Həyatını narkotiklərə qurban vermə!

Dövlət siyasətinin prioritet istiqamətlərindən olan narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri ölkəmizdə həyata keçirilməkdə daha intensiv xarakter almışdır.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığına uyğun olaraq, narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində müstəsna əhəmiyyəti olan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair  2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsinə nəzarət və onun icrası zamanı işlərin müvafiq orqanlarla əlaqələndirilməsi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daim diqqət mərkəzində saxlanılmışdır.

Belə ki, 2024-cü il may ayının 24-də aidiyyəti nazirlik, komitə və digər təşkilatlar tərəfindən görülmüş işlərin müzakirəsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetində Komissiyanın növbəti iclası keçirilib. İclasda qarşıda duran vəzifələrin icrası, narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısının alınması sahəsində, reabiltasiya mərkəzinin yaradılması, narkoloji xidmətin kefiyyətinin və kadr potensialının yaxşılaşdırılması, narkomanlığın xüsusilə geniş yayıldığı şəhər və rayonlarda narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizənin gücləndirilməsi və digər zəruri tədbirlərin icra edilməsi istiqamətində aidiyyəti qurumlar qarşısında konkret vəzifələrin qoyulmasına dair müvafiq qərar qəbul edilmişdir.

Eyni zamanda, cari il ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə çərçivəsində kütləvi informasiya vasitələri tərəfindən həyata keçirilən tədbirlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetində növbəti görüş keçirilmişdir. Görüşdə narkomanlığa qarşı təbliğat işinin aparılmasında onlayn medianın və sosial şəbəkələrin imkanlarından geniş istifadə edilməsi, problemin mahiyyətini ifadə edən xüsusi verilişlərin davamlılığının təmin edilməsi və sayının artırılması, o cümlədən həmin verilişlərə həkim-narkoloqların cəlb edilməsi, aidiyyəti dövlət qurumları ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın daha da gücləndirilməsi, həmçinin qeyri-hökumət təşkilatlarına ayrılan qrant layihələr hesabına effektiv və təsirli yeni sosial çarxların hazırlanması, onların kütləvi informasiya vasitələrində geniş işıqlandırılması ilə əlaqədar müvafiq tövsiyələr verilmiş və qərarlar qəbul edilmişdir.

Bundan əlavə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə “Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası” hazırlanmış və təsdiq edilmişdir.

Həmçinin narkotik vasitələrin və psixotrop maddələrin xüsusilə külli miqdarlarının, habelə qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin xüsusilə külli miqdarlarının müəyyən edilməsinə zərurət yarandığından beynəlxalq təcrübə nəzərə alınmaqla qanun layihələrinin hazırlanması təmin edilmiş və  müvafiq qanunlarla təsdiq edilmişdir. Nəticədə milli qanunvericilikdə ilk dəfə olaraq narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının, qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin və güclü təsir edən maddələrin xüsusilə külli miqdarlarının müəyyən olunması təmin edilmişdir.

Eyni zamanda, müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının məhv edilməsi işinin təkmilləşdirilməsi, respublikanın rayon və şəhərlərində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı fəaliyyətin səmərəliliyinin artırılması, Dövlət Komissiyasının səlahiyyətlərinin daha dəqiq müəyyən edilməsi məqsədilə müvafiq qanun layihəsi hazırlanmış və qəbul edilmişdir. Habelə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növləri, vəzifələri üzrə əmək müqaviləsi bağlanılarkən narkoloji mərkəzlərdə və ya dispanserlərdə qeydiyyatla bağlı arayışın tələb olunması və  bu hallarla bağlı inzibati məsuliyyətin müəyyən edilməsinə dair “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi”, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi” barədə Azərbaycan Respublikası Qanun layihələrinin hazırlanması təmin edilmişdir. Adı çəkilən Qanun və Fərman layihələri hazırda razılaşdırılma mərhələsindədir.

Belə ki, daxili işlər, gömrük, sərhəd, təhlükəsizlik orqanları tərəfindən müasir telekommunikasiya və informasiya vasitələrinin imkanlarından istifadə etməklə narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə işi gücləndirilmiş, müxtəlif marşurutlar ilə narkotiklərin qaçaqmalçılıq yolu ilə daşınması hallarının aşkarlanması üzrə bir sıra qabaqlayıcı profilaktik və əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülmüşdür. 2024 ilin yanvar-iyun ayları ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5675 cinayət faktı aşkarlanmışdır. Onlardan 1734-ü narkotik vasitələrin qanunsuz satışı, 3822-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 116-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü isə digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 722 kq 642,725 qr narkotik vasitələrin və psixotrop maddələr 2 ton 931 kq 754,672 qr-nı marixuana, 431 kq 354,395 qr-nı heroin, 94 kq 096,434 qr-nı tiryək, 27 kq 564,001 qr-nı həşiş, 131 kq 365,203 qr-nı psixotrop maddələr, 106 kq 508,02 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 13.560 ədəd metadon, 6251 ədəd çətənə kolu, 502,4 qr və 2 ədəd güclü təsir edən və 2 kq 174,5 qr zəhərli maddə qanunsuz dövriyyədən götürülmüşdür.


Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 16-17 aprel tarixlərində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60189 ədəd həb metadon, 58773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3477 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon,  4 ampula, 81,446 qram güclü təsiredici maddə, eyni zamanda cari ilin 22 iyul tarixində Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kq 293,151 qr müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv edilmişdir.

Həmçinin 27 şəhər və rayonda qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmiş 1172 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılmış 20 kq 840,742 qr müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 188 ədəd çətənə bitkisi şəhər və rayon komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilmişdir. Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 648 hektar sahədən 2.083.830 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 3881 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək 1 nəfər, 18-25 yaşadək  295 nəfər, 26-29 yaşadək 621   nəfər, 30 yaş və ondan yuxarı isə 2964 nəfər təşkil edir. Həmin şəxslərdən 3758-i kişi, 123-ü qadın olmuşdur. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 38 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 38 xarici ölkə vətəndaşından 16-sı İran İslam Respublikası, 7-si Rusiya, 9-u Türkiyə, 4-ü Gürcüstan, 1-i Özbəkistan, 1-i Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 103 kq 676,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür. Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 117 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 089 kq 886,725 qr narkotik vasitə və psixotrop maddə, 13.560 ədəd metadon həbi çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 169-u qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 121 kq 645,6 qr narkotik vasitə, psixotrop maddə müsadirə edilmişdir. 1509 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 226 kq 906,8 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Təhlil göstərir ki, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 206, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 314, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 50, digər növ cinayət faktların sayı 26, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 25 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 900 kq 385,302 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 396 nəfər azalmışdır.    

Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 184 fakt, qrup halında olan cinayətlərin sayı isə 34 fakt artmışdır.

2023-cü ilin 6 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çxarılmış güclü təsirə malik  narkotik vasitələrin, o cümlədən heroinin çəkisi 1 ton 086 kq 296,559 qr (71,6%), tiryəkin çəkisi 89 kq 016,827 qr (48,6 %), həşişin çəkisi 23 kq 321,901 qr (5,8%), psixotrop maddələrin çəkisi 115 kq 642,704 qr (46,8%) azalmışdır. Hesabat dövründə müsadirə edilmiş 3 ton 722 kq-dan artıq müxtəlif növ narkotik vasitələrin 2 ton 931 kq-nı (78,7%) marixuana təşkil etmişdir. Onun da 2 ton 482 kq-ı (82%) xarici ölkə mənşəli olmuş, 449 kq-ı (18%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, həyətyanı sahələrdə, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 3 ton 722 kq 642,725 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 101 milyon 013 min AZN kimi qiymətləndirilir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 41932 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1359 nəfərdən 907 nəfəri istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilmişdir.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə  narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 6 ay ərzində İİV-ə 736 nəfər yoluxmuşdur. Onlardan 723 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olmuşdur. Azərbaycan vətəndaşları arasında 33nəfəri  (5,4%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.

Cari ilin yanvar-iyun ayları ərzində “802” qaynar xətt  telefon zəng xidmətinə 698 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 70-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 76-sı narkotik asılılıqdan müalicə, 552-si isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 146 məktub ünvanlanmışdır.

Azərbaycan Respublikası Baş nazirinin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədovun müvafiq göstəriş və tapşırıqlarına əsasən Dövlət Komissiyasının İşçi qrupu narkotik vasitələrin qanunsuz döviryyəsinə və narkomanlığın yayılmasına qarşı mübarizə sahəsində fəaliyyət göstərən qurumların əlaqələndirməsini təşkil etməklə, maarifləndirmə sahəsinə xüsusi önəm vermiş, həmçinin antinarkotik təbliğat işlinin daha da gücləndirilməsi məqsədilə zəruri tədbirlər görülmüşdür.

Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Dövlət Komissiyasının İşçi Qrupu ilə imzaladığı tədbirlər planına uyğun olaraq cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər arasında antinarkotik təbliğat işinin gücləndirilməsi və penitensiar müəssisələrin əməkdaşları üçün təlimlərin keçirilməsi məqsədilə 10 maarifləndirmə tədbiri həyata keçirilmişdir.

