“Narkotikaya yox deyək”

Ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin və müvafiq qurumların əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur.

Belə ki, bu məsələ ilk dəfə ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli Fərmanında öz əksini tapmaqla, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 24  iyun  2013-cü il  tarixli Sərəncamı  ilə  təsdiq  edilmiş  “Narkotik  vasitələrin,  psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığıa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət  Proqramı”nın  icrası ilə bağlı Mingəçevir  şəhərində  bir  sıra  mühüm  tədbirlər  həyata  keçirilmişdir.

Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatı  yanında  fəaliyyət  göstərən Narkomanlığa və  Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə  Qarşı  Mübarizə  üzrə  Komissiya  tərəfindən  hər il  bu  sahədə   görüləcək  işlərlə  bağlı iş  planı  tərtib  olunmuş, şəhərin aidiyyəti  təşkilatlarına  göndərilərək  icrasına nəzarət  edilmişdir.

İş planına uyğun olaraq şəhərdə fəaliyyət  göstərən 1 ali, 2 orta  ixtisas, 1 peşə  və  22  ümumtəhsil  məktəblərində  təhsil  alan  tələbə  və  şagirdlərlə  vaxtaşırı görüşlər təşkil olunur. Hesabat dövründə şəhərin ümumtəhsil  məktəblərində  “Zərərli  vərdişlərin  qarşısının  alınması”  mövzusunda  tədbirlər   təşkil  olunmuş, şagirdlərlə maarifləndirici söhbətlər aparılmışıdır. Tədbirlərdə şəhər İcra Hakimiyyətinin, Polis şöbəsinin  və  Narkoloji  dispanserin nümayəndələri məruzələr  etmiş,  şagirdlərə zərərli vərdişlərdən uzaq olmaları tövsiyə olunmuşdur. Gənclərlə “Narkotikaya  yox deyək”, “Əsrin bəlası”, “Ağ  ölüm” və  s. mövzularda söhbətlər aparılmış,  “dəyirmi  masa”lar, inşa  və rəsm müsabiqələri  keçirilmiş, film  və  videolar,  videoçarxlar  və  lentlər  nümayiş  etdirilmişdir. Şəhərin  təhsil  müəssisələrində  keçirilən  tədbirlər  yerli və respublika  KİV-lərində  işıqlandırılmışdır.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası məqsədilə 26 iyun-BMT-nin Narkotiklərlə Mübarizə Günü ilə əlaqədar Mingəçevir şəhərində narkomaniya, onun doğurduğu fəsadlar və s. barədə maarifləndirici tədbirlər keçirilmişdir. Yerli  komissiya  tərəfindən  tərtib edilmiş  qrafikə uyğun olaraq  tədbirlər  Mingəçevir Dövlət Universiteti, Tibb və Turizm kollecləri, Peşə məktəbi, şəhər Təhsil və Mədəniyyət şöbələri, Gənclər və idman idarəsi və şəhər Mərkəzi xəstəxanasında keçirilmişdir.

2013-2018-ci illərdə  narkotik  vasitələrin  qeyri-qanuni  hazırlanması, əldə   edilməsi, saxlanması və ya satışı ilə bağlı 370 cinayət faktı aşkarlanmış, 370 cinayət  faktı   üzrə  istintaq  aparılmışdır.  Əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılan şəxslərdən 378,888 qram heroin, 7647,187 qram qurudulmuş marixuana, 766,96 qram marixuana, 10,87856 qram çətənə, 1 ədəd gül dibçəyində çətənə, 6 ədəd çətənə gövdəsi, 465,234 qram tiryək, 14689,3 qram kanabis bitkiləri, 35,4 qram həşiş qətranı, 0,464 qram metofentomin, 9 ədəd (kapsul) preqabalin dərman preparatı götürülmüş, yandırma üsulu ilə məhv edilmişdir. Cinayətkarlar  arasında   yetkinlik   yaşına   çatmayanlar  olmamışdır.

Hesabat  dövründə  şəhər   xəstəxanası  və   apteklərindən   qanunsuz  əldə  edilmiş  dərman preparatlarının  istifadəsinə  dair cinayət  faktları aşkar  edilməmişdir.

2007-ci  ilin  may  ayından  başlayaraq  “Xaş-xaş” şərti  adı  altında  keçirilən  cinayət axtarış tədbirləri davam etdirilmiş və bu sahədə 9 cinayət faktı  aşkarlanmışdır.

Müvafiq dövrdə  Mingəçevir   Rayonlararası  Narkoloji  Dispanserinə  321 nəfər   xəstə   daxil   olmuşdur,  Xəstələrdən    230 nəfəri ətraf  rayon  əhalisi, 91 nəfəri  isə  şəhərdəndir.  203 nəfər  anonim  müalicə  almış, onlar arasında  yeniyetmələr   olmamışdır.

Hazırda  dispanserdə  520  nəfər   xəstə   qeydiyyatdadır.   

Əvvəlki illərdə olduğu kimi, bu müddət ərzində də KİV-də mütəmadi  olaraq narkomaniyanın insan sağlamlığına və həyatına yaratdığı təhlükə ilə əlaqədar  materiallar  və  reklam çarxları  hazırlanaraq  geniş tamaşaçı auditoriyasına  təqdim  olunmuşdur. Bununla yanaşı yerli mətbuat orqanları olan “Mingəçevir” və “Mingəçevir işıqları” qəzetlərində də narkomaniyaya qarşı mübarizə mövzularında bir sıra məqalələr çap  edilmişdir.

Mingəçevir şəhərində narkotik vasitələrin, psixotrop  maddələrin və onların  prekursorlarının qanunsuz  dövriyyəsi və narkomanlığa  qarşı  mübarizəyə   dair  Dövlət  Proqramının  həyata  keçirilməsi  ilə  bağlı  təsdiq  edilmiş plana uyğun  tədbirlərin  icrası  davam  etdirilir  və daimi  nəzarətdə  saxlanılır.

İlham İsmayılov,

Mingəçevir Şəhər İcra Hakimiyyətinin 

başçısı,  Narkomanlığa  və  Narkotik

Vasitələrin Qanunsuz   Dövriyyəsinə

Qarşı Mübarizə üzrə Komissiyanın sədri




Baxılıb: 1325