Ötən il ümumi çəkisi 2 tondan çox müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılıb

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq müasir dünyanı ciddi narahat edən ən qlobal problemlərdən biridir. Eyni zamanda cəmiyyətin mənəvi və intellektual potensialının aşınmasına, genefondun tənəzzülünə və cinayətkarlığın artmasına səbəb olmaqla, terrorizmin maliyyə mənbəyi kimi beynəlxalq təhlükəsizliyə ən ciddi təhdidlərdən biri kimi qalmaqdadır.

Azərbaycanda sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması məqsədilə narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmişdir. Bu sahədə həyata keçirilən Dövlət proqramları çərçivəsində zəruri qanunvericilik bazası yaradılmış, institusional islahatlar həyata keçirilmiş, Azərbaycan müvafiq beynəlxalq sənədlərə və təşəbbüslərə qoşulmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə dövlət və hüquq-mühafizə orqanlarından konkret nəticələr tələb etməsi bu qlobal problemin ölkəmizdə yayılması təhlükəsinə qarşı Azərbaycanın qətiyyətli mövqeyini əks etdirir.

Belə ki, bu problemlə mübarizə  üzrə 3 Dövlət Proqramı uğurla icra edilmiş və hazırda 2019-2024-cü illəri əhatə edən 4-cü Dövlət Proqramı icra olunmaqdadır.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın məqsədi respublikada narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi, müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması, narkomanlığa düçar olmuş şəxslərin müalicəsi və reabilitasiyası istiqamətində müasir texnologiyaların, yeni üsulların tətbiqi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi, beynəlxalq təcrübədən istifadə etməklə ixtisaslaşmış seminarların keçirilməsi və digər genişmiqyaslı məsələlərdən ibarətdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransın 2019-cu ilin 15-17 aprel tarixlərində Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılmış və konfrans ən yüksək səviyyədə təşkil edilmişdir.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransda dünyanın 115 ölkəsindən 432 nümayəndə iştirak etmişdir.

Konfransın məqsədi narkotiklərin qanunsuz dövriyyəsi və çirkli pulların yuyulması ilə mübarizədə beynəlxalq təcrübənin öyrənilməsi, müvafiq sahədə əməkdaşlığın daha da gücləndirməsi olmuşdur. Bu konfrans, həmçinin digər dövlətlərlə səmərəli təcrübə mübadiləsinə imkan yaratmışdır.       

Beynəlxalq konfrans çərçivəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı mövcud olan müasir mübarizə üsullarından mütəxəssislərin bəhrələnməsinə şərait yaradılmış, eyni zamanda, konfrans işini regional işçi qrupların müzakirəsi və seminar sessiyaları ilə davam etdirmişdir.

Dünyada getdikcə daha da intensivləşən iqtisadi inteqrasiya, ticarət və geniş həcmli yükdaşımaların təşkili üçün ölkələr arasında nəqliyyat əlaqələrinin genişlənməsi dünyanın bəzi regionlarında istehsal edilən narkotik vasitələrin digər ölkələrə yayılması ilə müşayiət olunur.

Azərbaycan müasir nəqliyyat infrastrukturuna malik olmaqla beynəlxalq yük daşımalarda Avropa ilə Asiya arasında mühüm tranzit ölkədir. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əsas problem də xaricdən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərlə bağlıdır. Bəlli olduğu kimi bu, ilk növbədə Şərqdən Qərbə tranzit baxımından respublikanın əlverişli coğrafi mövqedə yerləşməsi ilə şərtlənir.

Belə ki, 2019-cu ilin 11 ayı ərzində narkotiklərlə mübarizə sahəsində hüquq-mühafizə orqanları tərəfindən 4140 fakt aşkar edilmişdir ki, onlardan 1360-ı satış, 2454-ü saxlama, 268-i qanunsuz olaraq narkotik xassəli bitkiləri kultivasiya etmə, 58-i isə digərləri təşkil etmişdir. Aşkar edilmiş faktlar üzrə ümumi çəkisi 2 tondan artıq müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr qanunsuz dövriyyədən çıxarılmışdır. Bundan əlavə, 330 kq prekursor, 12 kq 620 qr güclü təsir edən zəhərli maddə qanunsuz dövriyyədən götürülmüşdür.

