Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində yeniyetmələr və gənclər arasında aparılan antinarkotik təbliğat işlərinin daha da məqsədyönlü davam etdirilməsinin vacibliyini nəzərə alaraq, bu istiqamətdə xüsusilə sosial şəbəkələr üzərindən müvafiq zəruri işlərin aparılması məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev ilə Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı videobloger Nail Kəmərli arasında görüş keçirilmişdir.
Görüşdə narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı problemlər haqqında vətəndaşlar arasında ictimai maarifləndirmə işinin müasir informasiya texnologiyalarının imkanları nəzərə alınmaqla təşkilinin vacibliyi, sağlam həyat tərzinin təbliği və narkomanlığın zərəri ilə bağlı sosial maarifləndirmə işi çərçivəsində qısa metrajlı filmlərin, sosial çarxların hazırlanması və “802” qaynar xətt telefon zəng xidmətinin fəaliyyət istiqamətləri barədə məlumatların sosial şəbəkələrdə geniş işıqlandırılması məqsədilə fikir mübadiləsi aparılmışdır.