“Ağ ölüm”ə yox deyək!

Azərbaycanda  həyata keçirilən uğurlu islahatlara uyğun olaraq cəmiyyətimiz üçün “ağ ölüm” sayılan narkomanlığın və narkotik vasitələrin yayılmasına qarşı mübarizə işləri də hər zaman aktual olmaqla son illərdə Ucar rayonunda bu sahəyə ciddi diqqət yetirilir və əlaqədar qurumlarla birlikdə zəruri tədbirlər həyata keçirilir.

2018-ci ildə narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın qarşısının alınması məqsədilə Ucar Rayon İcra Hakimiyyətinin müvafiq şöbələri, Gənclər və idman idarəsi, Təhsil şöbəsi və rayonun hüquq mühafizə orqanları ilə birlikdə əhali arasında, xüsusilə ümumtəhsil məktəblərində müvafiq tədbirlər keçirilmiş, yeniyetmə və gənclərə narkomanlığın zərərli təsirləri və müxtəlif fəsadları, törətdiyi xəstəliklər ümumilikdə bəşəriyyət üçün təhlükəli təsirləri barədə  geniş məlumatlar verilmişdir.

2018-ci ildə gənclərlə vaxtaşırı keçirilən tədbirlər, onların müxtəlif maraq klublarına cəlb olunması, intellektual oyunlar, bilik  və idman yarışları, mənəviyyatla əlaqədar bir sıra digər tədbirlər gənclərin dünyagörüşünün düzgün formalaşdırılmasına səbəb olmaqla yeniyetmə və gəncləri sağlam həyat tərzi ətrafında birləşdirmişdir.

Dövlət Proqramının 4.4.9 maddəsinin tələbləri də diqqət mərkəzində saxlanılmış, orta təhsil məktəblərinin proqramlarına 3-cü sinifdə “Siqaret çəkənlərə münasibətiniz”, 4-cü sinifdə “Siqaret və spirtli içkilərin zərəri”, “Cinayət və cinayətkarlıq”, 5-ci sinifdə “Yoluxucu xəstəliklərdən necə qorunaq”, 6-cı sinifdə “Sağlam həyat tərzi” və “Zərərli vərdişlərdən uzaq olun”, 7-ci sinifdə “Alkoqolizm və narkomaniyaya yox deyək”, “Toksiki maddələrin sağlamlığa zərəri”, 9-cu sinifdə “Siqaret, alkoqol, toksiki maddələr və narkotiklərə “yox” deyək”, 10-cu sinifdə “Narkotik vasitələrin çeşidləri (hind çətənəsi, opiatlar, LCD, amfetaminlər, kokain) onlardan asılılığın yaranması”, 11-ci sinifdə “Narkotik maddələrin ayrı-ayrı orqanlara və ümumən orqanizmə təsirləri”, “Narkotiklərə “yox” deyək” kimi mövzular daxil edilmişdir.

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomaniyanın acı təzahürlərinin qarşısının alınması məqsədilə yeniyetmə və gənclər arasında antinarkotik təbliğat gücləndirilmiş və Dövlət Proqramının 4.4.11 maddəsinin tələblərinin yerinə yetirilməsi istiqamətində bir sıra məqsədyönlü işlər görülmüş, hüquqpozma meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerlərində, o cümlədən rayonun bütün kəndlərində, həmçinin əmək kollektivlərində və şəhər 3 və 6, Bərgüşad kənd  1 nömrəli, Qaracallı kənd 1 nömrəli, Təzə Şilyan kənd tam orta, Alpout kənd 1 nömrəli və Qazıqumlaq kənd 1 nömrəli tam orta məktəblərində 100-dən çox  mühazirə, söhbət keçirilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Ucar rayon komissiyasına göndərilmiş məktəblilərin narkotik vasitələrdən qorunması yolları metodiki vəsaitdən istifadə edilərək narkomanlığın törətdiyi fəsadlar  barədə gənclərə geniş məlumat verilmişdir.

Hesabat dövründə “Xaş-xaş 2018” şərti adı altında 2018-ci ilin iyun ayında rayonun  Məlikballı kəndində ümumi çəkisi 510,53 kq olan 1358 ədəd yabanı halda bitmiş narkotik vasitə olan çətənə kolları aşkar olunmuş və yandırılaraq məhv edilmişdir. Bu sahədə cinayət törətmiş şəxslər barədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə  cinayət işi qaldırılmışdır.

Rayon komissiyasına göndərilmiş narkotik maddələr məhv edilərkən bütün hallarda Respublika Nazirlər Kabinetinin müvafiq qərarına və Dövlət Komissiyasının 03 mart 2006-cı il tarixli, 3 nömrəli Sərəncamının 2.2 bəndinin tələblərinə istinad edilmişdir.

Hesabat dövründə rayon Mərkəzi Xəstəxanası Poliklinika şöbəsinin Narkoloji kabinetində 110 nəfər narkoman xəstə qeydiyyatda olmuşdur. Onlardan 108 nəfəri kişi, 2 nəfəri qadındır. Kabinetdə, həmçinin 20 nəfər xroniki alkoqol xəstəsi kimi qeydiyyatdadır. Narkoloji kabinetdə qeydiyyatda onlardan 0-18 yaşa qədər yeniyetmə yoxdur. Narkoman kimi qeydiyyatda olan şəxslərin 4 nəfəri gəncdir və bu cür şəxslərin müalicə və profilaktikası üçün əlaqədar qurumlar tərəfindən zəruri tədbirlər görülür.

Rayon komissiyası narkomaniyanın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı təbliğat işlərinin, narkotiklərin acı təzahürlərinin minimuma endirilməsi ilə əlaqədar gənc nəslin sağlam və yüksək ideyalar ruhunda tərbiyəsi istiqamətində aparılmış təhlillər və sorğular barədə işçi qrupuna məlumat verilməsini təmin edəcək, bu sahədə görülmüş tədbirləri rayon qəzetində işıqlandıraraq mütəmadi olaraq Respublika Komissiyasına zəruri məlumatların ötürülməsini təmin etməklə əhali arasında maarifləndirmə işlərinin aparılmasını daha da gücləndirəcək və bu məqsədlə əlaqədar dövlət qurumları ilə birgə bütün qüvvəsini səfərbər edəcəkdir.

Əliş Cəbrayılov,

Ucar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,
rayon komissiyasının sədri

Xəyyam Səmədzadə,

Hüquq şöbəsinin müdiri, rayon komissiyasının katibi




Baxılıb: 1782