Gələcəyimiz sağlam gənclərdən ibarətdir

Dünyanı narahat edən ən təhlükəli problemlərdən biri narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyadır. Bu dəhşətli bəla insanların həyatına və sağlamlığına təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı” (2013-2018-ci illər)ndan irəli  gələn vəzifələrin gerçəkləşməsi ilə bağlı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) tədbirlər planı qəbul edilmişdir. Hər il AHİK-in üzv və tabeliyində olan təşkilatlar tərəfindən görülən işlər təhlil edilir.  Bu işlər ilk növbədə Həmkarlar İttifaqı üzvü olan, o cümlədən işləyən və təhsil alan gənclər arasında aparılır.

Həmkarlar ittifaqları mövcud struktur çərçivəsində gənclərin fəallığını təmin etməyə, rəhbər orqanlarda təmsil olunmalarına şərait yaratmağa, işləyən və təhsil alan gənclərin hüquq və mənafelərinin qorunmasına çalışırlar. Bu məqsədlə bağlanan bütün saziş və kollektiv müqavilələrə gənclərlə əlaqədar müvafiq bölmə və öhdəliklər daxil edilmişdir. Gənclərin məşğulluğu, sağlamlaşdırılması, asudə vaxtlarının təşkili və s. bu kimi məsələlər ön plana çəkilir. Hazırda həmkarlar ittifaqlarının üzvlərinin 25 faizindən çoxu gənclərdir. Onların təxminən 17 faizi ilk həmkarlar ittifaqları təşkilatlarının sədrləridir. Artıq bir neçə ildir ki, həmkarlar ittifaqlarının Gənclər şuraları fəaliyyət göstərir, gənc liderlər beynəlxalq təşkilatların keçirdikləri toplantılara dəvət edilir. Onlar Yaponiya, İtaliya, Rusiya, Litva, Türkiyə və digər ölkələrdə gənclərin problemlərinə həsr olunmuş tədbirlərdə iştirak edirlər. Müntəzəm olaraq elmi-praktiki konfranslar, seminarlar təşkil edilir.

Narkotik maddələrin gənc nəsil arasında yayılması təhlükəsini nəzərə alaraq, bir çox sahə həmkarlar ittifaqı təşkilatları “Narkotiksiz gələcək naminə”, “Biz narkomaniyaya yox deyirik!”, “Gələcəyimiz sağlam gənclərdən asılıdır” və s.  mövzularda tədbirlər keçirirlər. 2013-2018-ci illər ərzində ümumi 265 tədbir (seminar, “dəyirmi masa”, treyninq və s.) keçirilmişdir.  Buraya müəssisələrdə, təhsil ocaqlarında və təşkilatlarda narkomaniyanın ziyanı haqqında maarifləndirmə kampaniyaları daxildir. İlk növbədə, əmək fəaliyyətinə yeni başlayan gənclərin mənafelərinin üstün tutulması, onların hüquqlarının sağlamlıqlarının qorunması, cəmiyyətdə fəal iştiraka hazır olan şəxslər kimi formalaşmaları, işləyərək təhsil alan tələbə gənclər üçün lazımi şəraitin yaradılması, eləcə də hərbi xidmətdəki gənclərə qayğı göstərilməsi nəzarətdə saxlanılır. Bir sıra sahə orqanları əməkçilərin, o cümlədən gənclərin, yeniyetmələrin və uşaqların asudə vaxtlarının təşkilində mühüm rol oynayan, öz xidmət əhatələrindəki mədəni-maarif müəssisələrinin işinin canlandırılmasına, bədən tərbiyəsi və idman obyektlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər görülməsinə xüsusi diqqət yetirirlər. Gənclərdə sağlam həyat tərzinin formalaşması məqsədilə yerlərdə idman yarışları keçirilir.

