14 və 5 saylı cəzaçəkmə müəssisələrində narkomanlığa qarşı mübarizə mövzusunda tədbir keçirilmişdir

   Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2019-cu il 22 iyul tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu arasında imzalanmış “Tədbirlər Planı”na müvafiq olaraq cari ilin 20 dekabr tarixində 14 və 5 saylı cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin aparılması çərçivəsində  maarifləndirmə xarakterli tədbir keçirilmişdir.

   Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası İşçi Qrupunun rəhbər müavini və sektor müdiri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşı mövzu ətrafında çıxışlar edərək, narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar barədə ətraflı məlumatlar verilmişdir.

   Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış narkotik vasitələrin fəsadlarına dair əyani vəsaitlər, maarifləndirici bukletlər və xəbərdarlıq vərəqələri  məhkumlar arasında paylanılmışdır.




Baxılıb: 3642