Eyni zamanda Azərbaycan Respublikası Gənclər Fondu ilə imzalanmış birgə Tədbirlər Planına əsasən antinarkotik təbliğat işinin gücləndirilməsi məqsədilə gənclər təşkilatlarının nümayəndələrinə və könüllülərinə təlimlər keçirilmişdir. Habelə, Gənclər Fondunun təşkilatçılığı ilə cari ilin 06 iyul tarixindən etibarən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində 11 şəhər və rayonun 102 kəndi üzrə 4680 məktəblinin iştirakı ilə “Gənclər siyasəti və dövlətçilik”, “Zərərli vərdişlərə yox deyək”, “Peşə seçimi və karyera” və “Sağlam və təhlükəsiz həyat” mövzularında təlim sessiyaları keçirilməkdədir. Bununla yanaşı, tələbələrin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə Şamaxı rayonunda təşkil edilən “Yay Fest”də iştirak edən gənclər arasında təlim keçirilmişdir.

Bundan əlavə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Dövlət Komissiyasının İşçi Qrupunun birgə təşkilatçılığı ilə narkotik asılılıq probleminə dair biliklərin, bacarıqların və peşəkarlıq səviyyəsinin artırılması məqsədilə regional mədəniyyət idarələrinə tabeli müəssisələrin mütəxəssisləri, Lənkəran, Biləsuvar, Salyan, Masallı, Cəlilabad şəhər və rayonları üzrə mədəniyyət müəssisələrinin gənclərlə işləyən mütəxəssisləri üçün təlimlər keçirilmişdir.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC və Dövlət Komissiyasının İşçi Qrupu arasında imzalanmış tədbirlər planına müvafiq olaraq Naxçıvan şəhərində “Sağlam həyat tərzi etibarlı gələcəyin təminatıdır”,  Xızı rayonunda “Cəmiyyəti təhdid edən bəlaya qarşı birgə mübarizə aparaq!”, Ağdaş rayonunda “Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək”, Göygöl rayonunda “Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri”, Şabran rayonunda “Həyat dəyərlidir, onu narkotikə qurban vermə!” mövzularında tədbirlər, Nərimanov rayonunda isə “Sağlamlıq naminə mübarizədə bizdən biri ol” devizi altında qaçış idman növü üzrə marafon təşkil edilmişdir.

Həmçinin “Narkotik asılılıq və onun fəsadları” mövzusunda Bakı Dövlət Universitetində, Fövqəladə Hallar Nazirliyinin Akademiyasında, Azərbaycan Dövlət İqtisad Universitetində, Bakı Musiqi Akademiyasında, Bakı Ali Neft Məktəbində, Bakı Avrasiya Kollecində, İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində maarifləndirmə xarakterli tədbirlər təşkil edilmişdir. 

3 may 2024-cü il tarixdə Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə "İctimai proseslər media müstəvisində" mövzusunda keçirilən Forum çərçivəsində  "Narkomanlığa qarşı mübarizədə mediadan düzgün istifadə" adlı panel sessiya təşkil edilmişdir. Narkomanlığa qarşı mübarizə mövzusunun ümumölkə televiziya kanallarında işıqlandırılmasının monitorinqini həyata keçirmiş, İşçi Qrupu tərəfindən təqdim olunan sosial çarxların televiziya kanalları vasitəsilə cari ilin 6 ayı ərzində ümumilikdə 17 min dəfədən çox yayımlanması, televiziya kanallarında ekspertlərin iştirakı ilə 108 xüsusi verilişin təşkil edilməsi, narkomanlığın zərəri ilə bağlı müəllif sujetlərinin hazırlanması təmin edilmişdir.

2024-cü ilin yanvar-iyul ayları ərzində narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bununla bağlı yaranan problemlər haqqında vətəndaşlar arasında maarifləndirmə işinin daha səmərəli təşkili məqsədilə 1500-dən çox maarifləndirici materialın dərc olunmasını təmin etmişdir.

Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədrinin müvafiq göstərişlərinə əsasən, 26 iyun-“Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən aidiyyəti qurumlar ilə birlikdə tədbirlər həyata keçirilmişdir:

Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində müvafiq mətnli SMS bildirişin (DK İsci Qrup: Narkotiklər haqqında həqiqəti öyrənək və birlikdə mübarizə aparaq! www.nmdk.gov.az, Qaynar xətt: 802) ölkə üzrə fəaliyyət göstərən “Azercell”, “Bakcell” və "Azərfon" mobil rabitə operatorları tərəfindən mərhələli qaydada 6 gün ərzində təqribən 9 milyon 494 min 390 abunəçiyə göndərilməsi təmin edilmiş;

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı, “Azərbaycan Televiziya və Radio Verlişləri” QSC arasında imzalanmış tədbirlər planının 10-cu bəndinə müvafiq olaraq, Ağdaş rayonunda “Sağlam həyat tərzi, sağlam düşüncə, uğurlu gələcək” mövzusunda, Göygöl rayonunda “Zərərli vərdişlərin gənc nəslin tərbiyəsinə, mənəviyyatına mənfi təsirləri” mövzusunda təlimlər keçirilmiş;

