Narkomaniya sosial təhlükə kimi

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən də narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, ictimai maarifləndirmə işinin əhatəsinin genişləndirilməsi istiqamətində müntəzəm olaraq tədbirlər həyata keçirilir. Komitənin təşkilatçılığı ilə paytaxtın ictimai yerlərində, eləcə də, ictimai nəqliyyatda narkotik vasitələr, psixotrop maddələrin yaratdığı fəsadlardan bəhs edən maarifləndirici poster və bannerlər nümayiş etdirilir. Komitə tərəfindən aşkarlanan və ya dövlət qurumuna edilmiş müraciətlər əsasında özünün, yaxud ailə üzvlərinin narkotik asılılıqdan əziyyət çəkdiyini bildirən şəxslərlə iş aparılır, onların müalicəyə cəlb edilməsi ilə bağlı müvafiq tədbirlər görülür.

Ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli mübarizə üsullarının müəyyənləşdirilməsi, habelə narkomanlığın müalicə metodlarının təkmilləşdirilməsi istiqamətində əsaslı qanunvericilik tədbirləri həyata keçirilib, beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq münasibətləri qurulub.

Komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan, İsmayıllı, Ağdam, Göygöl, Goranboy, Saatlı, Sabirabad, Hacıqabul, Zaqatala, Zərdab, Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinə əsasən narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə ictimaiyyətin məlumatlandırılması istiqamətində elektron materiallar hazırlanaraq internetdə yerləşdirilib, mütəxəssislər, valideyn, müəllim və şagirdlər üçün maarifləndirici, profilaktik tədbirlər həyata keçirilib. Ümumilikdə 500 nəfərin iştirakı ilə təşkil olunan tədbirlər COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar onlayn qaydada icra edilib. Həyata keçirilən layihələr çərçivəsində iştirakçılara elekton maarifləndirici materiallar təqdim olunub. Bununla yanaşı yeniyetmələr arasında sağlam həyat tərzinin təbliği, zərərli vərdişlərin mənfi nəticələri barədə “Sağlam həyat tərzi. Ziyanlı vərdişlərin insan sağlamlığına təsiri“, “Pandemiya dövründə sağlam həyat tərzinin vacibliyi”, “Sağlam həyat tərzi. QİÇS-dən qorunma yolları” adlı onlayn tədbirlər keçirilib. Ümumilikdə tədbirlərdən 360 nəfər tələbə və müəllim faydalanıb.

Uşaq hüquqlarının təmin edilməsinə dair ölkədə ümumi vəziyyətin təhlili, uşaq hüquqlarının qorunması sahəsində irəliləyişlərin və çatışmazlıqların nəzərdən keçirilməsi, aktual problemlərin həlli istiqamətində təkliflərin hazırlanması, yetkinlik yaşına çatmayanların maraqlarının qorunması və sağlam həyat tərzinin təbliği istiqamətində həyata keçirilən tədbirlərin nəticələrinin üzə çıxarılması məqsədilə Komitə tərəfindən uşaq hüquqlarının təmin edilməsinə dair respublika üzrə 2018-ci və 2019-cu illərin analitik məlumatlarını özündə əks etdirən infoqrafikanın da yer aldığı ətraflı, müqayisəli hesabat hazırlanıb.

Biz ümid edirik ki, mütəşəkkil qaydada aparılan işlər yaxın gələcəkdə öz müsbət nəticələrini verəcək və sağlam həyat tərzi yalnız gənclərin deyil bütün insanların rutininə çevriləcəkdir.

Günel Nağdəliyeva,
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi




Baxılıb: 926