“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.6-cı bəndinin icrası ilə əlaqədar, Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər arasında aparılan profilaktik tədbirlərin keyfıyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması məqsədi ilə Dövlət Komissiyasının İşçi qrupunun və Salyan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə dəyirmi masa təşkil edilmişdir.
Tədbirdən öncə rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki köməklik göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.
Təşkil edilmiş dəyirmi masada Salyan rayon İcra Hakimiyyətinin nümayəndələri, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı, Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin həkim-narkoloqu və rayon üzrə komissiyanın nümayəndələri iştirak etmişdir.
Çıxışlarda, narkomanlığın qarşısının alınması ilə bağlı həyata keçiriləcək tədbirlərə diqqətin artırılması, belə tədbirlərə ictimaiyyət nümayəndələrinin və din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi, həmçinin ictimai maarifləndirmə işinin genişləndirilməsi, nzamanda narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında qanunvericiliyin müddəalarının və tələblərinin əhaliyə izah edilməsi istiqamətində müvafiq işlərin davam etdirilməsinin zəruriliyi vurğulanmışdır.
Eyni zamanda Dövlət Komissiyasının İşçi qrupu tərəfindən narkotik maddələrin qeyri-tibbi istehlakının profilaktikası, narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyən edilməsinə kömək məqsədi hazırlanmış yaddaş kitabçaları və xəbərdarlıq vərəqələri tədbir iştirakçılarına paylanılmışdır.