Müsadirə olunan narkotik vasitələrin və psixotrop maddələrin 751 kq 619 qramını marixuana, 264 kq 408 qramını tiryək, 843 kq 996 qramını heroin, 22 kq 812 qramını həşiş, 93 kq 101,8 qramını psixotrop maddələr, 117 kq 678 qramını digərləri təşkil etmişdir.

Cinayət məsuliyyətinə 3111 nəfər cəlb edilmişdir ki, onlardan 18 yaşadək 10 nəfər,       18-25 yaş 257 nəfər, 26-29 yaş 481 nəfər, 30 yaşdan yuxarı isə 2363 nəfər təşkil edir.

2019-cu ilin oktyabr ayının 4-də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri və üzvlərinin iştirakı ilə Binəqədi rayonunun ərazisində yerləşən  Bünyad Sərdarov adına maşınqayırma zavodunda qanunvericiliyə uyğun olaraq müsadirə edilməklə barəsində məhvetmə qərarı qəbul edilmiş 579 məhkəmə hökmü ilə çəkisi 1 ton 61 kiloqramdan çox müxtəlif növ narkotik vasitə və psixotrop maddə - 515 kiloqram 979 qram marixuana, 144 kiloqram 965 qram heroin, 328 kiloqram 848 qram tiryək, 62 kiloqram 726 qram həşiş qətranı, 2 kiloqram 79 qram kokain, 11 kiloqram 755 qram - 71 min 773 ədəd psixotrop maddə, o cümlədən 4599 çətənə bitkisi yandırılaraq məhv edilib.

26 iyun-Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü ərəfəsində “Narkomaniyaya birlikdə yox deyək” şüarı (iki formada) 2019-cu ilin 24 iyun tarixindən etibarən (5 gün müddətində) Bakı Nəqliyyat Agentliyinin elektron informasiya terminallarında nümayiş olunmuşdur.

2019-cu ilin 25 iyun tarixindən etibarən “Narkomaniyaya birlikdə yox deyək” adlı şüar “BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtobuslarında mövcud olan monitorlarda yayımlanıb.

“Çalış ki, narkotikə hədəf olmayasan” adlı sosial çarx ötən  ilin 27 iyun tarixindən başlayaraq (40 gün müddətinə) Bakı şəhərinin bir sıra küçə və prospektlərdə mövcud olan reklam monitorlarında nümayiş olunub.

Sağlam həyat tərzinin təbliği ilə bağlı hazırlanmış sosial çarx 2019-cu ilin 29 iyun tarixindən başlayaraq (30 gün müddətinə) “Park Bulvar” və “Metro Park” ticarət və əyləncə mərkəzlərində mövcud olan monitorlarında yayımlanmışdır.

Qeyd olunanlardan əlavə 2019-cu ilin 9 iyul tarixindən etibarən ictimai maarifləndirmə tədbirlərinin təşkili ilə əlaqədar sağlam həyat tərzinin təbliği və  narkotiklərin ziyanı ilə bağlı əhalini məlumatlandırmaq məqsədi ilə “Azercell” MMC və “Bakcell” MMC-nin  ümumilikdə 5 milyondan çox abunəçisinə SMS şəklində zəruri bildiriş və əlaqə vasitələrinin (Dövlət Komissiyasının İşçi Qrupu: Ən doğru seçim-narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, DİN 012/590-21-10, RNM 012/455-07-61) göndərilməsi təmin edilib.

