Bugünkü tədbirimiz Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun Rayon İcra Hakimiyyətinə daxil olmuş məktubuna əsasən 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar təşkil edilib.

Nizami Rayon Polis İdarəsinin Yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin baş inspektoru, polis mayoru Pərvanə Əzizova 2019-cu ilin ötən dövrü ərzində təhsil müəssisələrində keçirilmiş maarifləndirici tədbirlər barəsində məlumat verib. P.Əzizova xüsusilə vurğulayıb ki, məktəblərdə aparılan maarifləndirmə tədbirlərinin böyük əhəmiyyəti vardır və belə tədbirlərin intensivliyini daha da artırmalıyıq.

Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, komissiyanın məsul katibi Bəhman Hüseynov bildirib ki, sentyabr ayından başlayaraq məktəblərdə narkomanlığın ağır fəsadlarından bəhs edən “Bəla” tamaşasının nümayişi həyata keçiriləcəkdir.

            Rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev çıxış edərək narkomanlığın cəmiyyətə vurduğu yaralardan söhbət açıb, yeniyetmə-gənclərə sağlam həyat tərzinin alternativsiz həyat tərzi olduğunu çatdırıb və xüsusilə də onlara asudə vaxtlarının səmərəli keçirmələri üçün dəyərli tövsiyələrini verib.

Nizami Bələdiyyəsinin sədr müavini Heydər Rəhimov qeyd edib ki, bütün bəlaların başında zərərli vərdişlər və onlara aludəçilik durur, odur ki, sağlam həyat tərzi hər bir gəncin, məktəblinin devizinə çevrilməlidir. Sağlam gələcəyimiz naminə narkomaniyaya qarşı hamılıqla mübarizə aparmalıyıq.

Rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov narkomaniya sahəsində yeniyetmə-gənclərlə aparılan silsilə tədbirlər barədə məlumat verib. Z.Əzizov tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, narkomanlığa qarşı mübarizə üzrə İdarənin xüsusi tədbirlər planı təsdiqlənib və həmin tədbirlər planının icrası istiqamətində yerlərdə mütəmadi müxtəlif mövzularda tədbirlər həyata keçirilir. Xüsusi olaraq idman yarışlarının və intellektual oyunların keçirilməsinə geniş yer verilir. Çalışırıq ki, yeniyetmə-gənclərimiz asudə vaxtlarını səmərəli keçirsinlər.

Tədbirdə həmçinin 214 və 250 №-li tam orta məktəblərin psixoloqları Vüsalə Məmmədova və Zemfira Abuzərova çıxış edərək narkomanlığa qarşı mübarizə ilə əlaqədar təkliflərini verib, xüsusilə də “Həyat bacarıqları” fənninin tədrisi zamanı şagirdlərə müfəssəl bilgilərin verilməsinin zəruriliyini önə çəkiblər.

Sonra tədbir iştirakçılarını  maraqlandıran suallar cavablandırılıb.

 




Baxılıb: 2658