Narkomaniya ümumbəşəri bəladır

Qlobal  dünyada cəmiyyəti narahat edən problemlərdən biri  narkomaniya və narkobiznesdir.  O, dünyada münaqişə  ocaqlarının,  nəzarətsiz zonaların, terrorçu mərkəzlərin və  mütəşəkkil cinayətkar qrupların yaradılmasında, silah alverinin güclənməsində  mühüm amillərdən biridir. Bir faktı da xüsusi qeyd etməliyik ki,  30 ildən artıqdır ki, davam edən Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsi  narkotiklərin ölkə ərazisində qanunsuz dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Dövlətimizin başçısı  İlham Əliyev ən yüksək tribunalardan Dağlıq Qarabağın nəzarətsiz zona olduğunu, işğal olunmuş ərazilərimizdə narkotik tərkibli bitkilərin yetişdirildiyini, onlardan əldə olunan vəsaitlərin cirkin niyyətlərin həyata keçirilməsinə yönəldiyini bəyan edib. Bu fakt inkaredilməzdir ki,  Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotiklərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz zona kimi istifadə olunur və olunmaqdadır.

Bu statistika  BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin hesablamalarında açıqlanır ki,  dünyada narkotiklərin ticarəti neft və silah alverindən sonra üçüncü ən çox gəlir gətirən sahədir. Dünyada milyonlarla, ölkəmizdə minlərlə insan bu bəladan əziyyət çəkir. “Ağ ölüm”lə mübarizə təbii ki, birgə işimiz olmalıdır. Ən əsası bu baxımdan ki, hər bir ölkənin gələcək inkişafında  aparıcı rola malik olan gənclər və yeniyetmələr bu bəlaya daha çox yoluxan və ondan əziyyət çəkən kateqoriyadır. Belə bir həyacan təbilinin çalınmasını şərtləndirən amillərdən biri məhz hesabatlarda   gənclər və yeniyetmələr arasında narkotiklərə aludəçiliyin sürtəl inkişaf etməsi faktının öz əksini tapmasıdır.  

Hər bir məsələnin həllində  qəbul olunan qərarların, sənədlərin kağız üzərində qalmaması, birgə səylərin nəticəsində hədəflərə doğru addımların atılması xüsusi yer tutur.  Çünki reallıq budur ki,  narkomaniyaya qarşı mübarizə tək bir ölkənin, bir qurumun, təşkilatın  deyil, ümumilikdə dünyanı narahat edən məsələ olduğu üçün birgə addımların atılmasını tələb edən problemdir.  Bir məqamı da unutmayaq ki, BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən, artıq  dünya əhalisi 26 iyunu “Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı ümumdünya mübarizə günü” kimi qeyd edir. Bütün dünyaya çağırış olan bu tarixi gün istər hər bir ölkə, istərsə də ümumilikdə dünyada  hansı nəticələrə nail olunduğunu açıqlamalı, əldə olunan nəticələrin fonunda qarşıdakı dövrün  vəzifələrini və görüləcək işləri müəyyənləşdirməlidir. 

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, ölkəmizdə  narkotizmlə və narkobizneslə mübarizənin əsası 1999-cu ildə  ulu öndər  Heydər Əliyevin rəhbərliyi ilə qəbul edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Qanunla  qoyulmuşdur.  Ümummilli Liderin  15 iyul 2000-ci il tarixli Fərmanı ilə “2000-2006-cı ilədək narkomanlığın yayılmasına, narkotik vasitələrin, psixotrop maddələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə üzrə” Milli Proqram” qəbul edilmişdir.  Bu sənədin tələblərindən irəli gələn məsələlərin həlli, eləcə də aidiyyəti dövlət orqanları arasında qarşılıqlı əlaqələrin təşkil edilməsi və nəzarət mexanizminin həyata keçirilməsi məqsədilə xüsusi Dövlət Komissiyası yaradılmışdır.  Son 16 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev  bu sahədə də mövcud qanunların təkmilləşdirilməsinə,  yeni Dövlət Proqramının qəbuluna nail olmuşdur. Cənab İlham Əliyev ölkə ərazisində narkomaniya və narkobiznesə qarşı mübarizədə uğurlar əldə etmək üçün bütün adiyyəti  strukturların fəaliyyətinin əlaqələndirilməsinin başlıca meyar olduğunu qeyd edərək,   narkotiklərlə mübarizə sahəsində qabaqcıl dünya təcrübəsinə əsaslanan kompleks tədbirləri  sistemli şəkildə həyata keçirir.  2005-ci ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”  Qanun  qəbul olunmuşdur. Bu sənəd  narkotiklərlə mübarizə istiqamətində müvafiq dövlət və ictimai qurumlar qarşısında konkret vəzifələr qoymuş və bu istiqamətdə fəaliyyətin hüquqi bazasını təşkil etmişdir. Həmçinin ölkə Prezidenti  İlham Əliyevin  28 iyun 2007-ci il tarixli Sərancamı ilə  “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə uzrə Proqram”ı (2007-2012-ci illər)” təsdiq edilmişdir.   Ötən il  ölkə Prezidenti İlham Əliyevin  22 iyul  2019-cu il  tarixli Sərəncamı ilə təsdiq  edilmiş “Narkotik vasitələrin  psixotrop maddələrin və onların  prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlərə diqqət yetirək.

