Sağlam həyat naminə narkotikə “yox” deyək!

Ulu öndər Heydər Əliyev narkomanlığa və narkotik vəsitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizəni ümumdövlət vəzifəsi hesab edirdi. Bu problemin həlli üçün ilk dəfə Ulu Öndər Heydər Əliyevin 1996-cı il 26 avqust tarixli Fərmanı ilə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahədə dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılmışdır. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə sahəsini tənzimləyən normativ-hüquqi baza təkmilləşdirilmiş, beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində müvafiq işlər görülmüş, ölkəmizin narkotiklərlə mübarizə  üzrə beynəlxalq təşəbbüslərində iştirakı daha intensiv xarakter almışdır.

Hazırda bu strateji kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin  və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət  Proqramı” təsdiq edilmiş, Proqramın icrası müddətində narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində  bir  sıra  tədbirlər həyata  keçirilmişdir.

Hər il olduğu kimi, 2021-ci il üçün də Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Binəqədi üzrə Rayon Komissiyası “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarını və digər normativ-hüquqi aktları rəhbər tutaraq 2021-ci il üçün təsdiq edilmiş iş planına uyğun olaraq bir sıra tədbirlər  keçirmişdir. İl ərzində yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin, narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlərin formalaşdırılması, ictimaiyyətin diqqətinin narkomanlıqla bağlı problemlərin həllinə cəlb olunması məqsədilə  bir  sıra işlər görülmüşdür. Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2021-ci il üçün iş planına əsasən, gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, hüquq pozuntuları, narkomanlıq, QİÇS-lə mübarizə və digər neqativ halların profilaktikası məqsədilə aşağıdakı tədbirlər həyata keçirilmişdir. Əsas diqqət rayon ərazisində narkomanlığın yayılmasının, narkotik vasitələrin qanunsuz dövriyyəsinin, narkotərkibli bitkilərin əkilib-becərilməsinin qarşısının alınması, yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliğ olunması, narkomanlıq, QİÇS və digər neqativ halların qarşısının alınması profilaktikasına yönəlmişdir.

Binəqədi rayonunda yeniyetmə və gənclərin sağlam həyat tərzi, əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunmasında zərərli vərdişlərdən, eləcə də narkomaniya bəlasından qorunması məsələsi daim diqqət mərkəzində  saxlanılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 22 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə 5-9 aprel 2021-ci il tarixlərində rayon Gənclər       və idman idarəsinin təşkilatçılığı, orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə onlayn formatda “Azərbaycan gəncləri narkotiklərə “yox” deyir!” mövzusunda rəsm müsabiqəsi, 24 iyun 2021-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi və “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı, rayon orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə 26 İyun - “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq  Mübarizə Günü“nə həsr edilmiş "Sağlam həyat naminə narkotikə yox!” mövzusunda  tədbir, 1 dekabr 2021-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin, rayon Gənclər və idman idarəsinin, 6 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin birgə təşkilatçılığı, orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş “Sağlam həyat naminə zərərli vərdişlərə “yox” deyək!” mövzusunda onlayn rəsm sərgisi, 16 dekabr 2021-ci il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti, rayon Gənclər və idman idarəsinin birgə təşkilatçılığı, orta ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin iştirakı ilə "Sağlam həyat, sağlam gələcək!” adlı narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə tədbirləri keçirilmişdir.

Son dövrlər Binəqədi ərazisində dövlət tərəfindən tikilib istifadəyə verilən idman-sağlamlıq kompleksləri rayonda yaşayan, təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkilinə, eyni zamanda pis vərdişlərdən kənarda qalmalarına müsbət təsir  göstərməkdədir. Azərbaycanın gələcəyi kimi dəyərləndirilən gənclərin sağlamlığının təminatı daim diqqətdə saxlanılan məsələdir. Odur ki, bu problemləri yaradan səbəblərin aradan qaldırılması  məqsədilə qarşıdakı illərdə də Komissiya əlaqədar qurumlarla dünyəvi bəlaya çevrilən narkomanlığın yayılmasının və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə işində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamlarından, tapşırıq və tövsiyələrindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində daha effektiv çalışacaq və problemlərin həlli ilə bağlı aidiyyəti qurumlarla birlikdə lazımi qərarlar qəbul etməklə onların icrasına nəzarəti daha da artıracaqdır. Ölkəmizin davamlı inkişafı hər bir problemin uğurlu həllinə, qarşıya qoyulan məqsədə yüksək səviyyədə nail olmağa stimul verir.

Sevinc Süleymanova,
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini

 




Baxılıb: 1502