26 iyun BMT-nin “Narkotiklərlə mübarizə günü” ilə əlaqədar Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun və Binəqədi rayon İcra hakimiyyətinin birgə təşkilatçılığı ilə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniyaya yox deyək” mövzusunda maarifləndirmə xarakterli tədbir təşkil olunmuşdur.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Rayon Komissiyasının sədri Sevinc Süleymanova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsa Həbibzadə, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin direktor müavini Orxan Rəhimov, videobloqer Nail Kəmərli və gənclər iştirak edirdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin və Vətən şəhidlərinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbiri giriş sözü ilə açan Binəqədi RİH başçısının müavini Sevinc Süleymanova qonaqları salamlayaraq cəmiyyəti narahat edən narkomaniya ilə mübarizə mövzusunda maarifləndirici tədbirin təşkilatçılığı üçün dövlət qurumlarına təşəkkürünü bildirdi. Komissiya sədri cəmiyyətdə hər bir şəxsiyyətin formalaşması üçün ilkin tərbiyənin, şüurda həkk olunan öyüd-nəsihətin, ailə mühitinin və ailə tərbiyəsinin mühüm əhəmiyyət kəsb etməsini vurğulayaraq, əsrin bəlası olan narkomaniyaya qarşı mübarizədə hamının səfərbər olmalı olduğunu söylədi və bu məsələlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu, yeniyetmə və gənclərlə vaxtaşırı maarifləndirici görüşlərin keçirildiyini, görüşlərin mütəmadi davamı olduğunu qeyd etdi.
Tədbirdə çıxış edənlər - Narkomanlığa və Narkotik VQDQ Mübarizə üzrə Dövlət Komissiyası Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Rayon Polis İdarəsinin İctimai təhlükəsizlik şöbəsinin rəisi, polis mayoru İsi Həbibzadə, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, videobloqer Nail Kəmərli gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması üçün dövlət səviyyəsində görülən işlər barədə məlumat verərək, narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdılar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu bildirdilər. Həmçinin, bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniaya qarşı aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu xüsusilə vurğuladılar.
Tədbir çərçivəsində mövzuya dair Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış slaydlar və videobloqer Nail Kəmərli tərəfindən hazırlanan videoçarx nümayiş etdirildi. Tədbir gəncləri maraqlandıran suallar təşkilatçılar tərəfindən ətraflı cavablandlrmaqla müzakirə formatında davam etdi.