1 ton 61 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr məhv edildi.

  Məhkəmələrin qərarları ilə müsadirə  olunmuş bir tondan çox müxtəlif narkotik vasitələr,  psixotrop maddələr və onların prekursorları oktyabrın 4-də Binəqədi rayonundakı Bünyad Sərdarov adına maşınqayırma zavodunun ərazisində məhv edilib.

  Narkotiklərin məhv olunması prosesində Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov, Komissiyanın üzvləri və KİV nümayəndələri iştirak ediblər.

  Azərbaycan Respublikası Baş Nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib ki, son illərdə hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyədən çıxarılma faktları xeyrli artıbdır. Xüsusən Dövlət Gömrük Komitəsi sərhəd keçid məntəqələrində xeyli miqdarda narkotik vasitələr qanunsuz dövriyyədən çıxarmışdır. Belə ki, cari ilin 8 ayı ərzində 1 ton 800 kq-dan çox narkotik vasitələr və psixotrop maddələr dövriyyədən götürülüb ki, onun 800 kq-nı heroin təşkil edir. Qanunsuz dövriyyədən çıxarılmış 1 ton 800 kq narkotik vasitələrin qara bazar qiyməti 70 milyon AZN təşkil edir. Bundan əlavə Baş Nazirin müavini Əli Həsənov qeyd etdi ki, narkotiklərin kənardan ölkəmizin ərazisinə tranzit vasitəsilə keçidinə də cəhdlər artmışdır. Ona görə hüquq-mühafizə orqanları tərəfindən işlər ciddiləşib, bütün bu məsələr ölkə Prezidentinin diqqəti altındadır. Ölkəmizdə narkotiklərlə və narkomanlığa qarşı mübarizə üçün kifayət qədər hüquqi baza formalaşıb, həm milli hüquqi baza, həmçinin beynəlxalq səviyyədə qanunvericiliyimiz tam formalaşıb ki, bu problemlə əlaqədar ciddi mübarizə aparılsın.

  Eyni zamanda narkotiklərlə mübarizə sahəsində 3 Dövlət Proqramının icrası uğurla həyata keçirilmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə imzalanmış  "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın icrasına başlanılmışdır.

   Həmçinin, bu gün 579 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılan 1 ton 61 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə - 515 kiloqram 979 qram marixuana, 144 kiloqram 965 qram heroin, 328 kiloqram 848 qram tiryək, 62 kiloqram 726 qram həşiş qətranı, 2 kiloqram 79 qram kokain, 11 kiloqram 755 qram – 71 min 773 ədəd psixotrop maddə, o cümlədən 4599 çətənə bitkisi yandırılaraq məhv edilib.

   Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin qara bazarda ümumi dəyəri 35 milyon manat təşkil edir.

 




Baxılıb: 1806