Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar ayının yekununa dair məlumat

  Сari ilin yanvar ayı ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqaisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir. 

  Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1098 cinayət faktı aşkarlanmışdır. Onlardan 316-sı narkotik vasitələrin qanunsuz satışı, 782-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə  bağlı olmuşdur.

  Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş  831 kq 021,607 qr narkotik vasitələrin və psixotrop maddələrin 86 kq 213,9 qr-nı heroin, 681 kq 712,79 qr-nı marixuana, 16 kq 104,876 qr-nı tiryək, 22 kq 833,55 qr-nı həşiş, 23 kq 078,491 qr-nı psixotrop maddələr, 1 kq 078,255 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 690 ədəd həb metadon, 69,2 qr  güclü təsir edən maddə qanunsuz dövriyyədən götürülmüşdür.

  2024-cü ilin yanvar ayrı ərzində qanunsuz dövriyyədən götürülmüş 831 kq 021,607qr narkotik vasitələrin vəpsixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 476 min  AZN kimi qiymətləndirilir.

  Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 29 fakt aşkar edilmiş həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 422 kq 862,838 qr və 690 ədəd həb metadon müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr çıxarılmışdır.

  Ümumilikdə, aşkar edilmiş cinayətlərin 27-si qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 187 kq 290,6 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.       

  109 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 133 kq 013,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

  Təhlil göstərir ki, 2023-cü ilin yanvar ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 36, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, digər növ cinayət faktların sayı 8, qrup halında olan cinayətlərin sayı 5 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 170 nəfər azalmışdır.

  Aşkar edilən ümumi faktların sayı 48 fakt, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 2 fakt, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların cayı 98 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 156 kq 261,318 qr artmışdır.

  Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatına əsasənhesabat dövründə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 6847 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 162 nəfərdən 124 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

  Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 1 ay ərzində İİV-ə 108 nəfər yoluxmuşdur. Onlardan 106 nəfəri Azərbaycan vətəndaşları, 2 nəfəri isə əcnəbilər olmuşdur. Azərbaycan vətəndaşları arasında 8 nəfəri  (7,5%-i) İnyekson Narkotik İstifadəçiləri olmuşdur.

  “802”  qaynar xətt  telefon  zəng  xidmətinə 44 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 14-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 17-si narkotik asılılıqdan müalicə, 13-ü isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 31 məktub ünvanlanmışdır.

  Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

 

 Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu




Baxılıb: 811