Narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən görülən işlər müzakirə edildi

2023-cü il iyulun 11-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun iştirakı ilə narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş keçirilmişdir.

Tədbirdə cari ilin yanvar-iyunayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə ilə bağlı kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən işlərin nəticələri və qarşıda duran vəzifələr müzakirə edilmişdir.

Görüşdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov qeyd etmişdir ki, ölkəmizdə narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə prioritet vəzifələrdən biridir. Hüquq-mühafizə orqanları narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işini gücləndirmiş, cari ilin 6 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı 5881 cinayət faktı aşkarlanmış, qanunsuz dövriyyədən 4 ton 623 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir. Ötən ilin eyni dövrü ilə müqayisədə cinayətlərin sayı 103 fakt, müsadirə  edilən  narkotiklərin  və psxiotrop maddələrin miqdarı isə 1 ton 204 kq artmışdır.

Qeyd olunmuşdur ki, narkomaniyaya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə inzibati tədbirlərlə yanaşı ictimai dəstəyin gücləndirilməsi, maarifləndirmə işlərinin genişləndirilməsi mühüm rol oynayır və bu mənada kütləvi informasiya vasitələrinin sözügedən mübarizədə yaxından iştirakına böyük ehtiyac vardır.

Tədbirdə Audiovizual Şuranın sədri İsmət Səttarov cari ilin yanvar-iyun ayları ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərə dair aparılan monitorinqin nəticələri barədə məlumat vermiş, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Vüqar Əliyev, Milli Məclisin deputatı, Azərbaycan qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov,Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, İctimai Televiziyanın baş direktoru Balakişi Qasımov, "Xəzər TV MMC"-nin baş direktoru Murad Dadaşov, "Azad Azərbaycan Teleradio Yayım Şirkəti"nin rəhbəri Azər Xəlilov qeyd edilən tövsiyələri nəzərə alaraq, narkomanlığın cəmiyyətə və insan sağlamlığına ziyanı barədə kütləvi informasiya vasitələri tərəfindən daha da geniş işıqlandırılmasının əhəmiyyəti barədə çıxış etmişlər.

Görüşün yekunu olaraq, effektiv və təsirli yeni sosial çarxların hazırlanaraq kütləvi informasiya vasitələri geniş işıqlandırılması, antinarkotik təbliğatın aparılmasında onlayn medianın və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməsi, psixoaktiv maddələrdən istifadənin risk amilləri, insan sağlamlığına zərərli təsiri və problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin təşkil edilməsinin davam etdirilməsi və o cümlədən aidiyyəti dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da gücləndirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilmiş və qərarlar qəbul edilmişdir.

 




Baxılıb: 2180