Sağlamlığımızı qoruyaq - narkomaniyaya yox deyək

Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə davamlı siyasətdir.  

Narkotiklərdən qorunmağın ən yaxşı yolu ondan heç vaxt istifadə etməməkdir. Narkomaniyanın yayılması hər kəsin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur, həyati proseslərə qarşı laqeydlik yaradır. Narkomaniya orqanizmin zəifləməsinə, bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır.

Narkomaniya ilə mübarizə sahəsində respublikanın hər yerində olduğu kimi rayonumuzda da mütəmadi tədbirlər həyata keçirilir. Davamlı olaraq, Ağsu rayon Gənclər və İdman idarəsi tərəfindən 2019-cu il ərzində bu sahədə bir sıra tədbirlər həyata keçirilmişdir.

Belə ki, 18 aprel 2019-cu il tarixdə Ağsu şəhər 3 saylı tam otra məktəbində “Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə” Dövlət Proqramının 5.2. bəndinin 5.2.1. yarım bəndinin icrası ilə bağlı “Narkomanlıqla mübarizədə gənclərin rolu” mövzusunda seminar keçirilmişdir. Çıxış edənlər bildirmişlər ki, narkotizmlə mübarizə uzunmüddətli, çoxşaxəli bir prosesdir. Problemin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bir çox cinayətin törənmə səbəbləri arasında birinci sıralarda yer alan narkomanlığa aludəçilik həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Bundan əlavə seminarda iştirak edən yeniyetmə və gənclərə narkomaniyanın törətdiyi fəsadlar barədə geniş və ətraflı məlumat verilmişdir.

02 may 2019 - cu il tarixdə Ağsu şəhər 2 saylı tam orta məktəbində rayon İcra Hakimiyyətinin müvafiq şöbələri, Hüquq-mühafizə orqanları və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə narkomaniya aylığı çərçivəsində “Sağlamlığımızı qoruyaq-narkomaniyaya yox deyək” mövzusunda yığıncaq keçirilmişdir. Yığıncaqda iştirakçılara narkomaniyanın törətdiyi fəsadlar barədə qısametrajlı film nümayiş etdirilmişdir. Çıxış edənlər qeyd etdi ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qoruyur, dövlətçiliyimizi daha da möhkəmləndirmiş oluruq. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir.

19 iyun 2019-cu il tarixdə rayon Mərkəzi Kitabxanasında rayon Gənclər və İdman idarəsinin və İsmayıllı Regional Mədəniyyət idarəsinin rayon Mədəniyyət mərkəzinin birgə təşkilatçılığı ilə “Narkomaniya bəşəriyyətin bəlasıdır” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masanın iştirakçılarına Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 iyun 2013-cü il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013 - 2018-ci illər üçün Dövlət Proqramı”ndan bəhs edilmiş, dövlətimizin bu sahədə apardığı davamlı işlər onların nəzərinə çatdırılmışdır.

25 iyun 2019-cu il tarixdə Heydər Əliyev Mərkəzində “26 İyun - Narkomanlıq əleyhinə ümumdünya mübarizə günü”nə həsr olunmuş seminar keçirilmişdir. Seminarda rayon İcra Hakimiyyətinin, rayon Təhsil Şöbəsinin, İsmayıllı Regional Mədəniyyət idarəsinin rayon Mədəniyyət mərkəzinin, rayon Mərkəzi Xəstəxanasının və digər idarə və təşkilatların əməkdaşları iştirak etmişdir. Seminarda narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən bəhs edilmiş və bəşəriyyəti narahat edən bu bəlanın qarşısının alınmasının vacibliyi seminar iştirakçılarının nəzərinə çatdırılmışdır. Bu sahədə davamlı olaraq həyata keçirilən tədbirlər vurğulanmış, çıxış edənlər həmçinin bildirmişlər ki, həyata keçirilmiş tədbirlər nəticəsində ölkəmizin narkotiklərlə mübarizə üzrə beynəlxalq təşəbbüslərdə iştirakı daha intensiv xarakter almışdır.

09 iyul 2019 - cu il tarixdə Heydər Əliyev Mərkəzində “Azərbaycan gəncliyi 2017 - 2021-ci illərdə” Dövlət Proqramının 5.2. bəndinin 5.2.1. yarım bəndinin icrası ilə bağlı “Bəşəriyyəti təhlükəli bəladan qoruyaq” mövzusunda dəyirmi masa keçirilmişdir. Dəyirmi masa iştirakçılarına narkotik vasitələrdən istifadənin mənfi cəhətləri haqqında məlumat verilmiş və müasir cəmiyyətin inkişafı məqsədilə bu tip halların aradan qaldırılmasının vacibliyini vurğulanmışdır. Çıxış edənlər bildirmişlər ki, bəşəriyyəti narahat edən narkomaniya adlı bəlanın qarşısının alınması bu gün üçün ən aktual məsələlərdəndir.

26 noyabr 2019-cu il tarixdə Ağsu rayon Növcü kənd tam orta məktəbində rayon Təhsil Şöbəsinin, Hüquq-mühafizə orqanlarının və rayon Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda yığıncaq keçirilmişdir. Çıxış edənlər bildirmişlər ki, müasir dünyada cəmiyyəti narahat edən problemlər içərisində ən mürəkkəbi, faciəvi nəticələrə gətirib çıxaranı narkomaniya və narkobiznesdir. Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur. O, dünyada münaqişə və müharibə ocaqlarının, işğal və nəzarətsiz zonaların, nüvə bazalarının, terrorçu mərkəzlərin, mütəşəkkil cinayətkar qrupların yaradılması, silah alverinin güclənməsi sahəsində mühüm amil rolunu oynayır. Yığıncaq iştirakçıları narkomaniya ilə mübarizə və yeniyetmələrin bu təhlükəli bəlaya düçar olmasının qarşısının alınması məqsədilə bu tip tədbirlərin vaxtaşırı keçirilməsini məqsədəuyğun hesab etmişdir.

Kərimli Azər Arif oğlu,

Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı
mübarizə üzrə rayon komissiyasının üzvü,
Ağsu rayon Gənclər və İdman idarəsinin rəisi




Baxılıb: 1727