Göyçay gəncləri üçün “Zərərli vərdişlərə yox deyək!” adlı təlim keçirilib.

Azərbaycan Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində “Zərərli vərdişlərə yox deyək” adlı növbəti təlim Göyçayda təşkil edilmişdir.

Tədbirin açılış günü Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev, Göyçay rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə müavini Zivər Zeynalova, Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun məsul əməkdaşı Şahin İsmayılov, müəllim və şagirdlər, qazilər və digər ictimaiyyət nümayəndələri iştirak edirdilər.

13-16 iyul tarixlərində təşkil edilən təlim zamanı gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik maddələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, gənclərin asudə vaxtlarının səmərəli təşkili, “802” qaynar xəttin fəaliyyət istiqaməti və digər məsələlər barədə ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Bununla yanaşı ucqar kənd gənclərinə "Gənclər siyasəti və dövlətçilik", "Peşə seçimi və karyera", "Sağlam və təhlükəsiz həyat" mövzularında təlim sessiyaları, robototexnika və incəsənət sahələrində masterklaslar təşkil olunub, həmçinin vətənpərvərlik, karyera və rəqəmsal alətlərdən istifadəyə dair peşəkar şəxslərlə görüşlər keçirilmişdir. Səyyar Gənclər Xidməti layihəsi çərçivəsində Göyçay rayonunun 10 kəndi üzrə 400 məktəblinin iştirakı ilə növbəti təlimlərin 17-18 iyul tarixlərində keçirilməsi nəzərdə tutulur.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən  İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı zəruri təbliğat materialları  gənclərə təqdim edilmişdir.

 




Baxılıb: 869