Narkomaniya ümumbəşəri bəladır

Azərbaycan Respublikası Prezidentinin 24 iyun 2013-cü  il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin icrası ilə bağlı Nərimanov rayonunun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası  mütəmadi illik iş planları əsasında işini qurur.

Nərimanov rayonu ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi, narkomanlığın yayılması ilə mübarizə sahəsindəki tədbirlərini ildən-ilə təkmilləşməsi və gücləndirilməsinin nəticəsi olaraq aşkar edilən cinayət faktlarının sayı, qanunsuz dövriyyədən götürülən narkotik vasitələrin, o cümlədən güclü təsirə malik narkotiklərin çəkisi əhəmiyyətli dərəcədə coxalmış, bir sıra qrupların yaxalanması ilə nəticələnən uğurlu əməliyyatların, eyni zamanda, məqsədyönlü profilaktiki və maarifləndirmə tədbirlərinin keçirilməsi təmin edilmişdir.

2018-ci il ərzində Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində 56 cinayət faktı aşkar edilmiş, bunlardan 20-i fakt narkotik vasitələrin satışı ilə bağlı olmuşdur. Keçirilmiş tədbirlər nəticəsində həbs edilmiş cinayətkarlardan 17 kq 006,227 qram çəkidə narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır.

Nərimanov rayonunun  Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyası rayon Gənclər və idman idarəsi, ümumtəhsil, peşə, orta-ixtisas və ali təhsil müəssisələri ilə birgə “Narkomaniya əsrin bəlasıdır”, “Ağ ölümlə mübarizə”,  “Mən sağlamlığı seçirəm”, “Narkomaniya - gələcəksiz həyat”, “Narkotiklərə “yox” deyək!”, “Narkomaniya intihardır”, “Həyata “hə”, narkotiklərə “yox” deyirik”,  “Xoşbəxt həyatda narkotiklərə yer yoxdur”, “Sağlam gələcək naminə!”, “Narkotiklərsiz gələcəyə doğru”, “Biz narkotiklərə “yox” deyib həyatı seçirik”, “Azərbaycan gəncləri narkotiklər əleyhinə”, “Sən də QİÇS-ə “yox” de” mövzularında müxtəlif tədbirlər, toplantılar, “dəyirmi masa”lar, idman yarışları, rəsm, inşa yazı müsabiqələri həyata keçirilmişdir. Narkomaniyaya və taksikomaniyaya qarşı keçirilən profilaktik tədbirlərdə “ağ ölüm”ün nə olduğu yeniyetmələrə və gənclərə aşılanmışdır. Dinləyicilərin suallarına səhiyyə və hüquq - mühafizə orqanlarının əməkdaşları tərəfindən ətraflı cavab verilmiş, gələcəyimizi bu bəladan qurtarmağa çağırılmışdır. Müsabiqələrdə iştirak edib qalib gələnlər mükafatlandırılmışdır.

Ali təhsil, orta ixtisas və  ümumtəhsil müəssisələrində narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması məqsədi ilə gənclər arasında zərərli vərdişlərin profilaktikası sahəsində mühazirələr, seminarlar və digər hüquqi maarifləndirici tədbirlər təşkil olunur.

Dövlət Proqramının 4.4.23-cü bəndinə uyğun olaraq Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Nərimanov Rayon İcra Hakimiyyətində təlim-məşğələ keçirilmişdir.

Nərimanov rayonunun Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının üzvləri rayon Polis idarəsinin əməkdaşları ilə birgə rayonun inzibati ərazisində yerləşən orta, orta-ixtisas və ali təhsil müəssisələrində yeniyetmələr və gənclərlə görüşlər keçirir, narkotik vasitələrin insan orqanizmi üçün ziyanı barədə onlar məlumatlandırır və bu barədə onlarla qarşılıqlı diskussiyalar aparırlar.

Bəşəri bəla olan narkomanlığın yayılması və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə rayon Ağsaqqallar Şurasının, Müharibə, Əmək, Silahlı Qüvvələr, Hüquq-Mühafizə Orqanları Veteranlar Şurasının rayon şöbəsi üzvlərinin, Rayon Gənclər və idman İdarəsinin nümayəndələrinin, hüquq-mühafizə işçilərinin orqanları əməkdaşlarının ilə ümumtəhsil müəssisələrində məktəblərin müəllim-valideyn kollektivlərinin birgə iştirakı ilə “Övladlarımızı narkomaniyadan qoruyaq” mövzusunda maarifləndirici toplantılar keçirilmişdir. Tədbirdə uşaqları zərərli vərdişlərdən qorunması yolları barədə söhbət aparılmışdır. Tədbirləri əks etrdirən görüntülər məktəblərin internet səhifələrində yerləşdirilmişdir.

Narkomanlıqla bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayanların və gənclərin yaşayış yerləri, işlədikləri və təhsil aldıqları inzibati ərazilər üzrə rayon Polis idarəsinin narkotiklərlə mübarizə bölməsinin əməkdaşları, İctimai təhlükəsizlik şöbəsinin və yetkinlik yaşına çatmayanlarla profilaktik işin təşkili bölməsinin işçiləri, ali və orta-ixtisas təhsil müəssisələrinin gənclər təşkilatlarının üzvləri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın üzvləri ilə birgə əlaqəli profilaktik tədbirlər həyata keçirirlər. Tədbirlərdə gənclərin asudə vaxtının səmərəli təşkil olunması, şagirdlərin siqaret çəkməsi, dərsdən yayınmasına və pis vərdişlərə yiyələnməsinə qarşı mövzularda çıxışlar edilir, fərdi söhbətlər və fikir mübadiləsi aparılır.

Ümumiyyətlə, 2013-2018-ci illər ərzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyası tərəfindən Nərimanov rayonu ərazisində fəaliyyət göstərən 23 ümumtəhsil, 3 peşə, 3 orta-ixtisas və 8 ali təhsil müəssisəni əhatə edən 120 tədbir keçirilmişdir. Həmin tədbirlərdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları iştirak etmişlər.

Rayon rəhbərliyinin, rayon ictimaiyyətinin, hüquq-mühafizə orqanlarının təmsilçilərinin, səhiyyə işçilərinin, fəal gənclərin qatıldıqları tədbirlərdə çıxış edənlər bu cür tədbirlərin maarifləndirici əhəmiyyətindən danışmış, narkomaniya və onun cəmiyyətdə törətdiyi fəsadlar haqqında ətraflı məlumat vermişlər. Bildirilmişdir ki, narkomaniyanın daha geniş insan kütləsini öz təsiri altına almaması üçün ölkəmizdə də maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyac var.

Hazırda Nərimanov rayonunda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə tədbirləri davam etdirilir.

İradə Mahmudova,

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik
Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyasının sədri




Baxılıb: 1292