“Gənclər sağlam həyat tərzini seçir” devizi altında keçirilən basketbol üzrə turnir yekunlaşıb

Oktyabrın 13-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin 2022-ci ilə dair imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Gənclər sağlam həyat tərzini seçir” devizi altında basketbol idman növü üzrə turnirin final mərhələsi keçirilib.

Əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hüseyn Əfəndiyev, Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev, Milli Məclisin deputatı Səbinə Xasayeva, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun milli informasiya sektorunun müdiri Raqif Allahverdiyev, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin məsul əməkdaşı Şahin Verdiyev və Yasamal Rayon Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov bildiriblər ki, gənclər arasında narkomaniyaya qarşı mübarizədə təbliğat işləri daha da gücləndirilməlidir. Kütləvi idman tədbirləri də məhz bu məqsədə xidmət edir. Əsas məqsəd cəmiyyətimizdə, xüsusilə də gənclər arasında zərərli vərdişlərin qarşısını almaqdan ibarətdir.

Qeyd olunub ki, təşkil olunan basketbol turniri də həyata keçirilən silsilə tədbirlərdən biridir. Bildirilib ki, 12 oktyabr tarixindən başlayan turnirdə Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Biznes Universiteti, Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci, 2 nömrəli Bakı Baza Tibb Kolleci, Azərbaycan Dövlət Pedaqoji Kollecinin komandaları mübarizəyə qoşulublar.

“Gənclər sağlam həyat tərzini seçir” devizi altında keçirilən basketbol idman növü üzrə turnirin final mərhələsində isə Bakı Dövlət Universitetinin və Azərbaycan Texniki Universitetinin komandaları qüvvələrini sınayıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən final oyununda Azərbaycan Texniki Universitetinin komandası qələbə qazanıb.

Sonda qaliblər və turnirin bütün iştirakçıları təltif olunublar.

Xatırladaq ki, Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında 2022-ci ilə dair birgə Tədbirlər Planı imzalanıb. Tədbirlər Planı çərçivəsində narkomaniyaya qarşı mübarizə sahəsində maarifləndirmə işinin aparılması məqsədilə təlimçilərin hazırlanması, bu istiqamətdə dəyirmi masaların,  idman yarışlarının, mədəni-kütləvi tədbirlərin keçirilməsi davam edir.




Baxılıb: 1875