Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov tərəfindən “Yeniyetmələr və gənclər arasında narkomaniyaya qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair 2022-2023-cü illəri əhatə edən Tədbirlər Planı” təsdiq olunmuşdur.
Tədbirlər Planı Gənclər və İdman Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Təhsil Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Dini Qurumlarla İş üzrə Dovlət Komitəsinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun narkomanlığa qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də bu istiqamətdə mübarizənin birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır.
Tədbirlər Planı çərçivəsində yeniyetmə və gənclər arasında narkomaniya ilə bağlı bilik, mövqe və davranışlar haqqında sosial tədqiqatın keçirilməsi və risk faktorlarının müəyyənləşdirilməsi, metodik vəsaitlərin hazırlanması, gənclərlə işləyən mütəxəssislər üçün təlimlərin keçirilməsi, potensialın və vətəndaş cəmiyyətinin iştirakının artırılması, kommunikasiya kanallarının inkişafı, preventiv fəaliyyətin təşkili istiqamətində müvafiq işlərin həyata keçirilməsi nəzərdə tutulur.