Şamaxıda keçirilən düşərgədə gənclər narkotik vasitələrdən istifadənin risk amilləri barədə məlumatlandırılıb

Dövlət Komissiyasının İşçi Qrupu və Gənclər Fondu arasında antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə imzalanmış birgə Tədbirlər Planına müvafiq olaraq, fevralın 23-dən 26-dək “İnternat Məzunlarının Sosial İnteqrasiyası” İctimai Birliyinin Şamaxı rayonunda təşkil etdiyi qış düşərgəsində iştirak edən valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün və inteqrasiya təlimli internat məktəblərindən məzun olmağa hazırlaşan şagirdlər arasında təlim keçirilib.

Təlimdə Dövlət Komissiyasının İşçi Qrupunun məsul əməkdaşları çıxış edərək gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi, narkomanlığa qarşı mübarizə üsulları barədə geniş məlumat verib və iştirakçıları maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Eyni zamanda, Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotroplar maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları düşərgə iştirakçılarına təqdim edilib.




Baxılıb: 1014