Gənclərin hərbi-vətənpərvərlik tərbiyəsində həmkarlar ittifaqları təşkilatlarının   rolu   artmaqdadır.  Bu sahədə AHİK-in nəzdində respublika Silahlı Qüvvələrinə hamilik köməyi üzrə Mərkəzi Əlaqələndirmə Şurası səmərəli  fəaliyyət göstərir. C. Naxçıvanski adına hərbi liseyin kursantlarına xüsusi diqqət yetirilir. Dərs proqramı və hərbi hazırlıqda fərqlənmiş əlaçılara təqaüdlər, pul mükafatları verilir. Kursantların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müntəzəm olaraq mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr, idman yarışları keçirilir. Bədii qiraət və rəsm üzrə keçirilən “Azərbaycan əsgəri” və “Vətənə xidmət edirik” müsabiqələrinin, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş idman yarışlarının qalibləri  AHİK-in diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılırlar. Ötən  5 il ərzində liseyin  619  kursantı mükafatlandırılmışdır.

Eyni zamanda, işləyən və təhsil alan gənclərin məşğulluğu, təhsili  və tərbiyəsi, mənəvi inkişafı sahəsində mühüm işlərin görülməsi  dayanmadan davam edir. Kompleks proqramlar, tədbirlər planı həyata keçirilir. Belə ki, əlaçı və ictimai işlərdə fərqlənən tələbələrə həmkarlar ittifaqının vəsaiti hesabına “Adlı təqaüd”, orta məktəb şagirdlərinin bir qisminə təqaüd verilir, 4 minə yaxın imkansız ailədən olan tələbə həmkarlar ittifaqının vəsaiti hesabına universitetlərdə pulsuz nahar edir. Son 5 ildə  onların yemək xərclərinə 341 min manat,  həmkarlar ittifaqı fəalı  olan əlaçı tələbələrə adlı təqaüdlərinin ödənilməsinə 201 min manat, müsabiqə qaliblərinin mükafatlandırılmasına 194 min manat vəsait sərf olunmuşdur.

Gənclər arasında müxtəlif sənət növlərinə, peşələrə və əmək fəaliyyətinə marağın artırılması, işçi peşələrinin nüfuzunun yüksəldilməsi, texniki yeniliklərin təbliğ edilməsi, gənclərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması istiqamətində  müəyyən işlər görülmüş, silsilə tədbirlər keçirilmişdir. “Gənc həmkarlar ittifaqı lideri məktəbi” gənc işçilər üçün kompleks proqramın layihəsi çərçivəsində  müxtəlif nominasiyalar üzrə 13 nəfər qalib mükafatlandırılmışdır. AHİK İcraiyyə Komitəsinin qərarı ilə əməkdə, təhsildə və ictimai fəaliyyətdə xüsusi nailiyyətlər əldə etmiş gənclər üçün “İlin peşəkar gənci” fəxri adı təsis edilmişdir. 2015-2017- ci illər ərzində AHİK İcraiyyə Komitəsinin qərarına əsasən  157  nəfər gənc “İlin peşəkar gənci” fəxri adına layiq görülmüş, diplomlar, döş nişanları və müvafiq vəsiqələrlə təltif edilmişlər.

Azərbaycan Həmkarlar İttifaqları tərəfindən narkomanlığa qarşı mübarizə sahəsində görülən işlər barədə məlumat hər il müvafiq Dövlət Komissiyasına təqdim edilir, antinarkotik təbliğatın gücləndirilməsində həmkarlar ittifaqlarının rolunu əks etdirən məqalələr “Ülfət”,  “İki sahil” və digər qəzetlərdə çap olunur.

Görülən işlərlə yanaşı, problemin ciddiliyi və aktuallığı nəzərə alınaraq həmkarlar ittifaqları daim ictimai nəzarətini həyata keçirəcək.

Afaq Yusifova,

AHİK-in zəhmətkeşlərin mədəni-məişət problemləri
üzrə analitik tədqiqat şöbəsinin mütəxəssisi




Baxılıb: 1169