Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzusunda tədbir keçirilib

 Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, “Azərbaycan Televiziyası və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq oktyabrın 26-da Şirvan şəhərində “Gələcəyimizi ağ ölümdən xilas edək!” mövzusunda tədbir keçirilib.

 YAP Şirvan şəhər təşkilatının inzibati binasında baş tutan tədbirdə Şirvan şəhəri, Biləsuvar, Hacıqabul, Neftçala və Salyan rayonlarını təmsil edən fəal gənclər iştirak ediblər.

 Əvvəlcə Şirvan şəhər Şəhidlər xiyabanı ziyarət edilərək qəhrəman Vətən övladlarının xatirəsi hörmətlə anılıb, məzarları üzərinə tər güllər düzülüb.

 Sonra tədbir iştirakçıları YAP Şirvan şəhər təşkilatının inzibati binasındakı Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsini dərin hörmət və ehtiramla anıblar.

  Tədbirdə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

  YAP Şirvan şəhər təşkilatının sədri Zahir Qəhrəmanov, YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva, Şirvan şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov, Milli Məclisin Səhiyyə komitəsinin üzvü Müşfiq Məmmədli, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev, Dövlət Təhlükəsizliyi Xidmətinin Şirvan şəhər şöbəsinin rəisi Mehman Qasımov, Şirvan şəhər Polis şöbəsinin rəisi, polis polkovniki Fizuli Əhmədov və Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin şöbə müdiri, həkim-narkoloq Vüsal Cabbarov çıxış ediblər.

  Çıxışlarda vurğulanıb ki, sağlam cəmiyyətin formalaşması üçün narkomaniya ilə mübarizə mühüm əhəmiyyətə malikdir. Bu istiqamətdə əsas məqsəd yeniyetmə və gənclərin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaq və  maarifləndirmə işini lazımi səviyyədə aparmaqdır. Diqqətə çatdırılıb ki, narkomanlığa və narkotiklərə qarşı effektiv mübarizə aparan ölkələrdən biri də Azərbaycandır. Ölkəmizdə bu istiqamətdə atılan addımlar, həyata keçirilən mübarizə tədbirləri nəticəsində mühüm uğurlar əldə olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nda məhz maarifləndirmə məsələlərinə xüsusi yer verildiyi qeyd edilib.

  Sonra tədbir iştirakçılarının sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.

  Tədbir iştirakçılarına narkomaniya ilə mübarizənin təbliği məqsədilə Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hazırlanmış əyani vəsaitlər paylanıb.




Baxılıb: 791