İnsan həyatında sağalmaz fəsadlar yaradan “ağ ölüm”

Müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır.

Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.

Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan, cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib. Bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə “Narkotiksiz gələcək naminə” milli proqramlarının qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaşlıq borcudur. Bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq-mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün stimul yaranır.

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiya tərəfindən 2013-2018-ci illərdə mühüm işlər görülmüş, tədbirlər keçirilmişdir.

Narkoloji Dispanserdə müalicə işləri ilə yanaşı, profilaktiki iş də aparılmışdır. Belə ki, keçən dövr ərzində əksər ali və orta məktəblərdə Gəncə şəhər BPİ-nin Narkotiklərlə mübarizə bölməsinin əməkdaşları, DİN-in QBRŞ-nin əməkdaşları ilə birlikdə “Narkomaniya-QİÇS”, “Narkomaniya-Hepatit C” haqqında profilaktiki çıxışlar edilmiş, bundan başqa dəfələrlə yerli televiziya kanallarında narkomaniya mövzularında çıxışlar olmuşdur.

Məlumat üçün bildiririk ki, məlum proqramdan irəli gələn vəzifələrin icrası ilə əlaqədar Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsi üzrə Regional Şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizəni gücləndirmək məqsədi ilə Qərb bölgəsində  bu sosial bəlanın  kifayət qədər qarşısının alınması, eyni zamanda, narkotiklərin külli miqdarda respublikamızın ərazisindən tranzit kimi  istifadə etməklə digər ölkələrə  daşınması ilə məşğul olan  cinayətkar şəxsləri müəyyənləşdirmək, onların cinayətkar əməllərini ifşa etmək və fəaliyyət marşrutlarının qarşısını almaq məqsədi ilə  şöbənin xidmət etdiyi ərazinin  hüquq mühafizə orqanları, Gömrük Xidməti, MTN-in rayon şöbələri, Dövlət Sərhəd Xidməti, Vergi xidməti və digər dövlət və içtimai təşkilatların imkanlarından səmərəli istifadə etməklə, əməliyyat mövqelərinin gücləndirilməsi məqsədi ilə mütəmadi informasiya mübadiləsi aparmış, işgüzar əlaqələri genişləndirmiş, narkotiklərlə cinayət əməlləri profilaktikasını və onlarla mübarizənin gücləndirilməsi sahəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirmişdir.

Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən  sağlam həyat tərzinə  mənfi təsir göstərən, faciəli hadisələrin baş verməsinə şərait yaradan bu amillərin qarşısının alınması istiqamətində, bundan sonra da ardıcıl olaraq həyata keçiriləcək, profilaktiki tədbirlərin məqsədyönlü şəkildə aparılmasına diqqət artırılacaqdır.

Sahil İsmayılov,

Gəncə Şəhər İcra Hakimiyyəti başçısı yanında
Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın üzvü




Baxılıb: 1382