2019-cu ilin 6 ayı ərzində ölkədə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

    2019-cu ilin 6 ayı ərzində ölkə üzrə  narkotik  vasitələrin, psixotrop  maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən ümumiləşdirilmişdir.

  Belə ki, cari ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2553 fakt aşkar edilmişdir ki, onlardan 707-si satış, 1675-i saxlama, 141-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 1 ton 650 kq 749,322 qr müxtəlif növ narkotik vasitələrvə psixotrop maddələr, o cümlədən 25 min 701 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılmışdır. Bundan əlavə 330 kq 374,986 qr prekursorlar, 12 kq 714 qr güclü təsir edən zəhərli maddə qanunsuz dövriyyədən götürülmüşdür.

   Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 510 kq 846,029 qramını marixuana (30,9%), 224 kq 864,575qramını tiryək (13,6%), 763 kq 160,068 qramını heroin (46,23%), 14 kq 071,106 qramını həşiş (0,8%), 4 kq 009,185 qramını kokain (0,2%), 80 kq 130,229 qramını psixotrop maddələr (4,8%),53 kq 668,13 qramını digərləri (3,2%) təşkil etmişdir.

 Həmçinin, Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2273 hektar ərazi üzrə 73 ton 892 kq (150 min 201 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilmişdir.

     Cinayət məsuliyyətinə 1687 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 5 nəfər, 18-25 yaş 130 nəfər, 26-29 yaş 253 nəfər, 30 yaşdan yuxarı isə 1299 nəfər təşkil edir.

     Məsuliyyətə cəlb olunanlardan 160 nəfəri fəhlə, 2-si maddi məsul şəxs, 1-i orta ixtisas tələbəsi, 412-si əvvələr cinayət törətmiş, 5-i əvvəllər xüsusi qeydiyatda olan, 1141-i işləməyən, 1636-sı kişilər, 38-i qadın, 56 nəfəri isə xarici ölkə vətəndaşı olmuşdur. Əcnəbilərdən 40-ı İran İslam Respublikası, 5-i Gürcüstan, 4-ü Rusiya, 2-si Türkiyə, 2-si Ukrayna, 2-si Pakistan, 1-i Braziliya vətəndaşıdır. Qeyd olunan  xarici ölkə vətəndaşlarından ümumilikdə 585 kq 840,908 qram narkotik vasitə götürülmüşdür.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il 31.dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə 31432 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 26346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.

      2019-cu ilin 6 ayı ərzində 2557 nəfər narkotik vasitələrin istifadəsinə görə müayinə olunmuş və 1276 nəfərdə narkotikdən istifadə aşkarlanmış, onlar müvafiq qeydiyyata götürülmüşdür.

      Səhiyyə Nazirliyi QİÇS-lə Mübarizə Mərkəzinin məlumatına əsasən Azərbaycan vətəndaşları arasında 2019-cu ilin 6 ayı ərzində İİV-ə yoluxma hallarının 9,9%-i, ümumiliklə isə 1992-01.07.2019-cu il tarixədək yoluxma hallarının 42,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Ümumilikdə 1988-ci ildən İİV-infeksiyası aşkar olunmuş 7762 nəfərdən, 3222 xəstə, inyeksion narkotik istifadəçiləri olmuşlar ki, onların da 2556 nəfəri (79,3%) dispanser qeydiyyatına götürülmüşlər.

      Eyni zamanda qeyd olunmalıdır ki, ölkədə İİV-ə narkomanların yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. 2019-cu ilin 6 ayında İİV-ə yoluxmuş 343 nəfər Azərbaycan vətəndaşının 34 (9,9%) nəfəri inyeksion narkotik istifadəcisi olmuşdur.




Baxılıb: 1440