2021-ci ilin yanvar-avqust ayları ərzində ölkə üzrə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələrinə dair məlumat

    2021-ci ilin yanvar-avqust ayları ərzində  aidiyyəti orqanlar tərəfindən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarınınqanunsuz dövriyyəsinə  qarşı aparılmış mübarizə  tədbirlərinin nəticələri Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunda  təhlil olunaraq ümumiləşdirilmişdir.

     Carı ilin 8 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 5963 cinayət faktı aşkarlanmışdır. Onlardan 2181-i narkotik vasitələrin qanunsuz satışı, 3376-sı satış məqsədi olmadan narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 328-i qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 78-i isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

     Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 432 kq 105 qr narkotik vasitələrin və psixotrop maddələrin 2 ton 403 kq 172 qr-nı heroin, 1 ton 013 kq 540 qr-nı marixuana, 285 kq 846 qr-nı tiryək, 71 kq 931 qr-nı həşiş, 89,679 qr-nı kokain, 5327 ədədini metadon, 177 kq 684 qr-nı digər narkotik vasitələr və 479 kq 842 qr-nı psixotrop maddələr təşkil etmişdir. O cümlədən, göstərilən dövr ərzindənarkotik xassəli bitkilərin kultivasiya edilməsi ilə bağlı 45 600 ədəd çətənə və xaş-xaş bitkilər aşkar edilmişdir. 

     Həmçinin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar  həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 3696 nəfər cinayət məsuliyyətinə cəlb edilmişdir.

    Göstərilən dövr ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 241 fakt aşkar edilmişdir ki, həmin faktlar üzrə  2 ton 046 kq 571, 315 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. Aşkar edilmiş cinayətlərin 260-ı qrup halında törədilmiş və həmin faktlar üzrə  qanunsuz dövriyyədən 1 ton 401 kq 120,574 qr narkotik vasitə,17 kq 299 qr psixotrop maddə və 142,8 qr güclü təsir edən maddə müsadirə edilmişdir.

     2021-ci ilin 8 ayı ərzində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə çəkisi 171 ton 067 kq 903 qr olan yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.




Baxılıb: 984