Narkomaniya ümumbəşəri bəladır

2019-cu il ərzində təhsil müəssisələri tərəfindən narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işləri aparılmış, bu məqsədlə şagird və tələbələr arasında “Narkomaniyaya “yox” deyək!” mövzusunda görüşlər, “dəyirmi masa”lar təşkil edilmiş, tədbirlərə hüquq-mühafizə orqanlarının nümayəndələri və səhiyyə işçiləri dəvət olunmuşlar. Eyni zamanda, “Narkotik maddələrin ziyanı”, “Narkomaniyanın fəsadları” barədə uşaqlara və gənclərə, valideynlərə və təhsil işçilərinə məlumatlar verilmiş, bu mövzuda hazırlanmış çap materialları, bukletlər paylanılmışdır.

Ötən il ərzində paytaxtın təhsil müəssisələrində “Azərbaycan gəncləri narkotikə “yox” deyir”, “Narkomaniya ümumbəşəri bəladır”, “Narkomaniyaya yox deyək, sağlam həyat seçək”, “Narkomaniyasız gələcək”, “Narkotik vasitələr və onun törətdiyi bəlalar”, “Gələcəyimizi sağlam quraq”, “Narkomaniya və zərərli vərdişlərlə mübarizə yolları”, “Narkotiklərin fiziki təsirləri”, “Milli təfəkkürümüzə, milli-mənəvi dəyərlərimizə yad olan təzahürlərə “yox” deyək”, “QİÇS və narkomaniyaya qarşı mübarizəyə sən də qoşul”, “Narkomaniyanın yayılmasının qarşısının alınması yolları”, “Sağlam həyat tərzi” mövzularında konfrans, seminar, mühazirə, “dəyirmi masa”, “açıq dərs” və sinif saatları, təbliğat və təşviqat xarakterli aksiyalar, inşa yazı müsabiqələri, rəsm sərgiləri, mədəni-kütləvi tədbirlər və idman yarışları keçirilmişdir.

Təhsil Nazirliyi tərəfində seçilmiş ümumi təhsil müəssisələrində həyata keçirilən “Sağlam təhsil - sağlam millət” layihəsi çərçivəsində hazırlanmış “Sinif gigiyenası” adlı vəsaitdə sağlam həyat tərzinin təbliği və narkomanlığın ziyanı ilə bağlı məlumatlara da geniş yer verilmişdir.

Respublikada fəaliyyət göstərən internat məktəblərində daxili işlər və səhiyyə orqanlarının nümayəndələrinin iştirakı ilə narkomaniya, narkotik vasitələr və onun orqanizmə zərərli təsiri barədə maarifləndirici tədbirlər keçirilmişdir.

Peşə təhsili müəssisələrində yerli hüquq-mühafizə orqanlarının  əməkdaşlarının iştirakı ilə tütündən istifadə, narkomaniya və digər psixoaktiv maddələrin qəbulu, QİÇS və digər infeksion xəstəliklərə yoluxmanın qarşısını almaq məqsədilə mühazirələr, maarifləndirici və profilaktik görüşlər təşkil edilmiş, videomateriallar nümayiş etdirilmiş və “Narkomaniyaya “yox” deyək”, “Antinarkomaniyaya qarşı təbliğatın gücləndirilməsi barəsində maarifləndirmə işinin aparılması”, 26 iyun -BMT-nin Narkotiklərlə Mübarizə Günü, “Narkomaniya əsrin bəlasıdır”, “Zərərli vərdişlər və onların profilaktikası”,  “Narkomaniya ağ ölümdür” kimi mövzularda tədbirlər təşkil edilmişdir.

Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən hazırlanmış məktəb psixoloqları üçün ixtisasartırma proqramına narkotik vasitələrdən qorunma yolları ilə bağlı müddəa da əlavə edilmişdir.

