Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri uğurla davam etdirilməkdədir

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas qlobal problemlərdən biridir. Bu problem insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurur, sosial-iqtisadi inkişafa mənfi təsir göstərir, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradır, cinayətkarlığın artmasına səbəb olur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində problemə dəyişən şəraitə və tələblərə uyğun yanaşılması dövlətin əsas prioritetlərindən birinə çevrilmişdir.

Azərbaycan dövləti vətəndaşlarının və əsasən də gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də faydalanan sosial qrup kimi qəbul edərək, gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Bütün sahələrdə gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, könüllülük hərəkatı genişlənmişdir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda öz çıxışında vurğulamışdır ki, “Narkotik vasitələr insanı uçuruma aparır, özünü də, ailəsini də, yaxınlarını da bədbəxt edir, bir dərd olur. Ona görə bu zəhər ümumiyyətlə təmizlənməlidir.

Hesabat dövründə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizədə dövlətin və vətəndaş cəmiyyəti təşkilatlarının səylərinin birləşdirilməsi, beynəlxalq əlaqələrin genişləndirilməsi sayəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi istiqamətində aparılan işlərin səmərələliyinin daha da yüksəldilməsi üçün müvafiq zəruri tədbirlər görülmüşdür.

Son dövrlər hüquq-mühafizə orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, narkotiklərin qeyri-qanuni daşınmasına qarşı birgə əməliyyatlar keçirilmiş, müxtəlif marşrutlar ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilmiş və cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür.

Belə ki, cari ilin 6 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5778 cinayət faktı aşkarlanmışdır. Onlardan 2053-ü narkotik vasitələrin qanunsuz satışı, 3463-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 206-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 56-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 418 kq 320,92 qr  və 24650 həb  narkotik vasitələrin və psixotrop maddələrin  1 ton 497 kq 266,592 qr-nı heroin, 1 ton 028 kq  428,674 qr-nı marixuana, 198 kq 089,061 qr-nı tiryək, 20 kq 547,544 qr-nı həşiş, 199 qr-nı kokain, 115 kq 821,557 qr-nı digər narkotik vasitələr və 557 kq 968,492 qr psixotrop maddələr təşkil etmişdir. Həmçinin, göstərilən dövr ərzində 1 kq 485,4 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 56958 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülmüşdür.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4091 nəfər cəlb edilmişdir ki, onlardan 16-18 yaşadək 7 nəfər, 18-25 yaşadək 306 nəfər, 26-29 yaşadək 710 nəfər, 30 yaş və ondan yuxarı isə 3068 nəfər təşkil edir. Həmin şəxslərdən 3980-i kişi, 111-i qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 54 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 54 xarici ölkə vətəndaşından 22-i İran İslam Respublikası, 7-si Gürcüstan, 8-i Türkiyə, 1-i Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 1-i Ukrayna və   13-ü Rusiya vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 936 kq 422,285 qr və 4078 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, habelə 16759 ədəd  narkotik tərkibli  çətənə bitkisi götürülmüşdür.

2022-ci ilin 6 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 134 fakt aşkar edilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 704 kq 776,032 qr və 2048 ədəd kapsul müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 166-sı qrup halında  törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 073 kq 648,3 qr və 7558 həb narkotik vasitələr və psixotrop maddələr müsadirə edilmişdir.

1461 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 365 kq 983,5 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilmişdir.

2022-ci ilin ötən 6 ayı ərzində qanunsuz dövriyyədən götürülmüş 3 ton 418  kq 320,92 qr, narkotik  vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 113 milyon 847 min  AZN kimi qiymətləndirilir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 486,707 hektar sahədən çəkisi 115 ton 570 kq olan 244445 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

 Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 05-06 may tarixində məhkəmələrin qərarları ilə müsadirə olunmuş 2 ton 402  kiloqram müxtəlif növ narkotik vasitə, psixotrop maddə və onların prekursorlarının məhv edilməsi prosesi həyata keçirilib.

Təhlil göstərir ki, 2021-ci ilin I yarımilliyi ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların ümumi sayı 1647, o cümlədən qanunsuz satış ilə bağlı faktların sayı 560, satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 1072, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 15 fakt, qaçaqmalçılıq faktlarının sayı 27 fakt artmış,  bu kateqoriyadan olan digər cinayətlərin sayı sabit qalmışdır.

Həmçinin, qanunsuz dövriyyədən çıxarılmış narkotiklərin çəkisi 48 kq 275,552 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 1739 nəfər, qadınların sayı isə 43 nəfər artmış, qrup halında törədilmiş cinayətlərin sayı  isə 15 fakt azalmışdır.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən cari ilin yanvar-iyun ayları ərzində bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 41 576 nəfər istiqamətləndirilmişdir.

Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1694 nəfərindən 1224-nün  istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Hesabat dövründə 2947 nəfər stasionar müalicədə olmuşdur. Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə 942 xəstə müalicə alır.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasən 2020-ci il 31 dekabr tarixinə respublika üzrə narkomanlıq diaqnozu ilə qeydiyyatda olanların sayı 34 602 nəfər təşkil etmişdir. Həmin şəxslərdən 27106 nəfəri dispanser, 7496 nəfəri profilaktik qeydiyyatında olanlardır. Onlardan 556 nəfəri qadındır. 24850 nəfər opioid qrupuna aid narkotik istifadəçiləri, 9752 nəfər kannabinoid qrupuna aid narkotik istifadəçiləridir. 2021-ci ildə müvafiq diaqnozla 5603 nəfər qeydiyyata götürülmüş, 4789 nəfər isə qeydiyyatdan çıxarılmışdır.

Hal-hazırda cəzaçəkmə müəssisələrində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə görə cəza çəkən məhkumların sayı 7056 nəfər təşkil edir. Eyni zamanda istintaq təcridxanalarında saxlanılan (istintaq altında olanlar) narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərə görə həbs olunmuş şəxslərin sayı 2700 nəfər, narkomaniyadan məcburi müalicə təyin edilmiş məhkumların sayı 4662 nəfərdir.

Azərbaycanda 44 nəfər İnsan immunçatışmazlığı virusuna (İİV) yoluxmuşdur. Ümumilikdə 1988-ci ildən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV diaqnozu təsdiq olunmuş 9806 nəfər qeydiyyata götürülmüşdür (9485-i Azərbaycan vətəndaşı, 321-i əcnəbi). İİV-ə yoluxanların 6998-i kişi, 2808-i qadındır. Onlardan 3531-i İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində baş vermişdir. Həmin kateqoriyadan olan şəxslərin 2482 nəfəri hazırda dispanser qeydiyyatındadır.

Cari ilin yanvar-iyun ayları ərzində  “802” qaynar xətt telefon zəng  xidmətinə 1003 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 122-nı narkotik vasitələrin qanunsuz dövriyyəsi, 414-i narkotik asılılıqdan müalicə, 467-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 536 məktub ünvanlanmışdır.

Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş,  narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

  Eyni zamanda narkotik vasitələrin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının maarifləndirmə yolu ilə qarşısının alınması istiqamətində ayrı-ayrı sosial təbəqələr üzrə təbliğat işinin təşkili əvvəlki illərdə olduğu kimi sistemli xarakter daşımış müvafiq dövlət qurumlarının, kütləvi informasiya vasitələrinin və ictimaiyyətin səylərinin artırılması, narkomanlığa qarşı profilaktik tədbirlərin və marifləndirmə işinin aidiyyəti orqanlar tərəfindən birgə tədbirlər planları hazırlayaq kompleks şəkildə təşkil edilməklə gücləndirilməsi təmin edilmişdir.

Belə ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu Dövlət Proqramının icrasını daim diqqət mərkəzində saxlayaraq, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların koordinasiyasını təşkil etməklə, antinarkotik təbliğata xüsusi önəm vermiş, həyata keçirilən tədbirlər nəticəsində narkotiklərlə mübarizə sahəsində müsbət nəticələr əldə edilmiş, həmçinin maarifləndirmə işlərinin əhatəsi genişləndirilmişdir.

Bununla əlaqədar regionlarda antinarkotik təbliğat işinin daha da gücləndirilməsi və əhatəsinin genişləndirilməsi məqsədilə 2022-ci ilin 6 ayı ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti qurumların nümayəndələri də cəlb edilməklə, respublikanın 31 şəhər və rayon icra hakimiyyəti yanında fəaliyyət göstərən müvafiq komissiyanın üzvləri ilə görüşlər keçirilmiş, müzakirələr aparılmaqla onlara metodiki kömək göstərilərək, zəruri əyani təbliğat materialları ilə təmin olunmuşlar.

Həmçinin Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə birgə imzalanmış Tədbirlər Planına müvafiq olaraq, Bakı Uşaq və Gənclər Teatrının real hadisələr əsasında səhnələşdirdiyi “Həyatla oyun” maarifləndirici teatr tamaşası orta məktəblərdə canlı ifada nümayişi təmin olunmuşdur.

