Noyabrın 18-də “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə Qazax rayonunda tədbirlər keçirilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə keçirilən iclasda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Səhiyyə Nazirliyi Narkoloji Mərkəzinin nümayəndələri iştirak edib, rayon üzrə müvafiq komissiyanın üzvləri ilə müzakirələr aparılıb və iştirakçılara metodiki köməklik məqsədi ilə zəruri əyani təbliğat materialları paylanılıb.
Bundan əlavə, “Narkotik asılılıq, onun psixoloji səbəbləri və məktəbdə görülməli işlər” mövzusunda ümumtəhsil məktəblərinin təlim-tərbiyə işləri üzrə direktor müavinləri, məktəb psixoloqları, valideyn komitəsi sədrləri üçün narkomanlıq probleminə dair treninq keçirilib.
Treninq iştirakçılarına Dövlət Komissiyasının İşçi qrupunun hazırladığı sertifikatlar və əyani vəsaitlər, eyni zamanda psixoaktiv maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, profilaktik tədbirlərə dair fəaliyyət planı və digər zəruri məlumatları özündə əks etdirən metodik tövsiyələrə dair kitabça təqdim edilmişdir.