Lənkəran Gənclər Evində tələbələr arasında intellektual müsabiqə keçirilmişdir.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın Tədbirlər Planının 4.4.25-ci yarımbəndinin icrası ilə bağlı, tələbələrin antinarkotik dünyagörüşünün formalaşdırılması məqsədilə Gənclər və İdman Nazirliyinin və Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun birgə təşkilatçılığı ilə cari ilin 12 dekabr tarixində Lənkəran Gənclər Evində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı intellektual müsabiqə təşkil edilmişdir.

Müsabiqədə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun baş məsləhətçisi, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin İctimai inkişaf sektorunun aparıcı məsləhətçisi, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin həkim-psixoloqu çıxış edərək, gənclərin narkotik asılılıq probleminə dair biliklərinin artırılması məqsədilə narkotik vasitələrdən istifadənin risk amilləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri, narkotik asılılığın formalaşma mərhələləri, antinarkotik təbliğatın vacibliyi və narkomanlığa qarşı mübarizə üsulları barədə təqdimat formatında interaktiv təlim təşkil edilmişdir.

Təlimin nəticəsi olaraq, intellektual müsabiqə təşkil edilməsi üçün tələbələrin iştirakı ilə hər komanda üzrə 5 nəfər olmaqla 6 komanda formalaşdırılıb və 3 mərhələdən ibarət suallar təqdim olunmuşdur. Maraqlı mübarizə şəraitində keçən müsabiqədə "Zirvə", "Alfa", "Seçilmişlər", "İstiqlal", "Mübarizə ruhu" və "Xəmsə" adlı komandaları mübarizə aparmış və "Zirvə" komandası qalib olmuşdur.

Sonda qaliblər Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun və Gənclər və İdman Nazirliyinin birgə hazırladığı diplomlarla mükafatlandırılmış, həmçinin digər iştirakçılara sertifikatlar təqdim edilmişdir.




Baxılıb: 120