Ədliyyə Nazirliyi Penitensiar Xidməti ilə Dövlət Komissiyasının İşçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri barədə Penitensiar Xidmətin 4, 10, 11, 2, 17 saylı cəzaçəkmə və Yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsində müəssisəsində məhkumlar arasında təbliğat işinin gücləndirilməsi məqsədilə maarifləndirmə tədbirləri təşkil edilmişdir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC və Dövlət Komissiyasının İşçi Qrupu arasında imzalanmış birgə tədbirlər planına müvafiq olaraq gənclər arasında narkomaniyaya qarşı mübarizə ilə bağlı təbliğat işinin daha da gücləndirilməsi məqsədi ilə YAP Mərkəzi Aparatında təlim keçirilmiş, “Milli-mənəvi dəyərlərimiz qloballaşmanın mənfi təsirlərinə qarşı etibarlı sipərdir” adlı tədbir, Bakı şəhəri Yasamal  və Nəsimi rayonlarında, habelə Respublikanın Gəncə və Sumqayıt şəhərlərində “Gənclər sağlam həyat tərzini seçir!”, “Narkomaniyaya yox deyirik!”, “Gələcəyimizə sahib çıxaq – Narkotiklərə yox deyək!”, “Sağlam gələcəyi seç – Bizdən biri ol!” adlı  silsilə fləşmoblar, “Gələcəyimiz naminə narkomaniyaya yox deyək!” adlı qol güləşi yarışı, “Bizdən biri ol, sağlam gələcəyini seç” devizli minifutbol turniri, “Gələcəyimizə sahib çıxaq - Narkotiklərə yox deyək!” adlı mədəni-kütləvi tədbir- konsert, eyni zamanda YAP fəlları tərəfindən “Facebook”, “Twitter”, “İnstaqram” sosial şəbəkələrində #Narkomaniyayason, #StopNarkomaniya həştəqləri ilə aksiyalar təşkil edilmişdir.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu ilə Gənclər Fondu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran, Masallı, Abşeron, Sumqayıt, Yevlax, Bərdə, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Şirvan, Hacıqabul, Salyan, Sabirabad, Saatlı, İmişli şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərinin mütəxəssis və əməkdaşlarının, könüllülərinin narkotik asılılıq probleminə dair biliklərinin və peşəkarlıq səviyyəsinin artırılması ilə bağlı təlimlər keçirilmiş və iştirakçılara müvafiq sertifikatlar təqdim olunmuşdur.

Eyni zamanda hesabat dövründə Azərbaycan Texniki Universitetində, Azərbaycan Dövlət Dəniz Akademiyasında, Sənaye və Texnologiya Kolleci, Azərbaycan Dövlət Pedaqojı Universitetinin Şamaxı filialında, Azərbaycan Dövlət Pedaqojı Universitetinin Ağcabədi filialında, Quba Dövlət Sosial-İqtisadi Kollecində. 2 saylı Bakı Baza Tibb Kollecində, Şəki Dövlət Regional Kollecində, Saatlı Tibb  Kollecində, Sabirabad Dövlət Sosial İqtisad Kollecində, Ağcabədi Pedaqojı Kollecində, İsmayıllı Dövlət Humanitar Kollecində, Masallı Dövlət Regional Kollecində, Mingəçevir Turizm Kollecində, Ağdaş Dövlət Humanitar Kollecində, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində, Şəki şəhər 1 nömrəli Peşə Məktəbində, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində, Qəbələ  Turizm  və   Otelçilik  üzrə Peşə Tədris Mərkəzində  narkomanlıq probleminə dair təlimlər, tələbələr üçün ictimai mühazirələr keçirilmişdir.

Bakı şəhəri üzrə Xətai, Yasamal, Qaradağ, Sabunçu, Xəzər,  Nərimanov, Nizami, Binəqədi, respublikanın Şəki, Lənkəran, Astara, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, İsmayıllı, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Şirvan, Hacıqabul, Salyan, Sabirabad, Saatlı, İmişli  şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyaları ilə birgə təşkil edilən maarifləndirici 32 tədbirdə Dövlət Komissiyasının İşçi Qrupunun əməkdaşlarının iştirak etmişdir.

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində və Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə psixoloq ixtisaslı zabitlərə “Psixoaktiv maddələrdən istifadənin risk amilləri” mövzusunda seminar, 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri arasında “Narkomaniyaya qarşı mübarizə sağlam həyata təminatdır” adlı təlim,      Gənclər Fondunun “Yayfest” gənclər festivalında “Mən öz gələcəyimi seçirəm” adlı təlim keçirilmiş, “Açıq qapı” günü elan etməklə ali, orta ixtisas tələbələri və o cümlədən ictimaiyyət nümayəndələri və könüllüləri üçün Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında və Heydər əliyev Ali Hərbi məktəbdə “Həyatla Oyun” tamaşasının canlı ifada nümayişi təşkil edilmişdir.