Tədbirlər planının 11-ci bəndinə müvafiq olaraq, antinarkotik təbliğat işlərinin sosial şəbəkələr üzərindən aparılması məqsədilə sosial şəbəkələrdə “Narkotiklərə birgə yox deyək!” devizli  aksiyaya start verilib və #Narkomaniyayason #StopNarkomaniya həştəqləri ilə “X”, “Facebook” və “İnstagram” sosial platformalarında poster və video, həmçinin müxtəlif maarifləndirici materiallar paylaşılıb və bütövlükdə iyunun 26-dək davam edən aksiya çərçivəsində sosial şəbəkələrin bütün seqmentlərində 44 mindən artıq paylaşım edilib;

Azərbaycan Gənclər Fondu ilə imzalanmış tədbirlər planının 7-ci bəndinə müvafiq olaraq, narkotik asılılıq və onun formalaşma mərhələlərinə dair biliklərin artırılması məqsədilə gənclər təşkilatlarının könüllüləri üçün “Globus Center”də tədbir təşkil edilmiş;

Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə imzalanmış tədbirlər planının 15-ci bəndinə müvafiq olaraq, valideyn-övlad münasibətlərinin uşaqların sosial və duyğusal inkişafında mühüm rol oynadığını nəzərə alaraq “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya yox deyək”, “Narkomaniya bəşəriyyətin bəlasıdır” və sair mövzularda valideynlər üçün maarifləndirici seminarlar keçirilmiş;

tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə ali, orta ixtisas və peşə təhsili müəssisələrində “Biz narkotikə yox deyirik”, “Sən hədəf deyilsən”, “Yeniyetmələr arasında zərərli vərdişlər”  mövzularında seminarlar və ictimai mühazirələr təşkil edilmiş;

Dövlət Komissiyasının 2023-cü ilə dair İş Planının 26-cı bəndinə müvafiq olaraq, Bakı şəhərinin Binəqədi, Sabunçu, Qaradağ, Nərimanov, Nəsimi respublikanın Sumqayıt, Şirvan, Abşeron, Beyləqan, Balakən, Göygöl, Qusar şəhər və rayon icra hakimiyyətlərində fəaliyyət göstərən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə komissiyalar ilə birlikdə aidiyyəti qurumları və vətəndaş cəmiyyəti institutları cəlb edilməklə tədbirlər keçirilmiş;

cari ilin 20 iyun tarixindən etibarən (10 gün müddətində) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin 16 küçə və prospektində mövcud olan elektron informasiya tablolarında “Narkomanlığa birlikdə yox deyək” şüarının nümayişi təmin olunmuş (sosial layihənin növbəti aylarda da müəyyən müddət ərzində nümayişi nəzərdə tutulur);

maarifləndirici videoçarxlar Bakı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərində mövcud olan elektron reklam lövhələrində, “Bakı Beynəlxalq Avtovağzal Kompleksi”nin və Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinin məlumat monitorlarında nümayiş olunmuş;

narkomanlıqla mübarizə sahəsində ictimai maarifləndirmə tədbirlərini gücləndirmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış maarifləndirici bukletlər, yaddaş kitabçaları əhali arasında paylanılıb, müəyyən izahatlar verilmiş;

Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış video çarxlar televiziya kanallarının efirlərində ümumilikdə 2077 dəfə yayımlanmış və narkomanlığa qarşı mübarizə mövzusunda ümumilikdə 11 veriliş hazırlanmış;

həyata keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə geniş işıqlandırılmasını təmin edilmişdir.

Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 68 tədbir (48 maarifləndirici və təşkilati tədbir, 11 təlim, 6 sosial layihə, 1 marafon və televiziya kanalında 2 verilişdə iştirak) təşkil edilmişdir.

“Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində şəhər və rayonlarda məktəblilər üçün təlimlərin, narkomaniya ilə bağlı sosioloji tədqiqatın aparılması məqsədilə onlayn şəkildə sorğunun, ümumi təyinatlı internat tipli ümumtəhsil məktəblərdə olan, valideyn himayəsindən məhrum olmuş uşaqların narkomanlıq və onun fəsadları barədə məlumatlılıq məqsədi ilə düşərgələrin təşkili, intellektual müsabiqələrin keçirilməsi nəzərdə tutulmuş, eyni zamanda "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illəri əhatə edən Dövlət Proqramı"nın layihəsi hazırlanma prosesindədir.

Fəqan Şahverdiyev,
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə
Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyat göstərən İşçi Qrupunun rəhbəri

 




Baxılıb: 255