Narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

    Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə maarifləndirmə  tədbirlərinin təsirliyinin artırılması və əhatəsinin genişləndirilməsi istiqamətində aidiyyəti qurumlar ilə birlikdə bir sıra tədbirlər həyata keçirilmişdir.

    Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vasitəsi ilə müvafiq mətnli SMS bildiriş (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və heç bir halda ondan istifadə etməyək! www.nmdk.gov.az, Qaynar xət:802) ölkə üzrə fəaliyyət göstərən “Azercell”,“Bakcell” və “Azərfon” mobil rabitə operatorları tərəfindən ümumilikdə 7 milyon 750 min aktiv abunəçiyə göndərilməsi təmin edilmişdir.

   Tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlarının iştirakı ilə Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Qərbi Kaspi Universiteti və Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci ilə birgə vebinarlar keçirilmiş, eyni zamanda Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən digər ali və orta ixtisas təhsili müəssisələrində də “Narkotiklər haqqında həqiqəti öyrənək” mövzusunda videokonfrans şəklində tədbirlər təşkil edilmişdir.

    “Narkomanlığa birlikdə yox deyək” şüarı cari ilin 24 iyun tarixindən etibarən (5 gün müddətində) Bakı Nəqliyyat Agentliyi vasitəsi ilə elektron informasiya terminallarında və avtobuslarda mövcud olan monitorlarda nümayiş olunmuşdur.

    Eyni zamanda cari ilin 24 iyun tarixindən etibarən(1 ay müddətinə) “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair video çarx, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial roliklərin Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində və metro stansiyalarında nümayişi təmin edilmişdir.

    Bundan əlavə Bakı şəhəri üzrə Səbail, Nəsimi, Nərimanov, Nizami, Binəqədi, respublikanın Sumqayıt, Şirvan və Qəbələ şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları ilə birgə təşkil edilən videokonfrans şəklində maarifləndirici tədbirlərdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlarının iştirak etmiş, eyni zamanda digər şəhər və rayon komissiyaları tərəfindən də silsilə tədbirlər keçirilmişdir.




Baxılıb: 1127