 Bununla yanaşı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi vasitəsi ilə müvafiq mətnli SMS bildiriş (DK İşçi Qrupu: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! Qaynar xətt 802, nmdk.gov.az) ölkə üzrə fəaliyyət göstərən “Azercell”,“Bakcell” və “Azərfon” mobil rabitə operatorları tərəfindən mərhələli qaydada ümumilikdə 9 milyon 436 min aktiv abunəçiyə göndərilməsi təmin edilmişdir.

“Narkomanlığa birlikdə yox deyək” şüarı 23 iyun tarixindən etibarən (7 gün müddətində) Daxili İşlər Nazirliyi vasitəsi ilə elektron informasiya terminallarında, bununla yanaşı Bakı Şəhər İcra Hakimiyyəti vasitəsi ilə avtobuslarda mövcud olan monitorlarda (1 ay müddətində) nümayiş olunmuşdur.

Həmçinin, üzərində narkomaniya və narkotiklərin fəsadları barədə xəbərdaredici məlumatlar və xüsusi şüarlar əks olunan 45 ədəd yeni sosial lövhə Bakı şəhər üzrə təhsil müəssisələrində,  xəbərdaredici məlumatlar əks olunan 22 ədəd sosial lövhə isə Mühafizə Alayında, konvoy taborunda  və cəzaçəkmə müəssisələrində quraşdırılmışdır.

Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən “802 qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış video çarx, narkomanlığın zərəri barədə “Narkotik sərhədsiz fəlakətdir” və animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” adlı sosial roliklərin Bakı şəhərinin bir sıra küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində, metro stansiyalarında uzunmüddətli nümayiş olunmuş, ölkədə fəaliyyət göstərən bütün televiziya kanallarında isə ümumilikdə 7744 dəfə yayımlanmışdır.      

Bundan əlavə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinin və narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanmasının və yayılmasının təşkili məqsədi ilə yeni üslubda zəruri əyani təbliğat materialları (bukletlər) çap edilmiş və İşçi Qrupu tərəfindən təşkil edilən bütün tədbirlərdə aidiyyəti üzrə paylanılması təmin olunmuşdur.

Eyni zamanda yuxarıda qeyd olunan bütün tədbirlər “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və digər kütləvi informasiya vasitələrində, o cümlədən Dövlət Komissiyasının rəsmi www.nmdk.gov.az internet səhifəsində və sosial şəbəkələrdə geniş işıqlandırılmışdır.

Beləliklə təşkilati tədbirlərdən əlavə  hesabat dövrü  ərzində  ümumilikdə  126 tədbir (şəhər/rayon komissiyaları ilə 31 görüş, televiziya kanallarında 3 dəyirmi masa, 59 maarifləndirmə tədbiri, GİKM-nin şəhər və rayonlarında fəaliyyət göstərən nümayəndəliklərində və digər strukturlarda 24 təlim, 5 kütləvi-mədəni tədbir, 2 idman növü üzrə turnir və 4 fləşmob)  təşkil edilmişdir.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun rəhbərliyi ilə keçirilən iclaslarda qəbul edilən qərarlara müvafiq olaraq,  cari il ərzində aidiyyəti dövlət və qeyri-hökumət təşkilatları ilə birlikdə müasir təbliğat və maarifləndirmə metodlarından istifadə etməklə sosial maarifləndirmə işinin təşkili, sosial çarxların çəkilişi, müasir texnologiyanın və yeni üsulların tətbiqi məqsədi ilə profilaktik tədbirlərin keyfiyyətinin və həmin tədbirləri icra edənlərin peşəkarlığının artırılması üzrə ixtisaslaşmış təlimlərin, ali, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün ictimai mühazirələrin, narkomanlığın yayılma dərəcəsini müəyyən etmək üçün sorğuların, məktəb psixoloqları üçün treninqlərin, cəzaçəkmə müəssisələrində, penitensiar müəssisələrin əməkdaşları və jurnalistlər üçün təlimlərin keçirilməsi, narkomanlığın qarşısının alınması istiqamətində maarifləndirici materialların hazırlanması və həmin materialların yayılmasının təşkili nəzərdə tutulmuşdur.

Beləliklə, narkomaniya ilə mübarizənin məhz dövlət və ümummili siyasət səviyyəsinə qaldırılması, ölkəmizdə narkotizmin profilaktikasına və dəf edilməsinə son dərəcə ciddi əhəmiyyət verilməsi, respublika rəhbərliyinin narkotizmin hər cür təzahürünə qarşı prinsipal və barışmaz mövqeyi, narkomaniyanın dəf edilməsində dövlət və hüquq mühafizə orqanlarından konkret nəticələrin tələb edilməsi bu ümumbəşəri fəlakətin ərazimizdə yayılması təhlükəsinə Azərbaycanın bugünkü münasibətini xarakterizə edir.

Fəqan Şahverdiyev,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri




Baxılıb: 2178