Dövlət Proqramının aidiyyəti tədbirlərinin icrasını təmin etmək məqsədi ilə bir çox ali və orta ixtisas təhsil müəssisələrində konfranslar, disputlar, seminarlar keçirilmiş, sərgilər təşkil olunmuş, bu tədbirlər çərçivəsində narkomaniyaya düçar olmuş şəxslərin aqibətini əks etdirən müxtəlif tamaşalar, “Gənclər zərərli vərdişlərə qarşı”, “Tütün və tütün məmulatlarının istifadəsinin azaldılması”, “Sağlam həyat tərzi” və “Tələbələrə fiziki aktivliyin aşılanması” mövzularında videoçarxlar nümayiş etdirilmişdir.

Bakı Dövlət Universitetində Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində “Mən öz gələcəyimi seçirəm” mövzusunda seminar təşkil olunmuşdur. Seminarda Amerika Birləşmiş Ştatlarının Narkotiklərlə Mübarizə İdarəsinin San-Dieqo şəhərində fəaliyyət göstərən əməkdaşı, IDEC Konfransının “Tələbatın Azaldılması Təhsil Proqramı”nın təşkilatçısı Rokuelle E.Herron mühazirələr oxumuşdur.

Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası tərəfindən 2018-2019-cu tədris ilində keçirilən məktəblər arasında respublika çempionatına yekun vurulmuş, yarışlarda basketbol idman növündə 1442 orta məktəb üzrə 69216 şagird, voleybol idman növündə 1303 orta məktəb üzrə 62544 şagird, atletika idman növündə 2262 orta məktəb üzrə 54288 şagird, şahmat idman növündə 675 orta məktəb üzrə 16200 şagird iştirak etmişdir. Ümumilikdə yarışlara 4 idman növü üzrə 2397 məktəb, 202248 şagird qatılmışdır.

Əhəmiyyəti nəzərə alınaraq bu yarışların cari tədris ilində də keçirilməsi qərara alınmış, ümumtəhsil məktəblərinin şagirdləri arasında şahmat (2-4-cü siniflər), atletika (5-7-ci siniflər), voleybol (qızlar, 7-9-ci siniflər), basketbol (oğlanlar, 9-10-cu siniflər) və stolüstü tennis (9-10-cu siniflər) idman növləri üzrə yarışların məktəb və rayon mərhələləri keçirilmişdir. Yarışlara basketbol idman növü üzrə 1436, voleybol üzrə 1415, atletika üzrə 2338, şahmat üzrə 996 və stolüstü tennis üzrə 778 məktəb qoşulmuşdur. Çempionatın məktəb mərhələsində 2515 ümumi təhsil müəssisəsindən 200 mindən artıq şagird müxtəlif idman növləri üzrə mübarizəyə qoşulmuşdur.

GameTV.az prodüser mərkəzinin təşəbbüsü və Təhsil Nazirliyinin təşkilati dəstəyi ilə Breyn-Rinq üzrə “Bilik” kuboku intellektual oyunu, “Əlaçı” intellektual oyununun 8-ci mövsümü, Təhsil Nazirliyinin təşkilatçılığı və Azərbaycan İntellektual Klublar Assosiasiyasının dəstəyi ilə “Nəsimi İli”nə həsr olunmuş intellektual oyun çempionatı, Təhsil Nazirliyi və Azərbaycan Şən və Hazırcavablar Klubunun birgə təşkilatçılığı və 16 ali təhsil müəssisəsinin iştirakı ilə Regional Liqa, məktəblilər arasında Breyn-Rinq üzrə respublika çempionatının final mərhələsi, Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi, Azərbaycan İntellektual Klublar Assosiasiyasının təşkilatçılığı ilə Breyn-Rinq üzrə “Nar” kuboku intellektual oyunu keçirilmişdir. Çempionatda 11 ali təhsil müəssisəsi, ümumilikdə isə 34 komanda mübarizə aparmışdır. Yarışlarda Bakı şəhərindən 3000-dən artıq məktəbli tamaşaçı qismində iştirak etmişdir.

Təhsil Nazirliyi




Baxılıb: 1367