Cari ilin iyun ayı ərzində keçirilən tədbirlər.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşəbbüsü və təşkilatçılığı ilə  cari ilin iyun ayı ərzində aidiyyəti qurumlar ilə birlikdə aşağıdakı tədbirlər həyata keçirilmişdir:

  • Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vasitəsi ilə müvafiq mətnli SMS bildiriş (DK İşçi Qrupu: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802, nmdk.gov.az) ölkə üzrə fəaliyyət göstərən “Azercell”,“Bakcell” və “Azərfon” mobil rabitə operatorları tərəfindən mərhələli qaydada ümumilikdə 9 milyon 436 min aktiv abunəçiyə göndərilməsi təmin edilmiş;
  • Tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlarının iştirakı ilə Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiya Kolleci, Qəbələ  Turizm  və   Otelçilik  üzrə Peşə Tədris   Mərkəzi  ilə birgə  tədbirlər keçirilmiş, eyni zamanda Təhsil Nazirliyinin müvafiq göstərişinə əsasən digər ali və orta ixtisas təhsili müəssisələrində dəyirmi masalar təşkil olunmuş;
  • Həmçinin Mədəniyyət Nazirliyinin müvafiq göstərişinə əsasən nazirliyin tabeliyində olan kitabxana və muzeylərdə də “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır”, “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək!” və digər mövzularda tədbirlər həyata keçirilmiş;
  • “Narkomanlığa birlikdə yox deyək” şüarı 23 iyun tarixindən etibarən (7 gün müddətində) Daxili İşlər Nazirliyi vasitəsi ilə elektron informasiya terminallarında, bununla yanaşı Bakı Şəhər İcra Hakimiyyəti vasitəsi ilə avtobuslarda mövcud olan monitorlarda (1 ay müddətində) nümayiş olunmuş;
  • Cari ilin 24 iyun tarixindən etibarən“802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair video çarx, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial roliklərin Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində, metro stansiyalarında və ölkədə fəaliyyət göstərən bütün televiziya kanallarında nümayişi təmin edilmiş;
  • Bakı şəhəri üzrə Xətai, Yasamal, Qaradağ, Sabunçu, Xəzər,  Nərimanov, Nizami, Binəqədi, respublikanın Şəki, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, İsmayıllı, Oğuz, Qəbələ, Şamaxı, Qobustan şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları ilə birgə təşkil edilən maarifləndirici 20 tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlarının iştirak etmiş,
  • Həmçinin yuxarıda sadalanan şəhər və rayonlar üzrə icra hakimiyyətləri yanında fəaliyyət göstərən müvafiq komissiyanın üzvləri ilə 13 görüş keçirilmiş, qanunvericiliyə uyğun olaraq müsadirə edilməklə barəsində məhvetmə qərarı qəbul edilmiş az miqdarda olan narkotik vasitələrin məhvetmə prosesinin təşkili zamanı mövcud qayda və sərəncamda göstərilən tələblərə riayət edilməsi barədə müzakirələr aparılmış, onlara metodiki kömək göstərilərək zəruri əyani təbliğat materialları verilmiş;
  • Eyni zamanda 26 iyun BMT-nin “Ümumdünya Narkotiklər Əleyhinə Mübarizə Günü” ilə əlaqədar digər şəhər və rayon komissiyaları tərəfindən silsilə tədbirlər keçirilmiş;
  • İyun ayının 14-də saat 11:00-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Həyatla Oyun” tamaşasının “Açıq qapı” günü elan etməklə ali, orta ixtisas tələbələri və o cümlədən ictimaiyyət nümayəndələri və könüllüləri üçün canlı ifada nümayiş olunmuş;
  • Televiziya kanallarında təşkil olunan verilişlərdə İşçi qrupunun əməkdaşlarının və digər aidiyyəti qurumların nümayəndələrin iştirakı təmin edilmişdir.
  • Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və İşçi Qrupu ilə birgə imzalanmış tədbirlər planına müvafiq olaraq Bakı şəhəri Yasamal  və Nəsimi rayonlarında, habelə Respublikanın Gəncə və Sumqayıt şəhərlərində “Gənclər sağlam həyat tərzini seçir!”, “Narkomaniyaya yox deyirik!”, “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox deyək!”, “Sağlam gələcəyi seç – Bizdən biri ol!” adlı  silsilə fləşmoblar təşkil olunub, eyni zamanda YAP fəlları tərəfindən “Facebook”, “Twitter”, “İnstaqram” sosial şəbəkələrində #Narkomaniyayason, #StopNarkomaniya həştəqləri ilə aksiya həyata keçirilib;
  • Bundan əlavə “Gələcəyimiz naminə narkomaniyaya yox deyək!” adlı qol güləşi və “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifutbol idman növləri üzrə turnir keçirilmiş;
  • Həmçinin, gənclər arasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi məqsədi ilə YAP Mərkəzi Aparatında təlim keçirilib;
  • Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran, Masallı, Abşeron, Sumqayıt şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinin mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təlimlər keçirilmiş və iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuş;
  • Keçirilən silsilə tədbirlərin “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi –(AZƏRTAC) və digərkütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılması təmin edilmişdir.

    Beləliklə təşkilati tədbirlərdən əlavə cari ilin iyun ayı ərzində respublikanın şəhər və rayonunda və ümumilikdə 33 tədbir, şəhər/rayon komissiyaları ilə 13 görüş, televiziya kanallarında 3 dəyirmi masa, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində 6 təlim, 4 kütləvi-mədəni tədbir, 2 idman növü üzrə turnir və 4 fləşmob təşkil edilmişdir.




Baxılıb: 1221