Narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsidir

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən qlobal problemlərdən biridir. Narkomaniya cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və digər mənfi hallara gətirib çıxarır. Narkotiklərin qanunsuz dövriyyəsi cinayətkarlığın artmasına səbəb olmaqla yanaşı, həm də terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi çıxış edir.

Eyni zamanda, dünyada getdikcə daha da intensivləşən iqtisadi inteqrasiya, ticarət və geniş həcmli yükdaşımaların təşkili üçün ölkələr arasında nəqliyyat əlaqələrinin genişlənməsi dünyanın bəzi regionlarında istehsal edilən narkotik vasitələrin digər ölkələrə yayılması ilə müşayiət olunur.

Müstəqilliyimizin ilk illərindən başlayaraq ümummilli liderimiz Heydər Əliyev cəmiyyətimizin sağlam inkişafının vacibliyini vurğulayaraq demişdir: “Narkomaniya və narkobizneslə mübarizə hər bir ölkənin, xalqın, millətin fiziki və əqli sağlamlığı uğrunda aparılan mübarizədir”.

Bununla da respublikamızda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, sosial  rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədi ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılmış və bu problemlə mübarizəni vahid strategiya çərçivəsində həyata keçirmək Azərbaycan dövləti üçün prioritet vəzifə kimi müəyyən edilmişdir.

Eyni zamanda Azərbaycan Respublikası beynəlxalq birliyin bütün səylərini dəstəkləyərək Birləşmiş Millətlər Təşkilatının müvafiq konvensiyalarına qoşulmuş, ölkəmizdə beynəlxalq standartlara uyğun normativ milli hüquqi baza yaradılmışdır. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələr tələb etməsi bu qlobal problemin ölkəmizdə yayılması təhlükəsinə qarşı Azərbaycanın qətiyyətli mövqeyini əks etdirir.

Bu problemlə mübarizə ilə əlaqədar 2000-2006-cı illəri, 2007-2012-ci illəri və 2013-2018-ci illəri əhatə edən və cənab Prezident tərəfindən təsdiq edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə 3 Dövlət Proqramı uğurla icra edilmiş və hazırda 2019-2024-cü illəri əhatə edən 4-cü proqram təsdiq olunmaqla icrasına başlanılmışdır.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların və yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

Ölkəmiz narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində beynəlxalq və regional təşkilatlarla, həmsərhəd və digər dövlətlərlə sıx əməkdaşlıq münasibətləri qurmuşdur.

Belə ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ilin 15-17 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmış və konfrans ən yüksək səviyyədə təşkil edilmişdir.

Narkotiklərlə Mübarizə üzrə Beynəlxalq Konfrans dünyada narkotiklərə qarşı mübarizə sahəsində təşkil edilən ən mötəbər tədbirlərdən biridir. Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda dünyanın 115 ölkəsindən 432 nümayəndə iştirak etmişdir.

Konfransın məqsədi narkotiklərin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması ilə mübarizədə beynəlxalq təcrübənin öyrənilməsi, müvafiq sahədə əməkdaşlığı daha da gücləndirməkdir. Bu konfrans, həmçinin digər dövlətlərlə səmərəli təcrübə mübadiləsinə imkan yaratmışdır.       

Beynəlxalq konfrans çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsinə şərait yaradılmış, eyni zamanda, konfrans işini regional işçi qrupların müzakirəsi və seminar sessiyaları ilə davam etdirmişdir.

Beynəlxalq səviyyədə narkotiklərə qarşı mübarizə sahəsində ixtisaslaşan qurumları və ekspertləri bir araya gətirən qlobal əhəmiyyətli bu tədbirin Bakıda keçirilməsi Azərbaycan Respublikasının narkotiklərə qarşı mübarizədə beynəlxalq əməkdaşlığına verilən qiymətdir.

Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik olmaqla beynəlxalq yük daşımalarda Avropa ilə Asiya arasında mühüm tranzit ölkədir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem də xaricdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərlə bağlıdır. Bəlli olduğu kimi bu, ilk növbədə Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.

Son dövrlər daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, müxtəlif marşrutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.

Belə ki, 2019-cu ilin 6 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 2553 fakt aşkar edilmişdir ki, onlardan 707-si satış, 1675-i saxlama, 141-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 30-u isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 1 ton 650 kq 749,322 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 25 min 701 ədəd çətənə kolu qanunsuz dövriyyədən çıxarılmışdır. Bundan əlavə, 330 kq 374,986 qr prekursorlar, 12 kq 714 qr güclü təsir edən zəhərli maddə qanunsuz dövriyyədən götürülmüşdür.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 510 kq 846,029  qramını marixuana (30,9%), 224 kq 864,575 qramını tiryək (13,6%), 763 kq 160,068 qramını heroin (46,23%), 14 kq 071,106 qramını həşiş (0,8%), 4 kq 009,185 qramını kokain (0,2%), 80 kq 130,229 qramını psixotrop maddələr (4,8%), 53 kq 668,13 qramını digərləri (3,2%) təşkil etmişdir.

Cinayət məsuliyyətinə 1687 nəfər cəlb edilmişdir ki, onlardan 18 yaşadək 5 nəfər,       18-25 yaş 130 nəfər, 26-29 yaş 253 nəfər, 30 yaşdan yuxarı isə 1299 nəfər təşkil edir.

Həmçinin Daxili İşlər Nazirliyinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 2273 hektar ərazi üzrə 73 ton 892 kq (150 min 201 ədəd) narkotik tərkibli bitkilər yaşıl kütlə halında məhv edilmişdir.

Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin 2018-ci il 31 dekabr tarixinə olan məlumatına əsasən, Mərkəzdə 31432 nəfər qeydiyyatda olmuşdur ki, onlardan 26346 nəfəri dispanser, 5086 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 626 nəfəri qadın, 227 nəfəri toksikoman, 21872 nəfəri (501 nəfər qadın) inyeksion narkotik istifadəçisidir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənovun müvafiq göstəriş və tapşırıqlarına əsasən narkotik vasitələrin qanunsuz döviryyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyası təşkil edilmiş, antinarkotik təbliğata xüsusi önəm verilmiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin ictimai maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.

Belə ki, 26 iyun-Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq mübarizə Günü ərəfəsində ictimai maarifləndirmə işləri çərçivəsində Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir.

“Narkomaniyaya birlikdə yox deyək” şüarı (iki formada) 2019-cu ilin 24 iyun tarixindən etibarən (5 gün müddətində) Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında (VMS) nümayiş olunub.

“Narkomaniyaya birlikdə yox deyək” adlı şüar 2019-cu ilin 25 iyun tarixindən etibarən “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında mövcud olan monitorlarda yayımlanıb.

“Çalış ki, narkotikə hədəf olmayasan” adlı sosial çarx cari ilin 27 iyun tarixindən başlayaraq (40 gün müddətinə) Bakı şəhərinin bir sıra küçə və prospektlərdə mövcud olan reklam monitorlarında nümayiş olunub.

Sağlam həyat tərzinin təbliği ilə bağlı hazırlanmış sosial çarx cari ilin 29 iyun tarixindən başlayaraq (30 gün müddətinə) “Park Bulvar” və “Metro Park” ticarət və əyləncə mərkəzlərində mövcud olan monitorlarında yayımlanıb.

Qeyd olunanlardan əlavə cari ilin 9 iyul tarixindən etibarən ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və  narkotiklərin ziyanı ilə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə “Azercell” MMC və “Bakcell” MMC-nin  ümumilikdə 5 milyondan çox abunəçisinə SMS şəklində zəruri bildiriş və əlaqə vasitələrinin (Dövlət Komissiyasının İşçi Qrupu: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61) göndərilməsi təmin edilib.

Eyni zamanda şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar tərəfindən maarifləndirici silsilə tədbirlər təşkil edilmişdir.

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu arasında 2019-cu ilə dair imzalanmış birgə “Tədbirlər Planı”na müvafiq olaraq, cari ilin 18 iyul tarixində 16 və 7 saylı cəzaçəkmə müəssisələrində maarifləndirmə xarakterli tədbirlər keçirilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupu BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin narkotiklərə qarşı ümumdünya hesabatı çərçivəsində hazırladığı məlumat-təbliğat yönümlü sənədlərindən istifadə olunmaqla narkotik vasitələrin, psixotrop maddələrin ümumi təsviri, istifadəçilərə təsiri, törətdiyi ağır nəticələr və riskin digər növləri haqqında ətraflı məlumatları özündə əks etdirən “Narkotiklər haqqında həqiqəti bilin”, Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı maarifləndirici materiallar hazırlanmışdır. Qeyd olunan əyani vəsaitlər narkotik vasitələrin, psixotrop maddələrin növlərinə görə onu qəbul edən insanların davranışında, psixikasında və zahiri görünüşündə baş verən dəyişikliklər, həmçinin başqalarının təsiri altına düşməsindən yayınma və narkomanlığın profilaktikası və əhalinin maarifləndirilməsi baxımından xüsusilə əhəmiyyətlidir.

Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən cari il ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə vətəndaşların aktiv fəaliyyət göstərməsi üçün təşkilati-hüquqi formasından asılı olmayaraq aidiyyəti nazirlik, komitə və təşkilatlarla, operativ qaydada əlaqələndirməni təmin etmək üçün “Qaynar xətt” rabitə əlaqəsinin yaradılması nəzərdə tutulmuşdur.

Bundan əlavə narkotik və psixotrop maddələr haqqında məlumatlılığın artırılması məqsədilə ümumitəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, uşaq birliyi rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri, müəllim və şagirdləri üçün seminar-məşğələlərin təşkili planlaşdırılmışdır.

Beləliklə, ölkəmizdə narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, narkomanlığın profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycanın bugünkü münasibətini xarakterizə edir.

Eyni zamanda, Azərbaycan Respublikasının narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə aparmağa hər cür əsası vardır. Ölkə Prezidentinin fədakar səyləri nəticəsində əldə edilmiş siyasi sabitlik, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dövlət nəzarəti, Azərbaycan xalqının qədim tarixi, milli adət və ənənələri, zəngin mədəniyyəti belə əsaslardandır.

Fəqan Şahverdiyev,

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz

Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri




Baxılıb: 2145