Dövlət Komissiyasının İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi arasında birgə Tədbirlər Planı imzalanıb

   Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramının icrası ilə əlaqədar Bakı şəhəri üzrə təhsil müəssisələrində anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədi ilə Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə Tədbirlər Planı imzalanıb.

 Tədbirlər Planına əsasən 2020-ci il ərzində narkotik və psixotrop maddələrin fəsadları haqqında məlumatlılığın artırılması məqsədilə ümumitəhsil məktəblərində seminar-məşğələlər, şagirdlər arasında narkomanlığa qarşı intellektual və rəsm müsabiqələri, məktəb psixoloqları üçün narkomanlıq probleminə dair təlimlər,  məktəblərinin uşaq birliyi rəhbərləri, valideyn komitəsi sədrləri, məktəb-valideyn icmasının üzvləri üçün treninqlər və eləcə də müvafiq videofilmlərin nümayişi və zəruri təbliğat materiallarının paylanılması ilə əlaqədar bir sıra tədbirlər keçiriləcəkdir.




Baxılıb: 2063