Bakı Avrasiya Kollecində maarifləndirmə tədbiri keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 8.4.15-ci yarımbəndinə əsasən, tələbələr arasında antinarkotik təbliğatı gücləndirmək məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu və Bakı Avrasiya Kollecinin birgə təşkilatçılığı ilə antinarkomaniya mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Bakı Avrasiya Kollecinin direktor müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun nümayəndəsi, Bakı şəhər Narkoloji Mərkəzin həkim-narkoloqu, müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edənlər narkomaniyanın insan sağlamlığına, psixoloji durumuna və sosial mühitə göstərdiyi mənfi təsirlərdən geniş bəhs ediblər. Gənclərin asudə vaxtlarının səmərəli təşkili, sağlam həyat tərzinin formalaşdırılması və zərərli vərdişlərdən uzaq olmanın vacibliyi ilə bağlı tövsiyələr səsləndirilib. Diskussiya şəklində davam edən tədbirdə təbliğat və maarifləndirmə işlərinin gücləndirilməsi, gənclərin bu sahədə məlumatlılığının artırılması və risk qruplarına qarşı vaxtında profilaktik tədbirlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Sonda Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça müəllim heyətinə, “Narkotiklər haqqında həqiqəti bilin”, “Marixuana haqqında həqiqət” və “Psixotrop maddələr haqqında həqiqət” adlı yeni maarifləndirici materiallar isə tələbələrə təqdim olunub.




Baxılıb: 1466