Сari ilin yanvar-may ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 4853 cinayət faktı aşkarlanmışdır. Onlardan 1760-ı narkotik vasitələrin qanunsuz satışı, 2948-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 102-si qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 43-ü isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 2 ton 879 kq 824,75 qr narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 362 kq 492,992 qr-nı heroin, 789 kq 912,395 qr-nı marixuana, 177 kq 326,021 qr-nı tiryək, 10 kq 982,691 qr-nı həşiş, 198,940 qr-nı kokain, 529 kq 961,931 qr-nı psixotrop maddələr, 8 kq 957,887 qr-nı isə digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 11754 ədəd həb metadon və 18788 ədəd çətənə bitkisi qanunsuz dövriyyədən götürülmüşdür.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3065 nəfər cəlb edilmişdir. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 56 nəfəri xarici ölkə vətəndaşıdır.
Onların 20 - si İran İslam Respublikası, 17-si Rusiya Federasiyası, 8-i Türkiyə, 7-si Gürcüstan, 3-ü Ukrayna, 1-i Türkmənistan vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 595 kq 197,906 qr müxtəlif növ narkotik vasitə, 532 kq 661,812 qr və 925 həb psixotrop maddələr və 1,125 qr güclü təsir edən maddə, 4 kq 865 qr (52 ədəd) çətənə bitkiləri götürülmüşdür.
Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 90 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 929 kq 401,269 qr, 11754 ədəd həb müxtəlif növ narkotik vasitələr, 331 kq 750,628 qr psixotrop maddələr və 108 həb, 2048 ədəd kapsul güclü təsir edən maddə çıxarılmışdır.
2022-ci ilin ötən 5 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 2 ton 879 kq 824,75 qr, narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 89 milyon AZN kimi qiymətləndirilir.
Yanvar-may ayları ərzində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 33893 nəfər istiqamətləndirilmişdir.
Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1367 nəfərindən 974-nün istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.
Müvafiq dövr ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 798 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 90-nı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 334-ü narkotik asılılıqdan müalicə, 374-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 427 məktub ünvanlanmışdır.
802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu