Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və onun icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi məqsədilə cari ilin 30 oktyabr tarixində Dövlət Komissiyasının İşçi Qrupu Samux Rayon İcra Hakimiyyəti ilə birgə tədbir keçirmişdir.
Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşları, rayon komissiyasının üzvləri və aidiyyəti dövlət orqanlarının nümayəndələri iştirak etmişdir.
Çıxışlarda narkotiklərin insan orqanizminə məhvedici təsiri, narkomaniyanın doğurduğu faciələr, rayon komissiyasının narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması və belə tədbirlərə ictimaiyyət nümayəndələrinin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında məlumat verilib, eyni zamanda, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılmasının qarşısının alınması barədə tövsiyyələr də diqqətə çatdırılmışdır.
Bununla yanaşı, tədbir iştirakçılarını maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılmışdır.
Sonda rayon komissiyasına metodiki köməklik göstərilmiş və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan zəruri təbliğat materialları paylanmışdır.