2019-cu il ərzində maarifləndirmə işinin daha da səmərəli təşkili məqsədi ilə narkomanlığın zərəri ilə bağlı hazırlanan ümumilikdə 20 ədəd sosial lövhə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin “Memar Əcəmi”, “Koroğlu”, “Azadlıq”, “Həzi Aslanov”, “Əhmədli”, “Xalqlar Dostluğu”, “İnşaatçılar”, “Nəsimi”, “Gənclik” və  “Nəriman Nərimanov” stansiyalarında quraşdırılıb.

Dövlət Komissiyasının İşçi Qrupunun Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığı çərçivəsində Bakı şəhərinin avtobus dayanacaqlarında üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar əks olunan 40 ədəd lövhə quraşdırılıb.

Bakı şəhərinin bir sıra küçə və prospektlərdə olan elektron lövhələrdə və Metro Park Ticarət və Əyləncə Mərkəzinin monitorlarında sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağl hazırlanmış yeni sosial çarxın yayımlanması təmin edilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası zamanı işlərin müvafiq yerli orqanlarla əlaqələndirilməsi, narkomanlığın qarşısının alınması ilə bağlı təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, davamlılığının təmin edilməsi məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən 2019-cu il ərzində Bakı şəhərinin Səbail, Nərimanov, Binəqədi, Nizami, Pirallahı, respublikanın Gəncə, Şirvan, Mingəçevir, Lənkəran,  Şəki, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, İsmayıllı, Qəbələ, Zaqatala, Balakən, Qazax, Ağstafa, Samux, Cəlilabad, Astara, Masallı, Lerik  Yevlax, Salyan, Şəmkir, Göygol, Tovuz, Gədəbəy, Hacıqabul, Saatlı, Sabirabad şəhər və rayon İcra Hakimiyyətləri ilə birgə tədbirlər təşkil edilmişdir.

Qeyd olunanlarla yanaşı, Dövlət Proqramının 4.4.25-ci bəndinə müvafiq olaraq tələbələr arasında antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədi ilə  Azərbaycan Turizm və Menecment Universitetində, Azərbaycan Dövlət Pedoqoji Universitetində, və 2 saylı Tibb Kollecində “Narkomanlığa qarşı mübarizədə gənclərin rolu” mövzusunda maarifləndirmə tədbirləri keçirilimişdir

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumların təqdim edikləri hesabatlar əsasında hazırlanmış “Azərbaycan Respublikasında Narkotiklərə nəzarət sahəsində 2018-ci ilə dair Ölkə Məruzəsi” və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” jurnal formasında nəşr edilərək aidiyyəti icraçı orqanlara göndərilməsi təmin edilmişdir.

Dövlət Proqramının icrası ilə əlaqədar 2019-2020-ci dərs ili ərzində Bakı şəhəri üzrə təhsil müəssisələrində anti-narkotik təbliğat işinin gücləndirilməsi məqsədi ilə Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında birgə Tədbirlər Planı imzalanmışdır.

Eyni zamanda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na müvafiq olaraq cəzaçəkmə müəssisələrində anti-narkotik təbliğat işinin daha da gücləndirilməs iməqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2020-ci il üçün birgə Tədbirlər Planı imzalanıb.

Beləliklə, ölkəmizdə narkomaniya ilə mübarizənin məhz dövlət və ümummilli siyasət səviyyəsinə qaldırılması, narkomanlığın profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, ölkə Prezidenti cənab İlham Əliyevin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri bəlanın ərazimizdə yayılması təhlükəsinə Azərbaycanın bugünkü münasibətini xarakterizə edir.

Eyni zamanda Azərbaycan Respublikasının narkotik vasitələrin qanunsuz döviriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə aparmağa hər cür əsası vardır. Ölkə Prezidentinin fədakar səyləri nəticəsində əldə edilmiş siyasi sabitlik, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dövlət nəzarəti, Azərbaycan xalqının qədim tarixi, milli adət və ənənələri, zəngin mədəniyyəti belə əsaslardandır.

Fəqan Şahverdiyev,

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz
Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət
Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri




Baxılıb: 1106