“Gənclərin səsi: Narkotiklərə Yox!” adlı maarifləndirici tədbir keçirilib

25 sentyabr 2025-ci il, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə “Gənclərin səsi: Narkotiklərə Yox!” adlı genişmiqyaslı maarifləndirici tədbir keçirilib.

Bakues.az xəbər verir ki, tədbirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təbliği, narkotik vasitələrin zərərləri barədə maarifləndirmə işlərinin gücləndirilməsi və ictimaiyyətin diqqətini bu məsələyə yönəltmək olub.

Proqram çərçivəsində əvvəlcə “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyin baş katibi Aysel Tahirova açılış nitqi ilə çıxış edərək gənclərin narkomaniyaya qarşı mübarizədə fəal rolunun vacibliyini vurğulayıb. Daha sonra təşkilatın təşəbbüsü ilə hazırlanmış sosial çarx nümayiş olunub. Tədbir panel müzakirə və təlim formatında davam edib.

Paneldə Milli Məclisin deputatları Vüqar İskəndərov və Samir Vəliyev, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Rafiq Mahmudov, Dövlət Gömrük Komitəsinin şöbə rəisi Elmir Şirinov, Ədliyyə Nazirliyinin Bioloji ekspertizalar şöbəsinin rəisi Səbinə Qədirova, Gənclər və İdman Nazirliyinin aparıcı məsləhətçisi Zeynəddin Azaqov və Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli gənclərin narkomaniyadan qorunması istiqamətində görülən işlər və gələcək perspektivlər barədə çıxış ediblər.

Təlimdə isə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun nümayəndəsi Şahin İsmayılov çıxış edərək ölkədə narkotik vasitələrlə bağlı aparılan mübarizə tədbirlərindən, profilaktik işlərdən və gənclərin zərərli vərdişlərdən qorunması istiqamətində dövlət qurumlarının həyata keçirdiyi maarifləndirmə layihələrindən danışdı. O, narkomaniya ilə mübarizədə maarifləndirmənin və ictimai həmrəyliyin xüsusi rolunu vurğuladı.
Təlim çərçivəsində auditoriyaya həyat hekayəsi ilə ilham verən qonaq təqdim olundu.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən yeni üslubda hazırlanmış “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı təbliğat materialları gənclərə təqdim edilmişdir.

 

Tədbirin sonunda “Qeyd-Sosial Maarifləndirmə” İB sədri Tural Nurməmmədov “Gənclərin səsi: Narkotiklərə Yox!” layihəsi çərçivəsində təşkil olunan rəsm sərgisində və sosial çarxda fəallıq göstərən gənclərə Təşəkkürnamələr təqdim edib.

 




Baxılıb: 1437