Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-oktyabr aylarının yekununa dair məlumat

2024-cü ilin yanvar-oktyabr ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilmişdir. 

Hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 8108 cinayət faktı aşkarlanmışdır. Onlardan 2577-si narkotik vasitələrin qanunsuz satışı, 5299-u narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 226-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 6-sı isə digər cinayətlərlə bağlı olmuşdur.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 6 ton 061 kq 819,096 qr narkotik vasitələrin və psixotrop maddələrin 512 kq 164,959 qr-nı heroin, 5 ton 008 kq 382,751 qr-nı marixuana, 154 kq 257,47 qr-nı tiryək, 38 kq 852,443 qr-nı həşiş, 191 kq 744,959 qr-nı psixotrop maddələr, 156 kq 416,514 qr-nı digər narkotik vasitələr təşkil etmişdir. Həmçinin göstərilən dövr ərzində 37317 ədəd metadon, 15272 ədəd çətənə kolu, 44 qr və 240 ədəd həb güclü təsir edən maddə, 10 qr prekursor qanunsuz dövriyyədən götürülmüşdür.

Hesabat dövründə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1439,6 hektar sahədən 2.864.953 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilmişdir.

Qanunsuz dövriyyədən çıxarılmış 6 ton 061 kq 819,096 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 145 milyon 389 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 6247 nəfər cəlb edilmiş, onlardan 16-18 yaşadək-1 nəfər,18-25 yaşadək 465 nəfər, 26-29 yaşadək 946 nəfər, 30 yaş və ondan yuxarı isə 4835 nəfər təşkil edir. Həmin şəxslərdən 6066-ı kişi, 181-i qadın olmuşdur.

Məsuliyyətə cəlb edilmiş 56 xarici ölkə vətəndaşından ümumilikdə 201 kq 615,722 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülmüşdür.

Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 219 fakt aşkar edilmiş, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 2 ton 254 kq 607,596 qr narkotik vasitə və psixotrop maddə, 37317 ədəd metadon həbi, 1710 ədəd və 44 qr güclü təsir edən maddə çıxarılmışdır.

Ümumilikdə, aşkar edilmiş cinayətlərin 280-i qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 2 ton 133 kq 174,251 qr və 13220 ədəd metadon həbi narkotik vasitə, psixotrop maddə və 85,3 qr güclü təsir edən maddə müsadirə edilmişdir.

2653 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 809 kq 573,4 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilmişdir.

Ötən ilin yanvar-oktyabr ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövriərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 1184, narkotiklərin qanunsuz satışı ilə bağlı faktların sayı 482, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 611, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 67, digər növ cinayət faktların sayı 24, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 24 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 479 kq 781,116 qr, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 843 nəfər azalmışdır. Bununla yanaşı, qrup halında olan cinayətlərin sayı 9 fakt artmışdır.

2023-cü ilin 10 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin o, cümlədən heroinin çəkisi 1 ton 371 kq 953,4"5 qr(72,8%), tiryəkin çəkisi 102 kq 294,165 qr (39,9%), həşişin çəkisi 14 kq 601,551 qr (27,3%), kokainin çəkisi 750,831 qr (100%), psixotrop maddələrin çəkisi 196 kq 742,687 qr (50,7%) azalmışdır.

Müsadirə edilmiş müxtəlif növ narkotik vasitələrin 5 ton 008 kq 382,751 qr-nı (82,6%) marixuana təşkil etmişdir. Onun da 4 ton 360 kq-ı (87%) tərkibi maddələrlə zənginləşdirilmiş xarici ölkə mənşəli olmuşdur. 648 kq (13%) isə iqlim şəraitinə uyğun olaraq ölkə ərazisində, istixanalarda, zirzəmilərdə, meşə ovalıqlarında və çay yataqlarında qanunsuz kultivasiya edilmişdir.

Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə cari ilin 16-17 aprel tarixlərində Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kq müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60189 ədəd həb metadon, 58773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3477 ədəd həb, 19341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsir edən maddə, eyni zamanda cari ilin 22 iyul tarixində Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kq 293,151 qr müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv edilməsi təmin olunmuşdur.

Həmçinin 39 rayon və şəhərdə qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmş 1719 hökm və qərar üzrə müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən çətənə bitkisi rayon və şəhər komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilmişdir.  

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 74625 nəfər istiqamətləndirilmişdir. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 2545 nəfərdən 1635 nəfərinin istifadəçi olması müəyyən olunmuş və bununla bağlı zəruri  tədbirlərin  görülməsi  təmin  edilmişdir.

Hazırda metadonla əvəzedici müalicə proqramı üzrə 3 məntəqədə (Respublika Narkoloji Mərkəzində 331, QİÇS-lə Mübarizə Mərkəzində 386, Sumqayıt Narkoloji Mərkəzində 149 nəfər) 866  xəstə müalicə alır.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Cari ilin oktyabr ayının sonuna kimi İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 58 nəfəri (5,7%-i) inyekson narkotik istifadəçiləri olmuşdur.

Cari ilin yanvar-oktyabr ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1542 vətəndaş müraciəti daxil olmuşdur ki, onların 139-u narkotik vasitələrin qanunsuz dövriyyəsi, 108-i narkotik asılılıqdan müalicə, 1295-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olmuşdur. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 247 məktub ünvanlanmışdır.

802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülmüş, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilmişdir.

Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi Qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 147 tədbir (69 maarifləndirici və təşkilati tədbir, 66 təlim, 6 sosial layihə, 1 intelektual müsabiqə, 1 marafon və televiziya kanalında 4 verilişdə iştirak) təşkil edilmişdir.

 

Narkomanlığa və Narkotik  Vasitələrin  Qanunsuz  Dövriyyəsinə  Qarşı Mübarizə  üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu




Baxılıb: 421