Narkotiklərlə mübarizə sahəsində qəbul edilmiş qanunları, ölkə Prezidentinin Fərman və sərəncamlarını, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin və Bakı şəhər Baş Polis İdarəsinin əmr, göstəriş və kollegiya qərarlarını əldə rəhbər tutaraq, ötən ildə paytaxtın  hər bir rayonunda müvafiq  RPİ NMB-si ərazi polis bölmələri ilə birlikdə narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması  məqsədilə kompleks tədbirlər təşkil olunmuş, bu növ cinayətlərlə məşğul olan şəxslər tutularaq cinayət məsuliyyətinə cəlb edilmiş, çoxsaylı maarifləndirici tədbirlər həyata keçirilmişdir. Belə ki, Bakı şəhərinin on iki rayonu üzrə fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə komissiyalar narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərlə bağlı  tərtib olunmuş 2019-cu ilə dair iş planına uyğun olaraq müvafiq qurumların- Bakı Şəhər Gənclər və İdman  İdarəsinin,  Mədəniyyət və Turizm İdarəsinin,   Baş Polis İdarəsinin,  Baş Səhiyyə İdarəsinin və  Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin  birgə iştirakı ilə   müxtəlif istiqamətlərdə, o cümlədən  Sabunçu, Suraxanı, Nərimanov, Binəqədi rayonlarında “Narkomaniya sosial təhlukədir”, “Narkotik gəncliyi məhv edir”, “Azərbaycan gəncləri narkotik əleyhinə”, Səbail, Nizami, Pirallahı, Qaradağ rayonlarında “Narkomaniya-ağ ölüm”, “Narkomaniyaya yox deyək”, “Mən yaşamaq istəyirəm”, “Narkomaniya ümumbəşəri bəladır”,  Yasamal, Xətai, Xəzər, Nəsimi rayonlarında “Zərərli vərdişlərə yox deyək”, “Narkotiksiz gələcək və sağlam həyat”, “Narkomaniya nədir?”, “Narkomanlıq uçuruma aparan yoldur”, “Narkomaniya ilə mübarızə”, “Birlikdə narkomaniyaya qarşı”  və  sair mövzularda  ümumilikdə 317 tədbir keçirilmişdir. Ali təhsil, orta ixtisas, orta ümumtəhsil müəssisələri də daxil olmaqla digər məkanlarda keçirilən maarifləndirici tədbirlərdə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının, psixoloqların, din xadimlərinin, ziyalıların, həkim-narkoloqların iştirakı təmin edilmiş, iştirakçılara mövzu ilə bağlı ətraflı məlumatlar verilmiş, sualları çavablandırılmış, maarifləndirici bukletlər paylanılmış, video-çarxlar nümayiş etdirilmiş, tədbirlər yazılı və elektron KİV-lərdə işıqlandırılmışdır.

Bakı şəhəri üzrə fəaliyyət göstərən “Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə” komissiyaları Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin  22 iyul 2019-cu il tarixli  Sərəncamı ilə təsdiq    edilmiş “Narkotik vasitələrin, psixotrop maddələri  və onların perekursorlarının qanunsuz dövriyyəsinə və  narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər  üçün Dövlət Proqramı”nı rəhbər tutaraq, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılmasının qarşısının alınması, narkomaniyadan əziyyət çəkən səxslərin müalicə edilməklə sağlam həyata qaytarılması, əhaliyə, xüsusilə də yeniyetmə və gənclərə  narkomaniya və onun insan, cəmiyyət, bütövlükdə dövlət üçün necə böyük bir bəla, faciə olmasını təbliğ edən tədbirləri  mütəmadi təşkil etməklə fəaliyyətlərini daha da gücləndirmiş və cari ildə də bu istiqamətdə tədbirlər davamlı olaraq həyata keçiriləcək.  Məqsəd sağlam gələcəyimizə, günbəgün möhkəmlənən, qüdrətlənən, hər sahədə təcrübəsi nümunə göstərilən Azərbaycanın daha da çiçəklənməsinə töhfə verməkdir.

Könül Əfəndiyeva,

Bakı Şəhər İcra Hakimiyyətinin nəzdindəki Narkomanlığa və
Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi




Baxılıb: 1423