Səbaildə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının növbəti onlayn tədbiri keçirilmişdir

     İyulun 2-də Səbail Rayon İcra Hakimiyyətində fəaliyyət göstərən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri, Səbail RİH başçısının müavini Eldar Ağayevin sədrliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyevin, Səbail Rayon Polis İdarəsinin rəis müavini Orxan Axundzadənin, Daxili İşlər Nazirliyinin Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədovun, Səbail Rayon Gənclər və İdman İdarəsinin məsul əməkdaşlarının və rayon ərazisində fəaliyyət göstərən təhsil müəssissələrinin direktorları və psixoloqlarının iştirakı ilə videokonfrans keçirilmişdir.

   Tədbiri giriş sözü ilə açan RİH başçısının müavini Eldar Ağayev bildirmişdir ki: “Ölkədə sosial-iqtisadi sabitliyin təmin edilməsi, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi ilk dəfə “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” Ümummilli Lider Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli 485 nömrəli Fərmanında müəyyən edilmişdir. Bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilərək, müvafiq sərəncamı ilə bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədi ilə 2024-cü ilə qədər olan dövrü əhatə edən, sayca beşinci “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir”. RİH başçısının müavini Eldar Ağayev rayonda yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərlən qorunması üçün aparılan işlər barədə ətraflı məlumat vermiş, gənc nəslin savadlı, vətənpərvər ruhda boyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli olan işlərdən və qarşıda duran vəzifələrdən danışmışdır.

     Tədbir zamanı çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev müasir dövrün ən qorxulu fəsadlarından olan narkomaniya, onun fəsadları barədə söhbət açaraq qeyd etmişdir ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. O, ölkədə narkomaniyaya qarşı keçirilən tədbirlər, görülən profilaktik işlər barədə məlumat vermişdir.

    Sonda tədbir iştirakçıları rayon ərazisində narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatının, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması, gənc nəslin sağlamlığının qorunması istiqamətində fikir və təkliflər irəli sürərək müəyyən tövsiyyələr vermişlər.




Baxılıb: 1145