Narkomaniyaya qarşı mübarizə hər bir hərbi qulluqçunun vəzifə borcudur

Narkomaniya – bəşərin ən qorxulu bəlası! Qorxulu ona görə ki, bu bəlaya mübtəla olanlar əksər hallarda onu dəf etməkdə aciz qalırlar. Bu, elə bir bataqlıqdır ki, narkotikə qurşanmış əksər insanlar isə, bu bataqlıqda məhv olub gedirlər.

Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik “Hepatit B”dir (“Hepatit B” qaraciyər iltihabına səbəb olan çox təhlükəli xəstəlikdir). Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar. Bu zaman hər bir xəstəliyə yoluxmaq olur, o cümlədən də “HİV" və "QİÇS” xəstəliyinə.

Narkotik maddələrin qəbul edilməsinin əsas dəhşətli faktı bir neçə dəfə ondan istifadə edən insanda ondan asılılığın yaratması faktıdır. İnsan artıq heç bir işlə məşğul ola bilmir, növbəti "doza" üçün hər növ alçalmağa, iyrənc hərəkət etməyə məcbur olur. Narkotik qəbul etdikcə ədəbsizlik və yalançılıq başlayır. Bütün maraqları, ümidləri və qarşısına qoyduğu məqsədləri getdikcə sönür.

Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə Qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir.

Narkotiklə və onun törətdiyi fəsadların aradan qaldırılması ilə mübarizə uzunmüddətli, çoxşaxəli cəmiyyətin bütün sferasını, həmçinin də Azərbaycan Ordusunu əhatə edən bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, ordu sıralarında hərbi xidmət keçmək üçün gələn mülki həyatda narkotik maddə aludəçisi  olan bir şəxs hərbi hissənin həyata keçirdiyi funksiyalar baxımından, yəni, hər bir əsgərə şəxsi silahın verilməsi baxımından bu cür şəxsləri  cinayətin törədən potensial namizədlər birinci sıralarında yer almasına səbəb ola bilər. Odur ki, bu baxımdan hərbi xidmətin ilk günlərində hərbi hissə komandanlığı birinci növbədə hərbi hissəyə hərbi xidmət keçməyə gələn hərbi qulluqçuların tibbi və psixoloji müayinəsinin aparılmasına, onlar ilə xüsusi psixoloji testlərin keçirilməsinə çox ciddi fikir verir.  Hər bir yeni gələn əsgər tam şəkildə yuxarıda qeyd edilən yoxlamalardan sağlam keçdikdən sonra öz şəxsi keyfiyyətlərinə, bilik, bacarığına, fiziki durumuna və sağlamlığının vəziyyətinə görə müvafiq vəzifələrə və bölmələrə təyin edilir.

Bu günlər ordu sıralarına hərbi xidmətə yeni gələn gənc əsgərlərin formalaşması istiqamətində də həyata keçirilən tədbirlər sırasında narkomaniya ilə mübarizə işinə ordu rəhbərliyi və hərbi hissə komandanlığı tərəfindən xüsusi diqqət yetirilir. Belə ki, bütün birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrində “Narkomanlığa və narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə” planları tərtib edilibdir. Bu tədbirlərdə hərbi hissə və bölmələrdə narkotik maddələrin qəbulunun və qanunsuz dövriyyəsinin qarşısının alınması, hərbi qulluqçuların antinarkotik ruhda tərbiyə edilməsi, narkotik maddələrin insanın sağlamlığına vurduğu zərərlər haqqında hərbi kollektivlərdə şəxsi heyət ilə ictimai-siyasi hazırlıq dərslərinin,  kütləvi idman tədbirləri, ümumi və fərdi tərbiyəvi söhbətlərin, disputların, sual-cavab gecələrinin, şəxsi heyətin hərbi mütəxəssislər və həkim psixoloqlar ilə görüşlərin keçirilməsi, şəxsi heyətin məlumatlarılması üçün hərbi hissənin ərazisində çoxlu sayda əyani təbliğat vasitələri olan poster və banerlərin, bölmələrdə (kazarmalarda) isə müvafiq lövhələrin vurulması, narkotik maddələrin qəbulunun qarşısının alınması məqsədi ilə  çox sayda qabaqlayıcı və profilaktik tədbirlər həyata keçirir və hərbi qarnizonlarda hərbi hissə və bölmələrin yerləşdiyi ərazilərdə yerli icra hakimiyyəti orqanları, müxtəlif dövlət və ictimai təşkilatlar ilə elmi-praktiki konfrans və seminarların keçirilməsini təşkil edir.    

Bu gün torpaqlarımızın 20 faizdən çoxunun işğal altında olması narkomanlıqla mübarizədə bəzi çətinliklər törədir. İşğal altında olan Azərbaycan ərazilərində - Dağlıq Qarabağda və ona bitişik bölgələrdə narkotiklərin yetişdirilməsi və onun satışından əldə edilən külli miqdarda gəlirin terrorçu qrupların yaradılması və təlim keçmələrinə istiqamətlənməsi təhlükənin miqyasını daha da artırır. Bu fakt işğal altında olan torpaqlarımızın nəzarətsiz zona olduğunu təsdiqləməklə yanaşı, Ermənistanın terroru dəstəkləyən, terror təşkilatlarının fəaliyyətinə geniş meydan açan ölkə olduğuna işıq salır. Təsdiqlənmiş faktdır ki, Ermənistan ordusunun zabitləri işğal altında olan Azərbaycan torpaqlarında yetişdirdikləri narkotik maddələrin transferi nəticəsində maddi vəziyyətlərini yaxşılaşdırırlar. Dövlət başçısı İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından Dağlıq Qarabağın nəzarətsiz zona olduğunu bəyan etmişdir. Azərbaycan dövlətinin uğurlu siyasəti Dağlıq Qarabağ probleminin tezliklə ədalətli həllini tapacağına inamı artırır.     

Narkomanlığın cəmiyyətə və insanların sağlamlığına ziyanı, bu sahədə görülən tədbirlər və onların nəticələri barədə hərbi qulluqçuların məlumatlandırılması istiqamətində ordu rəhbərliyinin Azərbaycan Ordusunda narkotiklərin və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə işinin səmərəliliyinin artırılması istiqamətində gördüyü məqsədyönlü işlər Azərbaycan Ordusunun şəxsi heyətinin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı ətrafında sıx birləşməsinə xidmət edərək, ölkənin müdafiə qabiliyyətinin artırılmasına, ordunun əməliyyat və döyüş qabiliyyətinin yüksəldilməsinə və tez bir zamanda işğal altında olan Azərbaycan torpaqlarının düşmən işğalından azad edilməsinə xidmət edir.

Müdafiə Nazirliyi




Baxılıb: 1380