Narkomanlığa qarşı təbliğat və maarifləndirmə işlərinin genişləndirilməsinə dair Tədbirlər Planı təsdiqlənib

   Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2022-ci ilə dair imzalanmış Tədbirlər Planına əsasən narkomanlıqla mübarizə sahəsində maarifləndirmə tədbirlərinin aparılması məqsədilə təlimçilərin hazırlanması, fləşmobların, müxtəlif həştaqlarla sosial aksiyaların, müxtəlif idman növləri üzrə turnirlərin və yarışların, mədəni-kütləvi tədbirlərin, mövzuya dair dəyirmi masaların, rəsm sərgilərinin keçirilməsi və tədbirlərin televiziyada işıqlandırılması təmin edilmiş və hesabat dövründə ümumilikdə birgə 18 tədbir həyata keçirilmişdir.

   Görülən işlərin davamlılığının təmin edilməsi, gənclər arasında antinarkotik təbliğat işinin daha da gücləndirilməsi, maarifləndirmə tədbirlərinin sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu arasında 2023-ci il üçün də birgə Tədbirlər Planı təsdiq edilmişdir.

  Tədbirlər Planı çərçivəsində  “Narkotiklərə sən də yox de” devizli sosial çarxların hazırlanması, respublikanın şəhər və rayonlarında interaktiv təlimlərin, mövzuya dair dəyirmi masaların keçirilməsi, “Sağlam gənclik naminə ağ ölümə yox deyək!” devizli marafonun, “Narkotiklərə yox de, bizimlə birlikdə ol!” velosiped idman növü üzrə yarışların, regionlarda mədəni-kütləvi konsert proqramlarının təşkili və qeyd olunan tədbirlərin televiziyada işıqlandırılması nəzərdə tutulur.




Baxılıb: 504