Cari ilin 13 oktyabr tarixində Mingəçevir şəhər ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri narkomanlıq probleminə dair treninqlərə cəlb olunublar.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə keçirilən tədbirlərdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Səhiyyə Nazirliyi Narkoloji Dispanserinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Treninqlərdən öncə şəhər üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları ilə təmin olunublar.
“Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda keçirilən treninqlərdə iştirakçıları maraqlandıran suallar ətrafında geniş diskussiyalar aparılıb və onlara zəruri təbliğat materialları (eyni zamanda, elektron informasiya daşıyıcısında) paylanılıb.
Treninqlərdə iştirak edənlərə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan sertifikatlar təqdim edilib.