Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən görülən işlər müzakirə edildi

     2021-ci il noyabrın 25-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş keçirilmişdir.

    Tədbirdə cari ilin sentyabr-oktyabr ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

     Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov çıxış edərək qeyd etmişdir ki,  narkomanlığın və narkotik vasitələrin qanunsuz dövriyyəsinin müasir cəmiyyətin üzləşdiyi ən ciddi və təhlükəli qlobal problem olduğunu nəzərə alaraq,  ölkəmizdə də narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə dövlət səviyyəsinə qaldırılmışdır. Belə ki, cari ilin 10 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən müsbət nəticələr əldə olunmuş və həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 7484 cinayət faktı aşkarlanmış, qanunsuz dövriyyədən ümumilikdə 5 ton 880 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Daha sonra bildirmişdir ki, antinarkotik təbliğatın müasir informasiya texnologiyalarının imkanlarından istifadə olunmaqla təşkil edilməsi, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilərək sistemli şəkildə müvafiq işlərin görülməsininvacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

    Tədbirdə Milli Televiziya və Radio Şurasının sədri İsmət Səttarov, Milli Məclisin deputatı, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov, Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, Real Təhlil İnformasiya Mərkəzinin baş direktoru Mirşahin Ağayev, "Xəzər TV MMC"-nin baş direktoru Murad Dadaşov, "Azad Azərbaycan Teleradio Yayım Şirkəti"nin rəhbəri Azər Xəlilov, Space Müstəqil Teleradio şirkətinin direktoru Müşfiq Hətəmov, ARB TV-nin direktoru Radik İsmayılov, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə narkomanlığa qarşı maarifləndirmə tədbirlərinə dair təşəbbüsləri dəstəkləyərək, narkomanlığın ailədə və cəmiyyətdə doğurduğu fəsadlar barədə kütləvi informasiya vasitələri tərəfindən daha da geniş işıqlandırılmasının zəruriliyi barədə çıxış etmişlər.

Görüşün yekunu olaraq, aidiyyəti dövlət qurumları tərəfindən effektiv və təsirli sosial çarxların hazırlanması və kütləvi informasiya vasitələri tərəfindən geniş işıqlandırılması, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına zərərli təsiri və problemin mahiyyətini ifadə edən müəllif yazılarının və video materialların hazırlanması, aidiyyəti dövlət orqanlarının mütəxəssilərinin iştirakı ilə xüsusi verilişlərin təşkil edilməsinə dair müvafiq tövsiyələr verilmiş və qərarlar qəbul edilmişdir.




Baxılıb: 1029